Qafqaz Universiteti ləğv edildi: tələbələr köçürüləcək

Qafqaz Universiteti Fotonun müəllifi QU.EDU.AZ

Qafqaz Universiteti (QU), təsisçisi olan Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin qərarı əsasında ləğv edilib, rəsmi bəyanatda deyilir.

Universitet bildirib ki, hazırda təhsil alan tələbələrin böyük əksəriyyəti yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələrdir və bu tələbələrin və valideynlərin narahatlığına heç bir səbəb yoxdur.

Təhsil Nazirliyi yaydığı bəyanatda qeyd edib ki, Universitet qış imtahan sessiyasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə yardım istəyib.

Vergilər Nazirliyinin 18 yanvarda çap edilmiş rəsmi "Vergilər" adlı qəzetində QU-nun ləğv olunduğu bildirilib.

Qafqaz Universiteti Azərbaycanda 1993-cü ildən fəaliyyətə başlayıb. 1995-ci ildə dövlət qeydiyyatına alınan ali təhsil ocağı "Çağ Öyrətim İşlətmələri" şirkətinin təhsil kompleksinin ən yüksək pilləsi idi.

2013-cü ildən etibarən Universitetin təsisçisiliyi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə keçib. İctimai Birlik sayılan mərkəzin əsas təsisçisi Dövlət Neft Şirkəti hesab olunur və mərkəz "Çağ Öyrətim İşlətmələri" şirkəti ilə birgə təsisçilik əsasında yaradılıb.

2016-cı ilin iyununda Universitetin türkiyəli rektoru azərbaycanlı Elmar Qasımovla əvəzlənib.

Qafqaz Universitetində hazırda tədris fəaliyyətləri fasiləsiz davam etdirilir, qış imtahan sessiyasının gedişində heç bir problem yoxdur, məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, tələbələrin təhsil hüquqlarının təmin edilməsi, təhsillərini uğurla davam etdirmələri baxımından heç bir problem yaranmayacaq.

Təhsil Nazirliyi isə bildirib ki, Universitet rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb.

Bu səbəbdən Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupu yaradıb.

"İşçi qrupuna Universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb".

Məlumata görə, tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirlməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaq.

Tələbələrin rəyi

BBC Azərbaycancaya danışan keçmiş Qafqaz Universitetinin tələbələri universitetin ləğv edilməsinə fərqli münasibət göstərdilər.

Dövlət və Bələdiyyə İdarəetməsi fakultəsinin 2-ci kurs tələbəsi Toqfiq Ramazanlı hesab edir ki, bu addım universitetin tələbələri üçün müsbət addımdır.

O deyir ki, son zamanlardakı hadisələr tələbələrin təhsilinə təsir edib.

"Bilinirdi ki, bakalavr diplomu Türkiyədə tanınmayacaq. Məncə bundan sonra problemlər həll edilər", o deyir.

Tələbə universitetin ötən ilin yanında dəyişdirilmiş yeni idarəetməsini bəyəndiyini deyir.

Onun sözlərinə görə, rektor dəyişildikdən sonra universitetdə təhsilin keyfiyyəti azalmayıb, əksinə "tələbələrin sosial fəaliyyətində uğurlu addım çox olub".

"Əvvəl futbol meydançası pullu idi, indi pulsuz oldu, tələbə klublarına azadlıq verildi", o davam edir.

Tofiq Ramazanlı bundan sonra hansı universitetin tələbəsi olacağı ilə bağlı bu ayın 25-də rəsmi qərarın veriləcəyini də deyir. O, həmçinin qeyd edir ki, universitet ləğv olunsa da imtahanlar davam edir.

Universitetin Maliyyə Menecmenti fakultəsini magistratura 1 -ci kurs tələbəsi Afət İbadova isə bildirir ki, universitet bağlandığı üçün onlara digər universitetlərə köçürüləcəyini deyiblər.

O hesab edir ki, başqa universitetdə eyni səviyyədə təhsil ala bilməyəcək.

"Ona görə belə hal baş verərsə, magistr təhsilimi burda yarım qoymağı və başqa ölkədə təhsil almağı düşünürəm", Afət qeyd edir.

Bu həftə Azərbaycanda başqa bir ali təhsil müəssisəsi, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətini dayandırıb.

Təhsil Nazirliyi burada təhsil alan tələbələrin də köçürülməsi üçün İşçi Qrup yaradıb, tələbələrin ixtisas və qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacağı və təhsil haqqının artımına yol verilməyəcəyi bildirilib.

Bu barədə daha geniş