Qiymət artımı: "gəlirlər xərcləri ödəmir"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
"Maaşla bazarlıq heç cür uyğun gəlmir"

Bakı sakinləri BBC Azərbaycancanın keçirdiyi sorğuda ərzaq məhsullarının qiymətlərinin bir neçə dəfə artmasından şikayətlənib.

"Çox bahaçılıqdır, dolanışıq çətindir, aldığımız maaşla uyğunlaşa bilmirik, marketə girib ancaq ərzaqlara baxıb çıxırıq, ala bilmirik, dövlət camaata yardım etsin, pis vəziyyətdəyik" - deyən Bakı sakini yağ, pendir, ət, toyuq kimi məhsulların qiymətlərinin artdığını xüsusi qeyd edir.

Təhlilçilər qiymət artımını manatın devalvasiyası və kommunal tariflərin artırılması ilə əlaqələndirir.

Deputat Vahid Əhmədov isə milli valyutanın dəyərinin sabitləşdirilməsinin və idxalın azaldılmasının zəruri olduğunu qeyd edir.

Dövlət Statistika Komitəsi, son açıqladığı rəqəmlərində noyabr ayı ilə müqayisədə dekabr ayında istehlak məhsulları və xidmətlərin qiymətlərinin 1.7-dən 3 faizə artdığını qeyd edib.

2016-ci il üçün illik inflasiya isə 12.4 faiz hesablanıb. Həmin il ərzaq məhsullarının qiymətləri 14,7, qeyri-ərzaq məhsullarının qiymətləri 16,7, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,8 faiz artıb.

BBC Azərbaycancanın paytaxtın dükanlarında apardığı müşahidələr və satıcılarla söhbətdə qiymətlərdə artımın olduğu təsdiqlənib.

Abşeron rayonunda şəxsi ərzaq dükanının satıcısı deyir ki, şirkətlər məhsul gətirərkən insanların tez-tez istifadə etdikləri bəzi məhsulların qiymətlərini fərqli təklif edir.

"Ayda 2-3 dəfə qiymətləri dəyişirlər, bəziləri çox, bəziləri az. Biz də ona uyğun satırıq", adının çəkilməsini istəməyən satıcı qeyd edib.

Nə necə artıb?
Ərzaq İndiki qiyməti (AZN ilə) Əvvəlki qiyməti (AZN ilə)
Qarabaşaq yarması 3.80 2.20
Yumurta 0.18-0.20 0.12-0.16
Şəkər - 1kg 1.40 0.90-1
Supersun yağı 4.80 4.45
1 litr qarğıdalı yağı 4.45- 4.60 3.15
Toyuq 5-6 3-4
250 qr çay 3.48 3.65
Təmizləyici məhsullar
Fax sabunu 3 2.09
1 kq. yuyucu toz 3.20 2.39

Statistika Komitəsi dekabr ayında düyü, un, qarabaşaq yarması, makaron məmulatları, mal, qoyun və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, pendir və yumurta, kərə və bitki yağları, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, alma, armud, heyva, nar, bana, xurma, kivi, portağal, naringi, pomidor, xiyar, kələm, göyərti, çuğundur, kartof, soğan, sarımsağın qiymətlərində bahalaşma olduğunu qeyd edir.

Qeyri-ərzaq məhsulları arasında isə parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, zərgərlik məmulatları, xalça və digər döşəmə örtükləri, ev üçün toxuculuq məmulatları, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, televizor, telefon və fotoaparatlar, kompüterlər, dəftərxana ləvazimatları, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub.

Ödənişli xidmətlərdən isə elektrik enerjisi təchizatı, respublikadan kənara istirahət turları, mənzillərin icarə haqları, məişət cihazları, mebel və ev əşyaları, avtomobillərin təmiri xidmətləri, stomatoloji xidmətlər, bərbərxana və kosmetik xidmətlər, ev və məişət xidmətləri, dəmiryol və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində bahalaşma olub.

Ərzaq qiymətlərinin artma səbəblərindən danışan İqtisadçı Qubad İbadoğlu bir ay ərzində qiymətlərin 1.7 faizdən 3 faizə artmasını əhəmiyyətli fərq hesab edir.

"Ərzaq qiymətlərinin daha sürətlə artması məntiqlidir, çünki noyabrda və dekabrda devalvasiya səviyyəsi də yüksək olub, nəticədə devalvasiya idxal olunan malların manatla satış qiymətlərini artırır."

Qubad İbadoğlu Statistika Komitəsinin rəqəmlərinin gerçək vəziyyəti xarakterizə etmədiyini qeyd edərək, reallığın başqa olduğunu bildirir.

"Bizim alternativ müşahidələrimiz göstəririr ki, Azərbaycanda inflasiya səviyyəsi daha yüksəkdir. Bu artım yanvar ayında da davam edəcək, çünki yanvar ayında kommunal xidmətlərin - elektrik enerjisi qiymətinin bahalaşmasının təsiri daha çox olacaq, bu, əhalinin xərclərini artıracaq. Bundan əlavə, yanvar ayında qazın tariflərində dəyişiklik qüvvəyə minir" - deyə o, Tarif Şurasının elektrik və qazın qiymətlərini differensiallaşdırmasını xatırladır.

"Tarif Şurasının qərarı tək kommunal xidmətlərin qiymətinin deyil, həmçinin o səbəbdən bir çox məhsulların istehsalında xərcləri artıb, xərclərin artımı da özünü qiymətlərin yüksək olmasında göstərir."

Onun sözlərinə görə, ümumilikdə qiymətlər artıma meyllidir.

Təhlilçi 2015-cü ildə 4, 2016-cı ildə isə 12.4 faiz kimi göstərilən inflasiya səviyyəsinin ötən ildə "elan olunandan 2 dəfə yuxarı olduğunu bildirir, - "çünki ərzaqların qiymətləri daha sürətlə bahalaşıb".

Gəlirlər xərcləri ödəmir

Maaş və təqaüdlərə gəldikdə isə Qubad İbadoğlu, inflasiya səbəbilə onların dəyərsizləşdiyini, gəlirlərin xərcləri ödəmədiyini deyir.

"Heç bir artım müşahidə olunmayıb, mən əksini deyim ki, əksinə, maaş və təqaüdlərin verilməsində gecikmələr müşahidə olunub, hətta özəl sektorda əmək haqlarının aşağı endirilməsi prosesi baş verib, özəl sektor öz mövcudiyyətini saxlamaq üçün həm işçilərin sayını ixtisar ediblər, həm də əmək haqqının səviyyəsinin aşağı salıblar."

Qubad İbadoğlu hesab edir ki, vəziyyətdən çıxmaq üçün hökümət yanaşmasını dəyişməlidir.

"Hakimiyyətin yanaşmasınada belədir ki, bütün xərclər əhalinin üstünə yükləsin, yəni əmək haqqını artırmaq istəmir, qiymətlər bahalaşır, manat dəyərdən düşür və bunun yaratdığı xərclər yenə də istehlakçıların üzərində qalır. Ölkədə institusional dəyişiklik edilməli, iqtisadiyyat liberallaşdırılmalı, sahibkarlara azadlıq verilməli, inhisarçılıq aradan qaldırılmalıdır."

"2017-ci ildə də qiymət artımı olacaq"

Deputat Vahid Əhmədov bu il də müəyyən qiymət artımı olacağı barədə təhlilçilərin fikrini təsdiqləyir:

"Milli valyutanın ucuzlaşması prosesi getdiyi üçün, manat stabil olmadığı üçün qiymət artımı baş verəcək. İdxal-ixrac əməliyyatlarında nə qədər ki biz idxaldan asılıyıq, bu proses davam edəcək, ona görə də 2017-ci ildə mən belə hesab edirəm ki, müəyyən qiymət artımı olacaq."

O inflasiyanın müəyyən qədər aşağı ola bilməsi üçün manatın müəyyən qədər stabilləşdiilməsi, tələblə təklifi bərabərləşdiriıməsinə, idxalı azaldıb, ixracın artırılmasına ehtiyac görür.

Cənab Əhmədov maaşların artırılmasınnı vacib hesab edir, çünki "Azərbaycanda inflasiya gedib, maaş sistemində problem var".

"Dövlət büdcəsində maaşların artırılması ilə əlaqədar vəsait nəzərdə tutulub. Dövlət başçısı da bir neçə dəfə, hökümətin son iclasında da qeyd edib ki, maaşlar artılır və yenə də artırılacaq, yəqin ki artırılacaq".

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, həmin dövrdə maaşlar 7, pensiyalar isə 8 faiz artıb və yenə də artmalıdır.

Əlaqəli mövzular