Belarusun Azərbaycandan neft alacağı "şübhə doğurur"

İlham Əliyev və Aleksandr Lukaşenko Fotonun müəllifi president.az
Image caption Ötən il Bakıya səfərində Aleksnad Lukaşen neft məsələsi barədə ehtiyatla danışıb və hətta deyib ki, bu, ölkəlrə arasındakı münasibətlərin əsas mövzusu deyil.

Belarus saytı yazır ki, Minsk Rusiya neftini Azərbaycan nefti ilə əvəz etməyəcək, çünki bu halda ölkəyə onlarca tanker lazım gələ bilərdi. Lakin buradaca qeyd olunur ki, Lukaşenko silah təchizatının müqabilində Bakıdan kredit istəyə bilər.

Alyaksandr Klaskovskinin "Lukaşenkonun Bakı səfəri Moskvanı hirsləndirəcəkmi?" məqaləsi Belarusun "Belorusskiye Novosti" saytında dərc olunub.

Məqalədə deyilir ki, bir çox media qurumları Alyaksandr Lukaşenkonun Azərbaycana səfərini Belarus prezidentinin bu yaxınlarda Moskva səfərindən əliboş qayıtması ilə bağlayırlar. Yazırlar ki, məhz bundan sonra Lukaşenko Rusiya neftinə alternativ axtarmağa başlayıb.

Bəli, belə gözlənilirdi ki, noyabrın 22-də Lukaşenko Vladimir Putinlə üzbəüz söhbətində neft və qaz mübahisəsini həll etməyə çalışacaq. Lakin tərəflərin bu görüşün ardınca hökm sürən mübhəm sükutu söhbətin alınmadığını göstərir.

Amma Bakı səfəri bundan əvvəl planlaşdırılmışdı. Odur ki, bu səfərə Belarusun Moskvaya impulsiv cavabı kimi baxmaq düzgün olmazdı. Həm də Azərbaycan nefti ilə bağlı vəziyyət o qədər də sadə deyil. Hərçənd Moskva ilə neft və qaz müharibəsinin qızışdığı bir vaxtda, yəni payızda Bakıdan bir tanker neft sifariş edilmişdi.

Neft alternativi: "Cəmi" 283 tanker lazımdır

Ümumilikdə, Gürcüstanın Supsa portundan Odessaya 84 min 700 ton neft vurulub. Həmin vaxt, oktyabr ayında bu neft Mozır neftayırma zavoduna Ukrayna ərazisilə dəmiryolu sisternlərində gətirilmişdi.

Bu, o boyda zavod üçün bir ovuc (iki gün yarımlıq iş) neft demək idi. Rusiya ilə bu son mübahisəyədək Belarusun biri Mozırda, digəri Navapolatskda olan iki neftayırma zavodu ayda 1, 9 milyon ton neft emal edirdi. Bu il Belarusun Rusiyadan 24 milyon ton neft alması gözlənilirdi və bu, tam kifayət edərdi. Lakin Moskva üçüncü rübdən qaz borclarının ödənilməməsinə görə cəzalandırma tədbiri kimi Mozır neftayırma zavoduna və Naftaya verdiyi neftin həcmini iki dəfə azaldıb.

Rusiya neftini tamamilə əvəzləmək üçün Belarusa hər il 283 tanker neft almaq lazım gələrdi. Bu isə qətiyyən real görünmür.

Digər tərəfdən tankerlərlə belə təchizatın xərcləri də bahadır. Ukraynanın Odessa-Brodı kəmərindən istifadə etmək daha ucuz başa gələrdi, lakin bu məsələni iki günün içində həll etmək mümkün deyil. Kəmərdən daha böyük həcmlər üçün istifadə sərfəli ola bilər.

Bütün hallarda Xəzər neftinin Odessa-Brodı kəməri ilə daşınması təcrübəsi əvvəllər çox uzun sürməyib və o qədər də uğurlu olmayıb.

2010-cu ildə Minsk Moskva ilə şiddətli mübahisədə olanda, o Ukrayna ilə daha böyük həcm (ilə 4 milyon ton) barəsində razılığa gəlmişdi. Lakin bundan az sonra Belarus hökumətinin Moskva ilə dostlaşıb yeni güzəştli neft sazişi imzalamasının ardınca alternativ variantdan əl çəkilmişdi.

Əliyev niyə güzəştə getsin?

Lakin əsas məsələ bütün bunların təşkili yox, neftin öz qiymətidir. Bu mənada Azərbaycan nefti Rusiya neftinin alternativi sayıla bilməz, deyir Vilnüsdə qeydiyyatdan keçmiş Belarus Strateji Tədqiqatlar İnstitunun təhlilçisi Aleksandr Avtuşka-Sikorski.

"Rusiya neftinin Belarus üçün sərfəliliyi onun dünya neft qiymətləri ilə müqayisədə güzəştli satılmasındadır. Neftin belə güzəştli qiyməti bizim siyasi loyallığımızın sayəsində başa gəlir. Mən Azərbaycanın nə üçün nefti güzəştli qiymətə vermək istəməsinin səbəbini görmürəm" - deyib Avtuşka-Sikorski Naviny.by saytına.

"Azərbaycan nefti bizim üçün "aldım qoz, satdım qoz" dəyərində başa gələrdi. Biz burdan bir az mənfəət götürə bilərdik, amma bu, Ruysiyanın güzəştli qiyməti ilə müqayisəyə gəlməzdi" - deyib ekspert.

Lukaşenko Bakıda noyabrın 28-dəki danışıqları zamanı həmkarı Əliyevə belə bir təklifdə bulunub. Ümumilikdə bu görüş zamanı qonaq sanki kimisə qəzəbləndirməmək üçün ehtiyatla adi neft alış-verişindən danışıb. O hətta deyib ki, bu, Belarus və Azərbaycan arasındakı münasibətlərin və danışıqların əsas mövzusu deyil.

Həmin gün imzalanmış sənədlər arasında da neft məsələlərini vurğuayan bir razılaşma yoxdur.

Pərdə arxasında baş verənlər

Lakin aydındır ki, prezidentlər arasında bütün müzakirələr, ən azı vaxtı gələnədək ictimaiyyətə açıqlanmır.

Əvvəlcə, Moskva qaz borcunu almaq üçün təzyiq göstərəndə, Lukaşenkonun belə tezliklə pulu hardan tapdığı müəmmalı idi. Lakin sonra Belarus lideri sirri açdı: "Mən Əliyevdən xahiş etdim və o bir günün içində, bir gündən də tez mənə 200 milyon borc verdi. Bunun 187 milyonunu biz Rusiyanın Gazprom" şirkətinə ödədik".

İndi Minskin yenə də pula ehtiyacı var, lakin neft qiymətlərinin düşməsi ilə əlaqədar Əliyevin vəziyyəti yaxşı deyil. Amma o, çox ciddi ehtiyacda olan Belarus dostu üçün bir 200 milyon da tapa bilər.

Lakin bunun müqabilində Azərbaycan lideri bir həssas ricada buluna bilər. Bu həssas məsələlərdən biri də Minsk və Bakı arasında hərbi-texniki əməkdaşlıqdır. Dağlıq Qarabağa görə Ermənistanla münaqişədə olan Azərbaycan öz ordusunu gücləndirmək üçün pul əsirgəmir.

Gəncədəki zavod MAZ və MZKT markalı hərbi avtomaşınları yığır. Bu maşınlardan əsasən hava hücumundan müdafiə raketləri üçün platformalar kimi istifadə olunur, Belarus hərbi eksperti Aleksandr Alesin deyib Naviny.by saytına. Onun sözlərinə görə Azərbaycan həm də Belarusun hava müdafiəsi və elektron hərbi silah sistemləri ilə də maraqlanır.

Təhlilçi deyir ki, Ermənistan İskander taktiki sistemlərini alıb və indi Əliyev də Belarusun Polonez çoxyaylımlı raket sistemləri ilə maraqlana bilər.

Alesin güman edir ki, Lukaşenko bəlkə də Azərbaycana Polonez verilməsi məsələsini Moskvada Putinlə müzakirə edib. Odur ki, burda Kremlin xətrinə dəyəcək bir şey yoxdur.

Bakıya səfəri zamanı Lukaşenko nəinki sərt ritorikadan qaçıb, o hətta "Bizim əməkdaşlığımız heç kəsə ziyan vurmur" deyib.

Onun israrlı yumşaqlığı belə izah edilə bilər ki, Belarus ölkə iqtisadiyyatının yaşaması üçün əsas məsələlərin Moskva ilə həll olunmalı olduğunu unutmur.

Əlaqəli mövzular

Bu barədə daha geniş