Mətbuat icmalı: Azərbaycanı Davossonrası dramatizm gözləyir?

Fotonun müəllifi Getty Images

"Azadlıq": Azərbaycanı Davossonrası dramatizm gözləyir

Qəzet Turan Analitika Xidmətinin təhlilini dərc edib.

Təhlildə deyilir ki, Davos Forumunun saytında Azərbaycan prezidenti Əliyevin "Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri" məqaləsi də dərc olunub. Məqalədə dünya güclülərinə ölkədə hər şeyin sabit, nəzarət altında olduğu və yuxarılarda dünya iqtisadiyyatının və milli iqtisadiyyatın böhranının hiss olunmadığı haqqında mesajı görürük.

"Ötən ilki "Azərbaycan iqtisadiyyatının gələcəyi" adlı Davos məqaləsində olduğu kimi, Əliyev gələcəklə bağlı heç bir istiqamət vermir, bu da onun radikal iqtisadi və siyasi islahatlardan mümkün qədər qaçmağa davam edəcəyini, dünya neft bazarlarında sabitləşməyə qədər vaxt udmağa çalışacağını göstərir.

Demək olar ki, bu dəfə prezident Əliyev özü-özünə zidd gedib. Hələ bir il əvvəl elə həmin forumda yanvarın 20-23-də Alpda keçirilən sammitdə o, ilk dəfə neftin qiymətinin düşməsi və manatın devalvasiyası nəticəsində daxili qeyri-sabitliyə gətirib çıxaran rejimin strateji səhvini etiraf edib. "Yeni energetika balansı" mövzusunda sessiyada CNN-nin aparıcı redaktoru Con Defteriosun sualına cavabda Əliyev təxminən belə deyib:

"Biz Azərbaycanda özümüzü neftsonrası dövrə - 20 il sonraya hazırlayırdıq. Buna görə (neft qiymətlərinin üç dəfə düşməsi - red.) bizim üçün gözlənilməz oldu. Eyni zamanda, bu, iqtisadiyyatımız üçün zərbə oldu" - "Azadlıq" yazır.

Qeyd edilir ki, builki forum çərçivəsində prezident Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri Suma Çakroborti ilə görüşü haqqında məlumat az olsa da, ehtimal etmək olar ki, Əliyev AYİB-dən Avropanın iradlarının istiqamətləndiyi iqtisadiyyatın şaxələndirilməsi sahəsində kömək istəyə bilərdi. Ötən Davosda Çakroborti demişdi ki, Sovet iqtisadiyyatı yeni müstəqil ölkələrin iqtisadiyyatından daha çox şaxələndirilmişdi.

"Azərbaycan": Prezidentin Davosda görüşləri davam edir

Prezident İlham Əliyev yanvarın 18-də Davosda Səudiyyə Ərəbist anının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih ilə görüşüb.

İlham Əliyev yanvarın 18-də həmçinin CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.

Ötən gün prezidentin Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

"Görüşdə BP şirkətinin baş icraçı direktoru Robert Dadlinin Azərbaycana son səfəri məmnunluqla xatırlandı. BP ilə SOCAR arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, BP-nin Azərbaycanda ən böyük investor olduğu qeyd edildi, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda gedən işlər müzakirə olundu. Söhbət zamanı "Cənub qaz dəhlizi", TAP, TANAP layihələrinin uğurlu icrası və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı", deyə məlumatda qeyd edilir.

"Azadlıq": Taleh Bağırzadə: "Biz ölkədə dünyəvi dövlətin dəyişməsini istəmirik"

Fotonun müəllifi Meydan TV
Image caption Prokurorlar Taleh Bağırova ömürlük həbs cəzası istəyiblər.

"Nardaran işi" üzrə məhkəmədə təqsirləndirilənlər son sözlərini deməyə başlayıblar. Qəzet Taleh Bağırzadənin son sözünün tam mətnini dərc edib.

O çıxışında bildirib ki, müsəlman ölkələri səfirliklərinin məhkəməyə nümayəndə göndərməklə onları müdafiə edəcəyini düşünüb, amma belə olmayıb - məhkəməyə gələn və dəstək verən Qərb səfirlikləri olub.

"Mən dəfələrlə şərlənib həbs edilmişəm, hamısında da bir-iki maddə verilib, ancaq indi 21 maddə ilə ittiham verdikləri üçün hər şeydən danışacam" deyə T. Bağırzadə qeyd edib.

"Biz quldur hökumətlə baş-başa gəlmişik.

...Nardaran hadisəsi Allahın lütfüdür. Məndən Əli Kərimlinin əleyhinə ifadə almaq istəyirdilər, dedim o insan sizə nə edib? Bizim birliyimizdən qorxurlar. Hakimiyyət bizi cəzalandırmaq istədi, lakin cəzalandıra bilmədi. Bu gün xalq quyudadır. Xalqı çıxarmaq üçün hamımız - dindar, ateist bir olmalıyıq. Xalqın bu günə düşməsinə səbəbi banklar və devalvasiya deyil, ölkə rəhbərliyidir, xalqın susqunluğudur. Xalq Allahdan qorxmur, amma MTN-dən, "bandotdel"dən, bu quldurlardan qorxur. Biz də Nardaran hadisəsi ilə xalqa çatdırdıq ki, qorxmaq lazım deyil... İnsanlar qorxurlar ki, polis onların cibinə narkotik vasitə atar. "Bandotdel"də 47 gün məni hamama getməyə qoymadılar. Mən paltarımı yuyub, yaş geyinirdim.

...Hakimiyyət soyğunçuluğu, rüşvətxorluğu, oğurluğu dövlət siyasətinə çevirib və bununla fəxr edirlər. Bu hakimiyyət 100 faiz gedəcək.

...Bunlara başqalarını müdafiə etmək təəccüblü görünür. Azərbaycan hakimiyyətində milli maraq yoxdur, bunlar üçün ancaq ailə və öz maraqlarıdır", - o öz çıxışında deyib.

"Azərbaycan": Keçən il neft Azərbaycanın ümumi ixracının 71,14, təbii qaz isə 10,62 faizini təşkil edib

"2016-cı ildə xam neft ixracı Azərbaycanın ümumi ixracının 71,14 faizini, təbii qaz 10,62 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 4,48 faizini təşkil edib."

Bunu Dövlət Gömrük Komitəsi AZƏRTAC-a bildirib.