Yazıb-oxuya bilirsiz?

Nərmin Kamal Fotonun müəllifi Nərmin Kamal

Bugünlərdə yolum bir dövlət idarəsinə düşdü, məni iki gənc könüllü qarşılayıb soruşdu: "Yazıb-oxuya bilirsiz?" Sual mənə qəribə gəldi. Necə yəni yazıb-oxuya bilirsiz? Əlavə etdilər: "Yəni özümüz dolduraq blankı, kömək edək, ya yaza bilirsiz?"

Bunu qoyum, onu danışım. Bir dəfə Almaniyada yemək köşkünə yaxınlaşdım, yerli camaatın dilini bilmədiyimə görə, satıcı oğlandan soruşdum: "Do you speak English?", yəni ingiliscə bilirsiz? Oğlan dönüb dedi "I am an English teacher", yəni ki, özüm ingilis dili müəllimiyəm. Əcəb gülüşmüşdük onda, indi özüm bənzər vəziyyətə düşdüm.

İdarəyə bütün gələnlərə bu sualı verirmişlər, ancaq mən əvvəl sualı şəxsi qəbul etdim, elə bildim kənardan yazıb-oxuya bilməyən adama oxşayıram, öz-özümə dedim ki, adam bütün günü yazıb-oxuyanda elə yazıb-oxuya bilməyənə oxşayar.

Deməli, yaza bilməyən adamlar bu qədər çoxdur ki, bunlar belə bir xidmət göstərirlər. Kütləvi savadsızlaşma gedir.

Keçmişdəki kimi mirzələrə ehtiyac yaranıb, ancaq indi adları mirzə deyil, Asan könüllüləridir.

Şübhəm yoxdur ki, camaat hərfləri tanıyır, sadəcə olaraq, yəqin ki, yaxşı yaza bilmirlər. George Orwell demiş, yaxşı yaza bilməyən adam deməli, yaxşı düşünə bilmir, yaxşı düşünə bilməyən adamın yerinə isə başqaları düşünür.

Bizlərdə hərə bir səbəbdən yaza bilmir. Biri rus sektorunda oxuyub, ona görə yaza bilmir, biri latın qrafikasına keçə bilməyib, biri yazanda çoxlu səhv buraxır, birində qorxu var, kağız, qələm, sənəd, idarə görəndə qorxur. Durğu işarələrini düzgün qoymaq bir yana, o indi lüks sayılır, sözləri də necə deyirlərsə, elə yazırlar, nəticədə gülməli vəziyyətlər yaranır.

İş o yerə çatıb ki, bir Azərbaycan vətəndaşından savadlı yazılmış elektron məktub, telefon mesajı alanda təəccüblənirsən, bunu yazan adam kimdirsə, mədəni və savadlı adam olduğunu fikirləşirsən.

Yaza bilməyən, kompüterdən istifadə edə bilməyən adamlardan ötrü Qərb ölkələrində Böyüklər üçün dövlət kursları ("adult college") var. İnsan ömrünün hansı dövründə öyrənmək fikrinə düşsə, o dövlət kurslarından pulsuz istifadə edir. Günümüzdə o kursların xidmətindən əsasən mühacirlər yararlanırlar.

Mirzələr

Sovet dövlətində məcburi savadsızlığın ləğvi kursları vardı. Nəticədə, müstəqil Azərbaycan dövləti bizi totalitar sovet dövlətindən yüz faiz savadlı xalq kimi təhvil almışdı. 1990-cı illərin əvvəlində qardaş Türkiyədə türklərin çoxunun yazıb-oxuya bilmədiyini eşidəndə təəccüblənirdik.

İndi isə keçmişdəki kimi, yazıb-oxuya bilməyən adamlar üçün dövlət idarələrində blank doldurmağa kömək edən xüsusi adamlar - mirzələr ayırmışıq. Təqaüdçülər üçün işlədə bilmədikləri bankomatdan təqaüd çıxarmağa kömək edən könüllülər ayırmışıq.

Ancaq adama gəncliyin savadsızlaşması daha pis təsir edir. Sual yaranır: axı insanlar dövlət hesabına ən azı 9 il orta məktəb oxuyurlar, necə olur ki, 9 ilə onlara dərdini yazmaq və həyatda lazım olacaq digər bilikləri öyrətmirlər? Çox vaxt görürsən ki, 9, 11 il orta məktəbdə oxuyan insanlar "anamda çörək var" ilə "anam da gəlir" cümlələrini "bitişik, ayrı" qaydasına əsasən düzgün yaza bilmirlər. Bu kimi əsas biliklər yoxdur.

İndi Dövlət Məşğulluq Xidməti məqsədi adamları işlə təmin etmək olan əlli peşə üzrə qısamüddətli kurslar açıb. Bu kurslarda iki ay qənnadçılıq, dülgərlik, ofisiantlıq, katibəlik kimi peşələr, yaxud 21 gün kompüter öyrənmək milyonların orta məktəblərdə beyhudə keçən illərini əvəz etmir, edə də bilməz.

20-ci əsrin ikinci yarısının postmodern dəyərlərinə görə, bütün insanların yazıb-oxuması vacib deyil, yazıb-oxuya bilmədən də xoşbəxt yaşamaq olar, hərə özü bilər necə yaşayır, universal, total heç bir qayda olmamalıdır.

Fərqli baxışlar

Ancaq müasir həyat nə göstərir? Budur, iki hicablı azərbaycanlı qadın Binəqədidə yolu keçən bir qaradərili əcnəbi qadını "Esi, ona bax, ona bax" deyə bir-birinə göstərirlər. Hicablı qadın olmaq da Azərbaycanda azlıqdır, qaradərili olmaq da.

Bir azlıq başqa bir azlığa "ala qarğa" kimi heyrətlə baxır. Bir fərqli qrup başqa bir fərqli qrupa çox fərqli bir şey kimi baxır, bu baxışlar narahatlıq yaradır.

Bu, təkcə mədəniyyətsizlik məsələsi deyil, həm də faşizmin gizli növüdür.

Dünyanın ağlara və qaralara, müsəlmanlara və kafirlərə, gözəllərə və çirkinlərə, bizimkilərə və başqalarına bölünmədiyini, çoxmillətli, çoxirqli, çoxdinli, çoxcinsli olduğunu insanlar yalnız təhsil, dünyagörüş alaraq öyrənə bilərlər.

Bu dünyada yaxşı olan, xeyir olan nə olubsa və nə varsa, hamısı yazıya alınıb, hamısını oxuyaraq bilmək olar. Yazıb-oxuya bilməyən adam onların hamısından məhrum olur, onlarla ortaq dili olmur və yazıb-oxuyan dünya üçün təhlükəyə çevrilir.

Bu barədə daha geniş