Nardaran işi: Məhkəmə "qeyri-müəyyən" müddətə müşavirəyə gedib

Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisəsində təqsirləndirilən Taleh Bağırov və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin məhkəməsi davam edir.

Müxbirimiz Günel Səfərova bildirir ki, bütün təqsirləndirilənlərin "son söz" deməsi bitib və məhkəmə qeyri-müəyyən müddətə müşavirəyə gedib.

Prokuror Taleh Bağırova ömürlük, Abbas Hüseynova 20 il, Cabbar Cabbarova 19 il, Rasim Cəbrayılova 17 il, Fuad Qəhrəmanlıya 11 il, yeniyetmə Ramin Yarıyevə 10 il, digərlərinə isə 15 il həbs cəzası istəyib.

Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə BBC Azərbaycancaya bildirib ki, məhkəmədən "ədalət gözləmir":

Həyat yoldaşına "ömürlük həbs" veriləcəyi təqdirdə, o, "ölümün üstünə necə gülə-gülə gediriksə, biz ömürlük həbsi də elə gülə-gülə qarşılayacağıq" bildirib.

"Məhkəmələrin gedişatı həqiqətən bu insanların suçsuz olduğunu üzə çıxardı," o deyib.

Bu gün baş tutmuş məhkəmədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı son söz ilə çıxış edib. Onun həyat yoldaşı BBC Azərbaycancaya deyib ki, "dövlət ittihamçısı Fuad Qəhrəmanlıya 11 il iş istəsə də, hakim ona 15 il də cəza verə bilər".

Nardaranda ötən ilin noyabr ayında keçirilən əməliyyatdan sonra saxlanılan Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərə qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb.

Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurmada ikisi polis əməkdaşı olmaqla, 6 nəfər öldürülüb.

Bu barədə daha geniş