Mətbuat icmalı: İlham Əliyev Davosda İraq Kürdüstan Regional Hökumətinin başçısı ilə görüşüb

Fotonun müəllifi SAFIN HAMED/AFP/Getty Images
Image caption Məsud Barzani

"Xalq qəzeti":İlham Əliyev Davosda İraq Kürdüstan Regional Hökumətinin başçısı ilə görüşüb

Prezident İlham Əliyev yanvarın 18-də Davosda İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani ilə görüşüb.

İlham Əliyev xalqlarımız arasında tarixi, mədəni əlaqələrin olduğunu qeyd edərək Məsud Bərzaninin atasının vaxtilə bir müddət Azərbaycanda yaşadığını xatırladıb.

"Məsud Bərzani atasının xatirəsini yad etdiyi üçün dövlətimizin başçısına minnətdarlığını bildirərək atasının Bakı ilə bağlı xatirələrini hər zaman məmnunluqla yad etdiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə İraq Kürdüstan Regional Hökuməti arasında energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edildi. Məsud Bərzani İraq Kürdüstan Regional Hökumətinin Azərbaycan şirkətləri ilə müxtəlif layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi, əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı," - xəbərdə deyilir.

"Xalq qəzeti": Prezident İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşüb

Yanvarın 18-də Davosda Prezident İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub.

"Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edildi. Ukrayna Prezidentinin Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi qeyd olundu.

Ölkələrimizin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyi, daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulandı.

İnvestisiya, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı," - deyə xəbərdə qeyd olunur.

"Xalq qəzeti": "Microsoft" və "Lukoil" rəsmiləri ilə görüş

Prezident İlham Əliyev yanvarın 18-də Davosda "Microsoft" şirkətinin ümumdünya dövlət qurumları ilə əlaqələr üzrə korporativ vitse-prezidenti xanım Toni Tauns-Vitley ilə görüşüb.

Prezident həmçinin Rusiyanın "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.

"Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirdi...

Söhbət zamanı "Şahdəniz" layihəsi ilə bağlı həyata keçirilən tədbirlər, "LUKOIL" tərəfindən Xəzərin Rusiya sektorunda hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəqli, həmçinin dünyada neftin qiymətinin perspektivləri ilə bağlı məsələlər müzakirə edildi", - xəbərdə deyilir.

"Azadlıq": Əliyevin ailə şirkətinə 2 həftəyə 100 milyondan artıq sərmayə qoyulub

Maliyyə hesabatlarına görə, "Pasha Holding" MMC-Yə, Arzu və Leyla Əliyeva bacıları nəzarət edirlər.

"Pasha Development"in öz sərmayəsini birdən-birə 108 milyon manat artırması haqqında mediada hələ yanvarın ilk günlərində xəbərlər getmişdi. Üstündən iki həftə ötməmiş, şirkətə daha 4 milyon manat yatırılıb.

Vergilər nazirliyinin məlumatına görə, yanvarın 17-nə "Pasha Development" MMC-nin (VÖEN 1402272621) nizamnamə kapitalı 411 milyon 973 min 905 manatdır", deyə yazıda göstərilir.

Yazıda həmçinin deyilir ki, bu pulun "marşrutu" bilinmir. Azadlıq Radiosu xəbər verir ki, şirkət, həmişəki kimi, kapitalın aramsız artımı və bunun maliyyə qaynaqları haqqında sualları cavablamır.

Fotonun müəllifi Getty Images

"Azadlıq": Növbəti korrupsiya qalmaqalı: Azərbaycan hökuməti Rolls Royce şirkətindən rüşvət alıb

ABŞ-ın Ədliyyə Nazirliyi İngiltərənin avtomobil istehsalçısı Rolls Royce-ın xarici hökumət səlahiyyətlilərinə rüşvət verdiyinə görə üç ölkəyə 800 milyon dollar ödəyəcəyini açıqlayıb.

Rolls Royce ABŞ, İngiltərə və Braziliya hökumətlərinə birlikdə cəmi 800 milyon dollar cərimə ödəməyi qəbul edib.

"Rolls Royce-ın günahını qəbul etdiyi bildirilən açıqlamada Çin, Tayland, Braziliya, Hindistan, Rusiya, Qazaxıstan, Azərbaycan, Angola, Malayziya, Nigeriya və İraqın hökumət səlahiyyətlilərinin şirkətdən rüşvət aldığı göstərilib.

Rolls Royce-ın Azərbaycanda rəsmi dileri və nümayəndəsi "Improtex Motors" MMM-in rəhbərliyi altında fəaliyyət göstərir. Şirkətin Azərbaycanda ilk "Rolls-Royce Motor Cars Baku" salonunun rəsmi açılışı 2014-cü ilin oktabr ayında olub," - deyə yazıda qeyd edilir.

Fotonun müəllifi Arif Məmmədov
Image caption Arif Məmmədov

"Azadlıq": Arif Məmmədov: "Bu hakimiyyətlə müstəqilliyimizi də itirərik"

Azərbaycanın Avropa Şurasında səfiri və İƏT-in Avropa Birliyində nümayəndəsi olmuş diplomat Arif Məmmədov Rusiya XİN rəhbəri Lavrovun Qarabağa dair sonuncu məlum bəyanatını şərh edib. O, Facebook səhifəsində paylaşdığı yazıda diqqəti Lavrovun bəyanatından çox Azərbaycan hakimiyyətinin uğursuz xarici siyasətinə, o cümlədən Qarabağa dair səhv mövqeyinə yönəldib.

Arif Məmmədov yazır: "Avropa Biriliyinin Gürcüstan, Moldova və Ukrayna ilə bağlı sənədlərində aydın və dəqiq şəkildə göstərilir ki, AB bu ölkələrin ərazi bütövlüyünü onların beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tanıyır. Azərbaycanla bağlı sənəddə isə ərazi bötüvlüyünün tanındığı bu vacib məqam qeyd olunmadan yazılıb, yəni bizimlə bağlı sənəddə "beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində" ifadəsi yoxdur. AB ilə danışıqlar zamanı qurumun Finlandiyadan olan prezidenti eyni formulirovkanı Azərbaycan üçün də təklif etmişdi. Amma Fransanın xahişi ilə Azərbaycan rəhbərliyi "Ermənistanla danışıqlara xələl gəlməsin deyə" bu ən vacib müddəanın sənəddən çıxarılmasına razılaşdı…

Faciə ondadır ki, Azərbaycan hakimiyyətinin xarici siyasəti bütün istiqamətlər tam iflasa uğrayıb. Bu hakimiyyət özü Azərbaycanın geopolitik və təhlükəsizlik maraqlarına ciddi təhdidə çevrilib. Bu hakimiyyətlə biz nəinki Qarabağı, dövlət müstəqilliyimizi də itirə bilərik".

Bu barədə daha geniş