"Çörək pulu" alanların sayı azalacaq?

Ana və uşaq
Image caption Çörək pulu adam başına 19 manat 96 qəpik təşkil edir.

"20 manat niyə böyük pul deyil ki, uşağın pampersi var, yeməyi var, həkimə də aparmaq lazımdır", bu sözləri Füzuli rayonundan məcburi köçkün olan Güldəstə, yanvarın birindən sonra məcburi köçkün ailələrində doğulacaq uşaqlar üçün çörək pulunun nəzərdə tutulmayacağı ilə bağlı qərarla bağlı deyir.

Mətbuatda yayılmış xəbərə əsasən, yanvarın 1-dən etibarən doğulan məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcəyi ilə bağlı yeni qanun dəyişikliyi edilib.

Lakin Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi belə bir qərarın mövcudluğunu nə təsdiq edib, nə də ki, təkzib.

Məcburi köçkünlərin problemləri ilə maraqlanan QHT rəhbəri isə, hazırkı iqtisadi vəziyyətdə belə bir qərarın verilməsini doğru saymadığını qeyd edib.

"Çörək pulu" nədir?

Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair təlimata görə, yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır.

Bu müavinət adam başına 19 manat 96 qəpik təşkil edir.

Bu yardıma xalq arasında qısa olaraq "çörək pulu" deyilir və məbləğ dövlət büdcəsi hesabına ödənilir.

Qanunvericiliyə görə, bu pul yardımı aşağıdakı şəxslərə verilir:

  • Məcburi köçkün statusuna malik olub respublika ərazisində olan şəxslərə;
  • Valideynlərindən hər ikisi məcburi köçkün statusuna malik olan uşaqlara;
  • Valideynlərindən atası məcburi köçkün statusuna malik olan uşaqlara;
  • Ər və ya arvaddan biri məcburi köçkün statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında məcburi köçkün statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara;
  • Ər və ya arvaddan birinin məcburi köçkün statusuna malik olduğu ailələrdə onlardan birinin vəfat etməsindən sonra "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində olan uşaqlara
  • Faktiki nikahdan doğulmuş, məcburi köçkün statusuna malik olan şəxsin himayəsində olan uşaqlara digər müavinətlər verilmədikdə
  • Qarabağ müharibəsindən əvvəl işğal olunmuş rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara
  • Məcburi köçkün statusu olan hər iki valideynini itirmiş uşaqlara

Eyni qanuna görə, yemək xərci üçün aylıq müavinətin verilmədiyi məcburi köçkünlər də var. Onlar:

  • Şəhid ailələri istisna olunmaqla, mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlər;
  • Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlar və onların uşaqları;
  • Müddətli hərbi xidmətdə olan məcburi köçkünlər;
  • Həbsdə olan məcburi köçkünlər;
  • Məcburi köçkün statusu olmayıb, məcburi köçkün statusu olan şəxslə nikaha daxil olan şəxslər;
  • Məcburi köçkün statusuna malik olub Respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək;
  • Pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən "məcburi köçkün" statusu olan şəxslər;
  • Səfərbərlikdən boyun qaçıran və fərarilik edənlər;
  • Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vəzifəyə təyin olunan və deputat seçilmiş məcburi köçkünlər;
  • Hüquq-mühafizə orqanlarında xidmət edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər
  • Məcburi köçkün statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq başqa ölkədə olan məcburi köçkünlər;
  • Valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlar;
  • Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilən məcburi köçkün statusu olan şəxslərdir.

İndi isə bu siyahıya 2017-ci ilin 1 yanvarından sonra doğulan uşaqlar da daxil ola bilər.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi BBC Azərbaycancanın ölkədə nə qədər insana yemək xərci üçün aylıq müavinətin verildiyini və bu qanun dəyişikliyinin neçə ailəyə təsir edəcəyini açıqlamayıb.

Qurum, həmçinin, dövlətin ehtiyacı olan insanlardan bu vəsaiti niyə kəsdiyi ilə bağlı şərh verməyib.

Image caption QHT sədri deyir ki, məcburi köçkünlərin çoxu ictimai binalarda yaşayır və iş yerləri yoxdur

Ehtiyacı olanlar

"Oğlumu təzə evləndirmişəm, bir neçə ay sonra uşaq dünyaya gəlməlidir. Oğlum işləmir, bu pula ehtiyacımız var", Güldəstə əlavə edir.

O deyir ki, köçkün düşdükdən sonra 1 otağın içində övladlarını böyüdüb. O da dövlət hesabına ev tikiləcəyini gözləyən köçkünlərdəndir. Yemək xərci üçün müavinətin az olmasına baxmayaraq, müsahibimiz hesab edir ki, o məbləğin də bu ailəyə böyük köməyi dəyə bilər.

Ağdam rayonundan məcburi köçkün olan və ümumi binada 1 otaqda yaşayan Cəmilə Məmmədli də belə düşünür. Onun hesablaması ilə 19 manat 96 qəpiyə bir uşaq yeməyi almaq olar, o da 3 günə bəs edir. Lakin bu pul onun ailəsi üçün də önəmlidir.

"Əlbəttə bu pul ailəyə təsir edir. Ehtiyacımız var bu pula, ən uzağı 1 tay un alıb quru çörək yeyərəm", o deyir və qeyd edir ki, belə bir qərarın mövcudluğuna pis yanaşır.

"İşsizlik var"

Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov deyir ki, yemək xərci üçün aylıq müavinətin verilmədiyi məcburi köçkünlərin sayı mütəmadi olaraq dəyişir. Səbəbi həm yeni doğulan uşaqlar, həm də zamanla müavinətin alınması üçün müəyyən edilmiş kriteriyalardır.

Onun sözlərinə görə, bu müavinət 1994-cü ildən başlayaraq verilir və onun məbləği bu günə qədər bir neçə dəfə artırılıb.

"Müavinətin verilməməsi məcburi köçkünlərə təsir edəcək" deyən cənab Kazımov bildirir ki, köçkünlərin yaşadığı regionlarda işsizlik var.

"İşləyənlər büdcə təşkilatında çalışanlardır. Yəni səhiyyə, mədəniyyət və təhsil sahəsində çalışırlar. Çünki işğal olunmuş rayonların ancaq qurumları fəaliyyət göstərir. Əksəriyyəti bu müavinət hesabına yaşayır", o bildirir.

Son vaxtlarda kommunal qiymətlərdə tariflərin artığını deyən QHT rəhbəri məcburi köçkünlərin böyük bir hissəsinin qışda evi qızdırmaq üçün elektrik enerjisi istifadə etdiyini vurğulayır.

"Düzdür onların pulsuz istifadə edə biləcəyi limit var. Amma artıq gələn məbləği özü ödəməlidir", deyən cənab Kazımov qeyd edir ki, bu hal onların durumunu daha da ağırlaşdıra bilər.

"Hökumət köçkünlərin və sosial müdafiəyə ehtiyacı olanların qayğısına qaldığını deyir. Amma proseslərin gedişi göstərir ki, o insanlar bu dəstəkdən məhrum olur".

Xalid Kazımovun sözlərinə görə, manatın dəyər itirməsi, xaricdən daxil olan malların və bir sıra ərzaq məhsullarının qiymətinin bahalaşması, iş yerlərinin bağlanması, əmək haqqının olduğu səviyyədə qalması və kommunal xidmətlərin bahalaşması dövründə müavinətlərin kəsilməsi doğru deyil.

"Dövlətin bu insanlara yönəlmiş hansısa bir proqramı olmalıdır. (Müavinəti)...azaltmaq yox, artırmaq lazımdır".

Məcburi köçkünlərin çoxunun ictimai binalarda yaşadığını və iş yerlərinin olmadığını bir daha qeyd edən cənab Kazımov vurğulayır ki, "belə halda müavinətin kəsilməsi hökumətin açıqladığı sosial siyasətə ziddir".

Bu barədə daha geniş