Mətbuat icmalı: "Malları ixrac edib, pulunu xaricdə dövriyyəyə buraxırlar"

Fotonun müəllifi Getty Images

"Azadlıq": "İqtisadi fəallığın azalması böhranı dərinləşdirəcək"

İqtisadçı ekspert Rövşən Ağayev ölkədə liberal məzənnə sisteminə keçidlə bağlı öz fikirlərini açıqlayıb.

"Onun sözlərinə görə, liberal iqtisadi sistemin ən vacib baza elementləri, ələlxüsusus azad sahibkarlıq, rəqabətli bank sektoru, çeşidli alətləri özündə birləşdirlən maliyyə bazarları, dayanıqlı makroiqtisadi sabitliyə təminat verən tarazlaşdırlmış tədiyyə balansı, diversifikasiya olunmuş və valyuta bazarının tələbatının heç olmazsa üçdə birini ödəyən qeyri-resurs iqtisadiyyatı yoxdur. Ona görə də liberal məzənnə sisteminə keçid yanlış siyasətdir. Çünki heç bir investror, bank indiki qeyri-sabit, qeyri-müəyyən məzənnə rejimində yığımlarını invesitisya kimi iqtisadiyyata yönəltməyəcək. Nəticədə iqtisadi fəallıq daha kəskin azalacaq, böhran daha da sərtləşəcək", - yazıda deyilir.

Ekspert bildirir ki, Azərbaycanda 2015-2016-cı illərdə tədiyə balansında böyük kəsir yaranıb, 2017-ci ildə isə neftin qiyməti indiki səviyyədə qalacağı tədqirdə kəsiri aradan qaldırmaq real görünmür.

"Azadlıq": Əliyev Lavrovun açıqlamasına cavab verib: "Rusiyadan yeni silahlar alacağıq"

Azərbaycan prezident İlham Əliyev Davosdakı Beynəlxalq İqtisadi Forum çərçivəsində "RİA Novosti"yə müsahibəsində deyib ki, "Bakı yeni silahların alınması ilə bağlı Rusiya ilə danışıqlar aparır".

"Siz Rusiya hərbi sənayesinin nə qədər inkişaf etdiyini yaxşı bilirsiniz. Biz ən müasir silahlarla maraqlanırıq. Bura vertolyotlar, müdafiə sistemi- bütün kompleks daxildir. Bu, daimi prosesdir. Tarixi bilirsiniz, rəqəmlər açıqlanıb. Beş milyard dollarlıq müqavilələr imzalanıb və artıq onların əksəriyyəti reallaşıb", deyə o bildirib.

Yazıda daha sonra xatırladılır ki, iki gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ probleminin Azərbaycanın daxili işi olmadığı haqda açıqlama verib.

"Azərbaycan cəmiyyəti, müxalifətin birləşdiyi Milli Şura bu açqlamanı ölkəmizin suveren hüquqlarına qəsd kimi dəyərləndirib və hökumətdən adekvat cavab verilməsi tələb edilib. Lakin İlham Əliyev bu dəfə də Azərbaycan cəmiyyətini təəccübləndirmək niyyətində olmadığını nümayiş etdirib. O, qonşu ölkənin təhdidlərinə "Bakı yeni silahların alınması ilə bağlı Rusiya ilə danışıqlar aparır" deməklə cavab verib", deyə yazıda qeyd olunur.

"Azadlıq": "Nardaran işi": Fuad Qəhrəmanlı son sözünü deyib

Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslərin çıxışları yekunlaşıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Abbas Quliyev son sözlərini deyiblər.

Fuad Qəhrəmanlı öz çıxışında yazıları ilə halimiyyəti ifşa etdiyi üçün həbs olunduğunu bildirib və ölkədə demokratikləşmə naminə nəinki həbsə, ölümə də hazır olduğunu deyib.

Azərbaycan hakimiyyətinin Nardaran əməliyyatını məqsədli şəkildə törətdiyini deyən F.Qəhrəmanlının fikrincə, bu əməliyyatın bir neçə məqsədi olub:

"Hakimiyyətin istəyi odur ki, dindar kəsim siyasi proseslərdən kənarda qalsın, ölkədə baş verən ictimai-siyasi hadisələrə biganə olsun. Amma qəfildən Hacı Taleh meydana çıxdı, inanclı kəsimə çatdırdı ki, dindarlıq təkcə namaz qılmaq deyil, əməlsiz namazın dəyəri yoxdur. İnanclı adam haqsızlıq, zülm qarşısında da susmamalıdır. Hakimiyyət bu qondarma əməliyyatı təşkil elədi ki, həm Hacı Taleh və ətrafındakılara «terrorçu» damğası vurub onları məhv eləsin, həm də Qərbə göstərmək istəyirdi ki, amandır, biz bu gün onları asıb-kəsməsək, sabah radikalları yığışdırmaq olmayacaq. Həmin o Qərb ölkələrinin səfirlikləri məhkəmədə gördü ki, bu adamlar tamamilə günahsızdır, onlar nə radikaldır, nə də terrorçu. Hamısı günahsızdır. Əslində, bu əməliyyat dövlət səviyyəsində həyata keçirilmiş terrordur", deyə o bildirib.

"Yeni Müsavat": Deputatlar bloggerlərə nəzarət etmək iddiasındadır

İnsan hüquqları komitəsinin iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edərək deyib ki, bu gün dünyada bloggerlərin fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyyən edilməyib:

"Ona görə də bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var".

"Deputat Hikmət Məmmədov (Babaoğlu) və Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov bu təşəbbüsü dəstəkləyiblər. Sonuncu deyib ki, bu sahədə xaos hökm sürür:

"Kim nə istəyir onu yazır. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var".

Marja.az: DGK sədri: "Malları ixrac edib, pulunu xaricdə dövriyyəyə buraxırlar"

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev keçirdiyi mətbuat konfransında bildirib ki, DGK Azərbaycandan ixrac olunan məhsulların dəyərinin ölkə ərazisinə gətirilməsinə daha ciddi nəzarət edəcək. Belə ki, xaricdə satılan Azərbaycan malları üzrə valyutanın bir hissəsinin ölkəyə vaxtında daxil olmadığına dair şübhələr yaranıb.

"İxracatçı, pulu qabaqcadan ödənilməyən vəziyyətdə bankdan zəmanət məktubu alıb gömrük orqanına təqdim edirdi. Sonradan bu sənədin təqdim edilməsi ləğv edildi. Məqsəd sənədlərin azaldılması, ticarətin sadələşdirilməsi idi. Amma biz hiss edirik ki, bu pulların xaricdən gec gətirilməsinə, xaricdə dövriyyəyə buraxılmasına şərait yaradır. Biz yenidən zəmanət məktubu alınıb gömrük orqanlarına təqdim edilməsinin bərpasını istəyirik və bu barədə təklifimizi hazırlayıb hökumətə təqdim etmişik. İndiki valyuta qıtlığı şəraitində satılan məhsulların pulunun ölkəyə gətirilməsi çox vacibdir", deyə o bildirib.