Azərbaycanda islam bankçılığı tətbiq ediləcəkmi?

İqtisadiyyat naziri Şahin Mustafayev və Sayed Aga Fotonun müəllifi economy.gov.az
Image caption Çərşənbə günü imzalanmış qrant sazişi 200 min dollar həcmindədir

Azərbaycanda islam bankçılığının tətbiqi mümkündür, lakin bunun üçün qanunvericilik bazası hazırlanmalıdır, müstəqil təhlilçi Azərbaycan dövləti ilə İslam İnkişf Bankı (İDB) arasında imzalanmış qrant sazişini şərh edərkən deyir.

Çərşənbə günü imzalanmış qrant sazişi 200 min dollar həcmindədir, report.az bildirir.

Sənədə əsasən, Azərbaycanda bank sahəsində mövcud qanunvericiliyin təhlili, ölkəmizdə islam bankçılığının tətbiqi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur, Azərbaycan İqtisadiyyat Nazirliyinin yayımladığı bəyənatda bildirilir.

Daha əvvəl, BBC Azərbaycancanın araşdırmasına görə, islam bankçılığının əsaslandığı Şəriət qanunları yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulyasiyalarla işləməyi isə qadağan edir. Bu, onun son dövrlərdə bütün dünyada populyarlaşmasının əsas səbəblərindən biridir.

Ətraflı: İslam bankçılığı nədir?

"Qanuna dəyişiklik edilməlidir"

İqtisadi məsələlər üzrə müstəqil ekspert Əliağa Əlizadə izah edir ki, bu qrant islam bankçılığın inkişafına dair hazırlanma proseslərin aparılması, hüquqi normativ qanunvericiliyin yaradılması, vergi qanunvericiliyində dəyişiklik edilməsi, Mərkəzi bank və digər əlaqəli qurumlarda maarifləndirmə təlimlərinin aparılmasını nəzərdə tuta bilər.

Bu addımlar ona görə atılır ki, normativ hüquqi baza olmadan ölkədə islam bankçılığına aid bütün məhsulların istifadə və tətbiqi mümkün deyil. Qanunvericiliklə müəyyən əlverişli şərait yaradılmalıdır ki, banklar fəaliyyət göstərə bilsinlər, o qeyd edir.

Təhlilçi bildirir ki, müvafiq dəyişikliklər olarsa, Azərbaycanda islam bankçılığı tətbiq edilə bilər.

Onun sözlərinə görə, İranda bank sistemi tamamilə islam bankçılığı prinsipləri ilə çalışır. Lakin bir neçə ölkə var ki, orada həm ənənəvi, həm də islam bankçılığı fəaliyyətdədir.

"Məsələn Malaziyada 2 cür maliyyə sistemi var. O modeldə həm ənənəvi bank və həm də islam bankçılığına nəzarət üçün qanunvericilik var. Fars körfəzi ölkələrində isə ənənəvi sistemdir, amma bu sistemin içində islam bankçılığının fəaliyyətini mümkün etmək üçün müəyyən düzəlişlərin aparılması həyata keçirilib", o deyir.

Cənab Əlizadə bildirir ki, 200 min dollarlıq layihədə müəyyən olunmalıdır ki, bu sistemlərin hansı Azərbaycan modeli üçün daha uyğundur. Yəni Azərbaycan mövcud qanunvericilikdə dəyişikliklər aparmalıdır, yoxsa yeni qanun qəbul edilməlidir.

Onun sözlərinə görə, islam bankçılığı Azərbaycanda fəaliyyət göstərib, lakin mövcud qanunvericilik onun fəaliyyətini məhdudlaşdırıb.

Təhlilçi qeyd edir ki, islam bankçılığının əsas prinsiplərindən biri səhmdarların gəlirlərinin artırılması deyil, məhz ictimaiyyətin rifahının artırılmasıdır.

"Burada faiz gəlirləri, qeyri-müəyyən və riskli əməliyyatların tətbiqi qadağandır".

Layihədən kim faydalanacaq?

Cənab Əlizadə deyir ki, imzalanmış saziş, maliyyə sistemi üçün müsbət addım olacaq və layihə müəyyən qaydada maliyyə sisteminin möhkəmləndirilməsinə yönəldilə bilər.

O hesab edir ki, investisiyalar cəlb edilə və sosial sahələrə, müəyyən dövlət layihələrinə yönləndirilə bilər. Layihə reallaşarsa, biznesin inkişafına təkan ola bilər.

"Müəyyən insan təbəqələri var ki, bank sistemindən dini əqidəsinə görə yararlana bilmirdi, onlar üçün əlavə seçim olacaq", o bildirir.

Əliağa Əlizadənin sözlərinə görə, belə bir sazişin imzalanması Azərbaycanın hazırdakı iqtisadi vəziyyəti ilə əlaqəlidir.

Çərşənbə günü Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Aganın rəhbərlik etdiyi Siyasi Dialoq Missiyası ilə görüşüb.

Nazir bildirib ki, İDB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 mlrd. ABŞ dollarına yaxın investisiya yatırılıb:

"Kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı və s. sahələri əhatə edən bu layihələrin 14-ü artıq başa çatıb, 4 layihənin icrası isə davam edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş