Mətbuat icmalı: Azərbaycanda göz bankı yaradıla bilər

Fotonun müəllifi Getty Images

"Azadlıq": Azərbaycanda göz bankı yaradıla bilər

Azərbaycanda göz qişalarının saxlanması üçün göz bankı yaradıla bilər.

Bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tərəfindən qaldırılıb.

Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevsə bildirib ki, göz bankının yaradılması üçün bir neçə məsələ öz həllini tapmalıdır:

"Göz qişası yalnız meyitdən götürülür. Azərbaycanda meyitdən göz qışası götürmək olar, amma "Transplantasiya haqqında" qanunun bu müddəasını reallaşdırmaq üçün beyin ölümünün kriteriyaları müəyən olunmalıdır. Səhiyyə Nazirliyi tərəfindən bu kriteriyalar müəyyənləşib və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib".

O həmçinin deyib ki, eyni zamanda meyitdən orqan və toxumaların götürülməsi üçün müəyyən müvafiq klinikalar olmalıdır və bu iş həmin klinikalarda həyata keçirilməlidir: "Bu məsələlər reallaşdıqdan sonra Azərbaycanda göz bankının yaradılması mümkündür".

fins.az: Neft pulları Beynəlxalq Banka axacaq

Fins.az-ın bank dairələrindən əldə etdiyi məlumata görə, bu il Beynəlxalq Bankın sağlamlaşdırılmasına Dövlət Neft Fondundan ən azı 1,5 milyard dollar ayrılacaq.

Vəsait birbasa ABŞ dolları ilə veriləcək.

Qeyd edilir ki, 2017-ci ildə Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 milyard manat və ya 4,2 milyard dollar məbləğində transfer ediləcək ki, bu vəsaitin də bir hissəsi Beynəlxalq Bankın sağlamlaşmasına sərf ediləcək.

Ötən ilsə Dövlət Neft Fondu Beynəlxalq Bankda 1 milyard dollarlıq depozit yerləşdirib. "Başqa sözlə, Fond 2001-ci ildən sonra ilk dəfə kapitalını daxili bazara yerləşdirib. Neft Fondunun 1 milyard dollar depoziti Beynəlxalq Bankın xarici borclarının ödənilməsi üçün istifadə ediləcək," - deyə yazıda göstərilir.

fins.az: Rövnəq Abdullayev: "İstiqrazlardan gələn vəsaitlə xaricdə buraxdığımız avrobondlar geri alınacaq"

Fins.az SOCAR-ın prezidenti Rövnəq Abdullayevin müsahibəsini dərc edib.

"Digər məsələlərlə yanaşı, dünya bazarında neftin qiymətinin ötən ilə nisbətən 2 dəfə artıq olması da SOCAR-ın iqtisadi durumuna müsbət təsir göstərib. Paralel olaraq bir sıra dəyişikliklər - həm hökumət, həm də şirkətin özü tərəfindən atılan addmlar şirkətin maliyyə durumunun daha dayanıqlı və sağlam olmasına şərait yaradıb", deyə o bildirib.

SOCAR-ın bu il ərzində istiqraz sahiblərinə ödəməli olduğu faizlərlə bağlı çətinlik yaşayıb-yaşamayacağına dair suala Rövnəq Abdullayev belə cavab verib:

"Şirkətimiz 40 milyard manatlıq aktivləri, 13,5 milyard manatlıq səhm kapitalı, 1,6 milyard manatlıq nizamnamə kapitalı ilə Azərbaycanda ən etibarlı borc ödəyicisidir. Bu etibarlılıq xaricdə buraxdığımız avrobondlara xarici investorların göstərdiyi yüksək maraqla da öz təsdiqini tapıb. Bu səbəbdən, ...faiz ödənişləri üçün heç bir narahatlıq yoxdur..."

"İstiqrazlardan əldə olunan vəsaitlər ilk növbədə xaricdə buraxdığımız avrobondların geri alınmasına sərf olunur. İstiqraz buraxmaqla biz, əvvəla, xaricə hər il milyonlarla dollar faiz ödəməyin qarşısını alırıq, bu faizlər əcnəbilərə gəlir qazandırmaqdansa, öz vətəndaşlarımıza ödənilir və valyuta da ölkəmizdə qalır. İkincisi, SOCAR-ın özünün faiz xərcləri azalır, vəsaitlərimizi daha səmərəli istifadə edirik..", - SOCAR prezidenti deyib.

"Yeni Müsavat": "Lavrova verdiyi suala görə işdən qovulan" jurnalistin məsələsi böyüyür

Lider TV-nin Rusiyadakı müxbiri Anar Həsənovun işdən qovulmasına səbəb kimi onun Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanladığı sual göstərilir.

Yanvarın 17-də 2016-cı ilin yekunları ilə bağlı Rusiyanın XİN rəhbərinin keçirdiyi mətbuat konfransında jurnalist ona bu sualı verib: "Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?"

"Lavrovun məhz bu suala cavabı son günlərdə Azərbaycanda təkcə rəsmi deyil, ictimaiyyət səviyyəsində ciddi etiraz doğurub. XİN rəhbərinin Lider TV-nin müxbirinin sualına cavabını bir daha xatırladırıq", Yeni Müsavat yazır: "Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil".

"Məlumata görə, jurnalistin Rusiyadakı fəaliyyətinin dayandırılması barədə "vəsatət"i ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu qaldırıb. O hesab edib ki, jurnalistin xarici işlər nazirinə verdiyi bu sual və nazirin suala açıq cavab verməsi iki ölkənin dostluq münasibətlərinə xələl gətirib. Səfir jurnalistin sualını "təxribatçı sual" kimi dəyərləndirib və bu cür sual verdiyinə görə onun ünvanına ağır sözlər işlədib, hətta jurnalisti təhqir etməkdən çəkinməyib", - yazıda deyilir.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə məsələni belə şərh edib: "Jurnalist ilk növbədə böyük qeyrət göstərib. O düzgün sual verib. Onu buna görə işindən azad etmək böyük biabırçılıqdır. Ölkəmiz adına rüsvayçılıq, qara ləkədir". O, jurnalisti dəstəklədiyini deyib.

Yazıçı-jurnalist Elçin Şıxlı da hesab edir ki, jurnalisti vəzifəsini yerinə yetirdiyinə görə işdən qovmaq olmaz: "Jurnalistin sualına görə işindən azad edilməsi heç bir çərçivəyə, ağıla, məntiqə sığmır.

Sadəcə, onun işlədiyi yerin rəhbərliyi onun arxasında dura bilmir. Uzaqbaşı yerini dəyişib Bakıya gətirə bilərdilər. Təəssüflər olsun ki, son zamanlar dəb olub. İki il bundan əvvəl Kreml tapşırıq verdi, Rauf Mirqədirovu tutdular, daha sonra sifarişlə ANS bağlandı..."

Bu barədə daha geniş