Mətbuat icmalı: Əhali banklardan əmanətlərini geri çəkir

Fotonun müəllifi Getty Images

"Azərbaycan": Cibuti parlamenti mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul edib

"Azərbaycan Respublikasının Əddis-Əbəbədəki səfirliyindən daxil olmuş məlumata əsasən, Cibuti Respublikasının Milli Assambleyası (Parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qətnamə Cibuti Respublikasının Milli Assambleyasının spikeri Məhəmməd Əli Huməd ilə görüşdə Azərbaycan səfiri Elman Abdullayevə rəsmən təqdim olunub. Cibuti parlamentinin sədri ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və yanında olduğunu bir daha vurğulayıb", - məlumatda deyilir.

"Azərbaycan": Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən ediləcək

Yanvarın 23-də prezident İlham Əliyev Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman imzalayıb.

Sənəddə deyilir:

"Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə ...qərara alıram:

1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinəti müəyyən edilsin.

...3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etsin."

"Xalq qəzeti": "Məhkəmə çəkişmələri Bakı-Tbilisi-Qars layihəsinin icrasını 3 il gecikdirib"

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan "APA-Economics"ə bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasının cari ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulur.

"Hazırda dəmir yolu layihəsinin inşası ilə bağlı qızğın işlər gedir. Qış fəslinin də çətinliklərini nəzərə alsaq mart və ya aprel ayında inşaat işlərini yekunlaşdırmağı planlaşdırırıq", - deyə nazir qeyd edib.

Nazir layihənin icrası zamanı ortaya çıxan çətinliklərdən danışıb. O həmçinin qeyd edib ki, məhkəmə çəkişmələri və etirazlar layihənin xeyli gecikmə ilə icrasına səbəb olub: "Layihə tender prosedurlarına start veriləndən sonra baş verən etirazlarla əlaqədar 1 ildən çox, məhkəmə proseslərinə görə isə 3 ildən çox gecikmə ilə reallaşdı".

fins.az: Əmək və sosial müdafiə naziri: "Əmək pensiyası üçün staj məhdudiyyəti olmayacaq"

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib ki, "Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq".

Onun sözlərinə görə, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslər onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür. "Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Artıq baza hissəsi deyilən anlayış aradan qalxacaq. Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur", deyə nazir vurğulayıb.

fins.az: Əhali kreditlərdən imtina edir

Dövlət Statistika Komitəsi 2016-cı ildə əhalinin banklarda olan əmənətləri və kreditlərin həcmini açıqlayıb. 2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli 16 275,5 milyon manat təşkil edib.

Bu məbləğin 12 824,5 milyon manatını uzunmüddətli kreditlər təşkil edib. Qeyd edilir ki, kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2 faiz azalıb.

"Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9%-ni təşkil edib. Başqa sözlə, 1 442,3 milyon manat problemli kredit qalıb.

Əhalinin banklardakı əmanətlərinin məbləği isə 2016-cı il dekabr ayının 1-nə 7 605,8 milyon manat təşkil edib", - xəbərdə deyilir.

"Azadlıq": Dövlət Statistika Komitəsi: qida məhsullarının qiyməti 31,6 faiz qalxıb

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, son bir ildə qida məhsullarının istehsalçı qiymətləri, orta hesabla, 31,6 faiz, içkilərin qiyməti isə 27,5 faiz bahalaşıb.

"Ötən ilin mayında Azərbaycanda suyun və kanalizasiya xidmətlərinin, dekabrda isə elektrik enerjisinin və təbii qazın tarifləri artırılıb. DSK-ya görə, su təchizatı və kanalizasiya tarifləri, orta hesabla, 5,1 faiz, elektrik enerjisi və qazın qiyməti 9,3 faiz bahalaşıb. Halbuki əhali üçün su və kanalizasiya tarifi 1 kubmetrə görə 36 qəpikdən 50 qəpiyə (38,8 faiz) yüksəldilib. Digər istehlakçılar üçün kanalizasiya tarifi 3 dəfədən çox (30 qəpikdən 1 manata) qaldırılıb. Sadəcə, sudan xammal kimi yararlananlar 1 kubmetrə görə 12 manat deyil, 8 manat ödəyirlər.

Elektrik enerjisinin tarifləri iyul ayında 6 qəpikdən 7 qəpiyə, dekabrda isə 11 qəpiyə qaldırıldı. Təbii qazın 2 dəfə qaldırılan qiyməti digər istehlakçılar üçün (əhalidən başqa) dekabrdan ayından qüvvəyə minib", - məlumatda deyilir.

"Azadlıq": Transparency International: "AŞPA-da Azərbaycan deputatlarının davranışı araşdırılsın"

Transparency International təşkilatı Avropa Şurası rəhbərliyini bu təşkilatda korrupsiya faktlarını araşdırmağa çağırıb, Qurum "insan hüquqları üzrə Avropanın ən mühüm təşkilatında" korrupsiyaya qarşı səmərəli mübarizə mexanizminin olmadığını vurğulayıb.

Transparency International AŞPA-nin baş katibi Turbyorn Yaqlandı Avropa Sabitlik Təşəbbüsünün (ESI) Azərbaycan tərəfindən AŞPA üzvlərinin öz tərəflərinə çəkilməsi haqqında ittihamlarına cavab verməyə çağırıb.

"Uzun illər ərzində Azərbaycan əsas parlamentarilərə böyük məbləğdə pul verməklə və digər hərəkətlərlə insan hüquqları məsələləri üzrə səsverməyə ciddi təsir göstərib", - müraciətdə deyilir.

"Transparency Innternational-ın Çexiya, Fransa, İtaliya, Latviya, İspaniya və Böyük Britaniya nümayəndəliklərinin başçılarının imzaladığı müraciətdə aşağıdakı tələblər ifadə olunub:

- Avropa Şurasında korrupsiyanı pisləyən ictimai bəyanat yayılması;

- Avropa Şurasının etika məsələləri üzrə xüsusi ofisinin AŞPA üzvlərinin etika normalarına riayət etməsini təmin etməsi;

- 2013-cü ilin yanvarında AŞPA-da siyasi məhbuslar məsələsi üzrə səsvermə hallarının və Azərbaycan nümayəndə heyəti üzvlərinin davranışlarının müstəqil araşdırılmasının təşkil edilməsi", - deyə yazıda qeyd edilir.

Rəsmi Bakının maraqlarının fəal lobbiçilərindən biri kimi AŞPA-nın Xalq Partiyasından olan qrup sədri, İtaliya prokurorluğu tərəfindən məsuliyyətə cəlb edilmiş italiyalı deputat, Azərbaycandan təqribən 3 milyon avro aldığı iddia olunan Luka Volontenin adı çəkilir.

"İtaliya prokurorluğunda aparılan istintaqla əməkdaşlıq etməyə razılaşan Volonte Azərbaycandan pul alan bir çox Avropa siyasətçisinin adlarını açıqlayıb", - yazıda deyilir.

"Azadlıq": Əhali banklardan əmanətlərini geri çəkir

"Azərbaycanda əhalinin banklardan əmanətlərini geri götürməsində yeni dalğa başlayıb.

Əmanətini geri götürməyə gələn müştərilərin sayı xeyli çoxalıb. Bəzi filiallar əmanəti dərhal geri qaytara bilmədikləri üçün müştəri ilə bank işçiləri arasında gərgin mübahisələr yaranır", - xəbərdə deyilir.

Qeyd edilir ki, əmanərçilər manatın günü-gündən dəyərdən düşməsindən narahatdırlar. Tam üzən məzənnəyə keçiddən sonra manatın dəyərdən düşməsinin daha da sürətlənməsi, məzənnənin tezliklə 2 manatı ötəcəyi barədə proqnozlar manat sahiblərini daha da narahat edir. Beləliklə də banklardakı manat təcili çıxardılaraq dollara çevrilir.

"Bankların bir-birinin ardınca zərər açıqlaması, bu il bir neçə bankın bağlanacağının bəyan edilməsi də əmanətçiləri narahat edir. İndi Bankda Dollar əmanəti olanlar da pullarını geri götürməyə başlayıblar," deyə yazıda göstərilir.

Bildirilir ki, bütün səylərə baxmayaraq maliyyə sektorunda sabitlik təmin olunmur. Üzən məzənnə həm mağazalarda ərzaqların qiymətlərinin artmasına səbəb olur, həm də bankları çətin vəziyyətə salır.

Manatın tam üzən məzənnəyə keçdiyi 12 Yanvar 2017-ci il tarixindən bu yana dollar qarşısında 5%-ə yaxın dəyərdən düşdüyü bildirilir.

Bu barədə daha geniş