Mətbuat icmalı: 1 dollar 2 manata çatdı

Fotonun müəllifi Getty Images

"Azadlıq": 1 dollar 2 manata çatdı

Bu gün, yanvarın 25-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

"Mərkəzi Bankdan verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,9052 səviyyəsində formalaşıb", deyə qəzet yazır.

"Xalq qəzeti": "Qazprom" TAP-a qoşula bilər

"APA-Economics" xəbər verir ki, Rusiyanın "Qazprom" şirkəti Avropaya qaz nəqli üçün "Poseidon" və Trans-Adriatik qaz (TAP) kəmərlərindən istifadə imkanlarını araşdırır. Bunu "Qazprom" şirkətinin İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev bildirib.

"Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu, təxminən, 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu Qaz Boru Kəmərinə -(TANAP) birləşəcək.

TANAP və TAP konsorsiumları arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb və iki layihənin bir-birinə birləşdirilməsi üçün vacib şərtləri özündə əks etdirir. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır. TAP-ın genişləndirilməsi üçün yalnız iki kompressor stansiyasının quraşdırılması məqbul hesab edilir", - məlumatda deyilir.

"Azadlıq": Azərbaycan korrupsiyada Cibuti, Sierra Leone, Laos və Hondurasla bir sırada

Beynəlxalq "Transparency International" təşkilatı 2016-cı il üçün illik "Korrupsiyanı Qavrama İndeksi"ni (Corruption Perceptions İndex 2016) açıqlayıb.

"Yeni hesabat üzə çıxarıb ki, bütün dünyada korrupsiya ilə sosial bərabərsizlik bir-birini möhkəmləndirir, bu isə xalqların siyasi təsisatlarla bağlı məyusluğuna səbəb olur, populist siyasətçilərin ayağa qalxmasına əlverişli şərait yaranır," - yazıda deyilir.

Qeyd edilir ki, Azərbaycan bu siyahıda geriləyərək 30 xalla ötənilki 176 ölkə arasında 119-cu yerindən 123-cü yerə, Afrikanın Cibuti, Sierra Leone, Cənubi Asiyadakı Laos, Mərkəzi Amerikadakı Honduras, Paraqvay respublikaları, Meksika və Moldova ilə bir sıraya düşüb.

"Qafqazdakı qonşulardan Ermənistan 33 xalla 113, Gürcüstan isə 57 xalla 44-cü yerdədir. Azərbaycan yenə Qafqazda "korrupsiya çempionu" olaraq qalır.

...Rusiya və İran 29 xalla 131-ci, Türkiyə 41 xalla 75-ci yerdədir.

Siyahıda birinci yerləri tutanlar 90 xal toplamış Danimarka və Yeni Zelandiyadır. Finlandiya 89 xalla 3-cü, Isveç 88 xalla 4-cü yerdə qərarlaşıb.

Bildirilir ki, sonuncu yeri 10 balla Somali tutub.

"Azadlıq": Hökumәt 1 aya 4 milyardı hara xәrclәdi?

İqtisadçı-ekspert Nemət Əliyev öz Facebook səhifəsində büdcə talançılığı barədə yazıb.

"Yalnız dekabr ayında dövlət büdcəsindən 4 milyarda yaxın maliyyə vəsaiti xərclənib... Bu vəsait illik büdcənin 21 faizi qədərdir....

...Məsələnin heyrətamiz tərəfi aylıq xərc məbləğinin birdən-birə bu qədər artmasıdır.

2016-cı ilin ilk 11 ayında faktiki orta aylıq xərc məbləği 1 milyard 266 milyon manat olub (büdcə qanununa görə orta aylıq proqnoz xərc məbləği 1,5 milyard manat nəzərdə tutulmuşdu). Deməli, yalnız dekabr ayında xərclənmiş vəsait əvvəlki 11 ayın orta aylıq xərc məbləğindən 3 dəfə çox (aylıq proqnoz xərc məbləğindən 2,5 dəfə çox) olub. ...Ölkədə korrupsiya və rüşvətxorluğun yüksək səviyyədə olması şübhələri daha da böyüdür. Külli miqdarda dövlət maliyyə vəsaitlərinin təyinatından yayındırılması, silinməsi ehtimalı çox yüksəkdir", deyə ekspert yazır.

İqtisadçı hesab edir ki, "Maliyyə Nazirliyində ciddi dövlət yoxlamalarının həyata keçirilməsi hava, su qədər əhəmiyyətlidir". "Maliyyə vəsaitlərinin bu cür qaydasız şəkildə xərclənməsi iqtisadi baxımdan səmərəli hesab oluna bilməz", deyə o yazır.

"Azərbaycan": Laçınlı məcburi köçkün: Prezidentin Fərmanından sonra ailə büdcəmizə ayda 180 manat daxil olacaq

"Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı məcburi köçkünlər tərəfindən razılıqla qarşılanıb.

Ağdamın Qaradağlı kəndində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Qabil Sadıqov AZƏRTAC-ın müxbirinə bildirib ki, ailədə 5 nəfərdirlər. Prezidentin bu Fərmanı hər bir məcburi köçkün kimi onları da sevindirib", - xəbərdə deyilir.

Q. Sadıqov deyib: "Məcburi köçkünlər üçün aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman ürəyimizcə oldu. İndi ailə büdcəmizə ayda 180 manat daxil olacaq və kommunal xidmətlərdən qənaətlə istifadə nəticəsində artıq qalan məbləği digər ehtiyaclarımıza yönəldə biləcəyik. ...Məcburi köçkünlərin qayğısına qaldığı üçün dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, prezidentin 2017-ci il 23 yanvar tarixli Fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyənləşdirilib.

Əlaqəli mövzular