Korrupsiya Qavrama İndeksinə görə Azərbaycan 123-cü yerdədir

Milli Məclis Fotonun müəllifi Getty Images
Image caption "Beynəlxalq Şəffaflıq" təşkilatının bəyənatında keçən il qəbul edilən bir çox yeni qanunun Azərbaycanın qiymətləndirilməsinə təsiri izah olunur

"Beynəlxalq Şəffaflıq" təşkilatının 2016-cı il üçün Korrupsiya Qavrama İndeksinə (KQİ) görə Azərbaycan 30 balla 176 ölkə arasında 123-cü sırada yer alıb.

2015-ci ildə ölkə 29 balla 168 ölkə arasında 119-cu sırada idi.

İndeksdə ölkələr 0-100 ballıq qiymətləndirmə şkalası əsasında sıralanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.

"Beynəlxalq Şəffaflıq" təşkilatının yerli nümayəndəsi Şəffaflıq Azərbaycan Təşkilatının bəyanatında Azərbaycanın yeni mövqeyinin "yaxşılaşdığı" deyilir.

Məlumata görə, bu, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin səmərəliliyinin və hesabatlılığının artırılması istiqamətində həyata keçirilən islahatlar nəticəsində mümkün olub.

Hərçənd bəyanatda bu islahatların miqyasının genişləndirilməsinə ehtiyac olduğu qeyd edilib:

"İqtisadi sferada aparılmış islahatlar Azərbaycanın indeksdəki yerinə ümumilikdə müsbət təsir etsə də, ölkəmizin KQİ-də mövqeyinin daha da irəliləməsi üçün yaxşı idarəçiliyin iki istiqaməti - demokratik idarəetmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsinə zərurət var."

Həmçinin deyilir ki, şəffaf və hesabatlı fiskal siyasətin dəstəklənməsi hökumətin korrupsiyaya qarşı mübarizə sahəsində siyasətinin səmərəliliyinin artırılması və ölkənin KQİ-də statusunun yaxşılaşmasına töhfə verə bilər.

BBC Azərbaycanca ilə müsahibədə Beynəlxalq Şəffaflıq təşkilatının Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (APT) layihəsinin direktoru Elvin Yusifli Azərbaycanda korrupsiyanın aradan qaldırılması istiqamətində "sıçrayış" baş vermədiyini, lakin müsbət istiqamətdə irəliləyişin 4 əsas nümunəsi olduğunu bildirib. Bunlar:

  • ASAN xidmətlərin göstərilməsi prosesinin təkmilləşdirilməsi
  • Elektron hökumət xidmətlərinin sayının və keyfiyyətinin artırılması
  • "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın qəbul edilməsi
  • Korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin dövlət müdafiəsinin təmin edilməsinə dair qaydaların müəyyənləşdirilməsi

Müsbət irəliləyişlərin mövcud olmasına baxmayaraq Beynəlxalq Şəffaflığın Azərbaycan şöbəsi korrupsiyanın qarşısının alınması üçün bir çox problemin həll olunmadığını vurğulayıb.

Bunlardan biri vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməsi haqqında tələbin "Korrupsiyaya qarşı mübarizə" haqqında Qanuna daxil olunmamasıdır.

Məlumata görə digər problemlər arasına vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunun hələki qəbul edilməməsi və kommersiya qurumlarının dövlət reyestrindəki qurumların kimə məxsus olduğunun bilinməməsi daxildir.

Bəyanatda qrant qanunvericiliyinin lazımi dərəcədə sadələşdirilməməsi, vətəndaş cəmiyyətinin fəaliyyəti qarşısında hüquqi və bürokratik maneələrin hələ də mövcüd olması və "dövlət satınalmaları sahəsində şəffaflıq və hesabatlılığın kifayət qədər təmin olunmaması" təşkilat tərəfdən davamlı problemlər kimi qeyd olunub.

Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv olunmasından sonra bu sahədə qanunvericiliyin üzərində görülən işlər maraqlı tərəflər - sahibkarlar və vətəndaş cəmiyyəti institutları ilə məsləhətləşmələr aparılmadan həyata keçirilir.

Təşkilat həmçinin dövlət büdcəsinin layihəsinin müzakirəsinə maraqlı tərəflərin daha çox cəlb edilməsini, dövlət vəsaitlərindən istifadə edilməsinə ictimai nəzarətin gücləndirilməsini və Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsini tövsiyə edib.