London: Polis AZAL bələdçilərini buraxıb

Heathrow aeroportu Fotonun müəllifi Getty Images

Azərbaycan Hava Yolları (AZAL) çərşənbə axşamı günü Bakıdan Londona yollanan təyyarə göyərtəsində baş verən insidentə görə saxlanılan 4 bələdçi artıq polis tərəfindən buraxılıb və tezliklə Bakıya qayıdacaq, AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli deyib.

AZAL-ın yaydığı məlumatə əsasən, yanvarın 24-də uçuş zamanı "həddindən artıq" spirtli içki içən "sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirmişdir".

Nəticədə təyyarə endikdən sonra bələdçilərin sərnişinə "ləyaqətsiz davranışı" ilə bağlı polisə daxil olmuş şikayət əsasında bələdçilər saxlanılıb.

Çərşənbə günü hadisəyə görə gecikdirilmiş AZAL-ın növbəti reysi Bakıya başqa təyyarə və heyətlə yola düşüb.