Həbsdə olan N!DA fəalı İlkin Rüstəmzadə müayinə olunmaq istəyir

İlkin Rüstəmzadə Fotonun müəllifi Aziz Karimov
Image caption İlkin Rüstəmzadə 2014-cü il mayın 6-da 8 il həbs cəzası alıb

Hazırda həbsdə olan və mədə-bağırsaq sistemi xəstəliyindən əziyyət çəkdiyini deyən N!DA fəalı İlkin Rüstəmzadənin müalicə müəssisəsinə köçürülməsi üçün həkim rəyi olmalıdır, Penitensiar Xidmət BBC Azərbaycancaya bildirib.

Həbsdə olan fəal çərşənbə günü səhhəti ilə bağlı çətinliklər yaşadığı barədə yaxınlarına telefonla xəbər verib.

NİDA üzvü Ülvi Həsənlinin sözlərinə görə, İlkin Rüstəmzadə ciddi müayinə və müalicə olunması üçün təcridxana rəhbərliyinə müraciət etsə də, onun istəyi yerinə yetirilməyib.

"Onu təcridxanadakı uzi aparatında müayinə ediblər. Həkim ona ciddi probleminin olmadığını deyib. Onun vəziyyəti ilə bağlı sənəd tərtib etməyib və resept də yazmayıb. Hansı dərmanların alınmalı olduğunu belə şifahi deyib", Ülvi Həsənli qeyd edib.

"İlkin deyir ki, istifadə etdiyi antibiotiklərin miqdarı o qədər çox olub ki, artıq bu dərmanlar onun ağrılarına təsir etmir", o davam edir.

Cənab Həsənli bildirir ki, İlkin Rüstəmzadə 1 günlük Penitensiar xidmətin xəstəxanasında hərtərəfli müayinə olunmaq istəyir.

Penitensiar Xidmət isə bildirir ki, qurum "təqsirləndirilən şəxslərin müalicə və müayinə ilə məşğul olmur" və məhkumun müalicə müəssisəsinə köçürülməsi üçün həkim rəyi lazımdır.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi fəalın müalicə müəssisəsində olmadığını təsdiqləsə də, onlardan məsələ ilə bağlı digər suallara şərh almaq mümkün olmayıb.

Ülvi Həsənli qeyd edir ki, İlkin Rüstəmzadənin səhhətinin ağırlaşması ilə bağlı Ədliyyə Nazirliyinə, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə və Penitesiar Xidmətə məlumat veriblər.

NİDA üzvü İlkin Rüstəmzadə 2013-cü ilin mayında həbs olunub və Cinayət Məcəlləsinin bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq maddələri ilə ittiham edilib.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA hərəkatı fəalı İlkin Rüstəmzadə 8 il həbs cəzası alıb.

Beynəlxalq insan haqları təşkilatları onun həbsini siyasi motivli hesab etsə də, Azərbaycan hakimiyyəti bu iddiaları rədd edir.

Bu barədə daha geniş