Mətbuat icmalı: Demokratiya İndeksi: "Azərbaycanda diktatura hökm sürür"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Demokratiya İndeksi: "Azərbaycanda diktatura hökm sürür"

"The Economist Intelligence Unit" təşkilatı 2016-cı il üçün demokratiya indeksini açıqlayıb.

165 ölkə arasında 148-ci yeri tutan Azərbaycan demokratiyanın səviyyəsinə görə Zimbabve (140), Qambiya (143), Cibuti (145) kimi Afrika ölkələrindən, Bəhreyn (146), Birləşmiş Ərəb Əmirliklərindən (147) sonra gəlir. Azərbaycandan sonra Əfqanıstanın, Afrikanın Burundi və Sudan respublikalarının və s. adı çəkilir.

"Qafqaz ölkələrindən Gürcüstan demokratiyanın dərəcəsinə görə 78, Ermənistan 120-ci yeri tutub. Türkiyə 97, Rusiya 134, İran 154-cü yerdədir.

"The Economist Intelligence Unit"in demokratiya indeksi 5 əsas amilə - seçki prosesi və plüralizm, mülki azadlıqlar, hökumətin funksionallığı, siyasi iştirak və siyasi mədəniyyətə görə müəyyən edilir. Ölkələr 4 əsas qrupa - "tam demokratik", "qüsurlu demokratik", "hibrid" və "avtoritar rejimlər"ə ayrılır. Azərbaycan sonuncuların sırasındadır.

...Demokratiyanın səviyyəsinə görə birinci yerləri tutanlar Norveç, İslandiya, İsveç, Yeni Zelandiya və Danimarkadır. Sonuncu yerdə Şimali Koreya dayanır", - deyə yazıda qeyd edilir.

"Yeni Müsavat": İntihar edən psixoloqun 8 gün öncəki açıqlaması: "İntiharların səbəbi maddi sıxıntı və ümidsizlikdir"

Tanınmış psixoloq Dəyanət Rzayev ötən gün axşam saatlarında intihar edib.

Psixoloqun bu addımı çaşqınlıq və təəssüflə qarşılanıb. Dəyanət Rzayev yanvarın 18-də ölkədə baş verən intihar hadisələri ilə bağlı musavat.com-a açıqlama vermişdi. O demişdi ki, intiharların əsas səbəbi maddi çətinlik və ümidsizlikdir: "Biz əgər Norveç və ya Finlandiyadakı intihar səbəblərini araşdırsaq görərik ki, bu, daha çox tənhalıqdan, bir-birilərinə qarşı olan soyuqluqdan irəli gəlir. Bizdə isə əksinədir. Biz tənhalıqdan yox, çox ünsiyyətdən əziyyət çəkirik.

"Tutaq ki, birinin banka 3 min dollar borcu olur. O, borcunun 1000 manatını qaytarsa da, devalvasiya baş verir və borcu elə 3 min manat kimi qalır. Halbuki 250 manat maaş alırsa, borcunu necə verə, ailəsini necə dolandıra bilər? Şimal ölkələrinə baxanda Azərbaycanda səbəblər bu cür fərqlidir. Sadəcə olaraq, intiharların səbəbləri dərindən araşdırılmalıdır", deyə Dəyanət Rzayev bildirmişdi.

"Azərbaycan": Prezident Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Yanvarın 26-da prezident İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib.

"Xalq qəzeti": Vahid Əhmədov: "Güzəşt və müavinətlərin bütün məcburi köçkünlərə şamil edilməsi düzgün deyil"

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov APA-ya açıqlamasında bundan sonra rayonların icra hakimiyyətlərinin üzərinə böyük məsuliyyət düşəcəyini vurğulayıb: "Artıq həmin rayonların icra hakimiyyətləri reallığı əks etdirən siyahılar tətbiq etməlidir. Doğurdan da bu insanın məcburi köçkün kimi vəziyyəti ağırdır, yaxud fərqlidir, ona aylıq müavinət düşür, düşmür, bu sahədə ciddi işlər getməlidir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu sahədə məcburi köçkün rayonlarının icra hakimiyyətləri ilə birgə ciddi işləməlidir. Mənim aldığım məlumatlara görə, o cümlədən tanıdığım insanlar var ki, məcburi köçkün statusundan istifadə edirlər, amma maddi imkanları çox genişdir. Bu insanlar özlərinə artıq geniş imkanlar yarada biliblərsə, bunu özləri də nəzərə almalıdırlar. Onu da nəzərə almaq lazımdır ki, 25 il az müddət deyil, artıq yeni nəsil yetişməyə başlayır", deyə o bildirib.

Millət vəkili hesab edir ki, aylıq müavinətləri həqiqətən vəziyyəti çətin olan məcburi köçkünlərə vermək lazımdır: "Yoxsa 1992-ci ildə olduğu kimi indi də güzəşt və müavinətlərin bütün məcburi köçkünlərə şamil edilməsi düzgün deyil. Çünki həyat dəyişir, həyat davam edir".

Bu barədə daha geniş