Azərbaycan-Avropa münasibətləri: Özünüzü avropalı hiss edirsinizmi?

İlham Əliyev və Avropa Komissiyasının sabiq prezidenti Jose Manuel Barroso Fotonun müəllifi AFP
Image caption İlham Əliyev və Avropa Komissiyasının sabiq prezidenti Jose Manuel Barroso 2011-ci ilin yanvarında Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalayıb

Yanvar ayında Azərbaycanın Avropa ilə münasibətlərinin başlamasının 16 ili tamam olur.

Siyasi təhlilçilər bu illər ərzində Azərbaycan və Avropa arasında münasibətlərin hazırki səviyyəsini "arzuolunan" hesab etmir.

Azərbaycan Avropa Parlametinin əməkdaşlıq qrupunun üzvü isə münasibətlərin əməkdaşlıq və tərəfdaşlıq səviyyəsində qurulduğunu qeyd edir.

Aİ-nin Azərbaycan nümayəndəliyindən münasibətlərin hazırki səviyyəsi ilə bağlı şərh almaq mümkün olmayıb.

BBC Azərbaycancanın Bakı şəhərinin mərkəzində apardığı qısa sorğuda sakinlərdən bəziləri həyat tərzlərinə görə avropalı, başqa bir qrup isə dini və əxlaq baxımından asiyalı kimi hiss etdiklərini deyiblər.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Azərbaycanlılar özlərini avropalı hiss edirlərmi?

Əlaqələrin qısa xülasəsi

25 yanvar 2001-ci ildə isə Strasburqda Azərbaycan rəsmən Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul edilib. 2004-cü ildə Azərbaycan Aİ-nin Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib. 2011-ci ilin yanvarında isə İlham Əliyev və Avropa Komissiyasının sabiq prezidenti Jose Manuel Barroso enerji sahəsində Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalayıb.

Azərbaycan və Avropa arasında son illərdə ən çətin münasibətlər 2015-ci ildə mövcud olub. Belə ki, həmin il sentyabrın 10-da Avropa Parlamenti Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul edib.

Bundan sonra Azərbaycan qətnaməni "ədalətsiz və qeyri-obyektiv" adlandıraraq AP ilə münasibətlərini kəsib. Milli Məclis Euronest Parlament Assambleyasında iştirakının dayandırılması prosedurlarına başlamaq haqqında qərar qəbul edib. Həmçinin Avropa İttifaqı ilə Strateji tərəfdaşlığa dair sazişin müzakirəsi üçün Avropa İttifaqı Komissiyası heyətinin Azərbaycana səfəri təxirə salınıb.

Münasibətlər düz bir il sonra, Milli Məclisin "Avropa Parlamenti (AP) ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında" qərar qəbul etməsindən sonra yumşalıb.

Seçkilərin Monitorinqi və Demokratik Təsisatlar ictimai birliyinin sədri Anar Məmmədlinin sözlərinə görə, münasibətlərə həyata keçirilən proqramlar səviyyəsində baxmaq lazımdır:

"Təəssüflər olsun ki, 2009-cu ildə Avropa İttifaqı (Aİ) tərəfindən Şərq Tərəfdaşlığı (ŞT) haqqında təşəbbüsə Azərbaycan da dəvət olundu və Azərbaycanın indiyə qədər prosesdə iştirakı ürəkaçan səviyyədə olmayıb. ŞT-ə cəlb olunmuş 6 ölkədən üçü hazırda Avropa ilə Assosiasiya sazişi imzalayıbsa, Azərbaycan, Ermənistan və Belorusda bu, demək olar ki, müzakirə predmeti belə deyil."

Cənab Məmmədli qeyd edir ki, bu səbəblər hakimiyyətin Aİ-ə inteqrasiya və Aİ ilə münasibətləri nə dərəcədə yüksək səviyyədə saxlanılmasında maraqlı olduğunu göstərir.

Fotonun müəllifi FREDERICK FLORIN/AFP/Getty Images
Image caption Avropa Parlamenti (AP) 2015-ci ildə Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul etdikdən sonra Azərbaycan AP ilə münasibətlərini kəsib.

"Yeni müstəqillik əldə etmiş ölkəyik, siyasi sistemi kövrəkdir, demokratiya sahəsində ciddi nailiyyətlər əldə etməmişik, insan haqlarının müdafiəsi ilə bağlı ciddi problemlərimiz var, iqtisadiyyatımız neft gəlirləri üzərində qurulub və iqtisadiyyatda differensiallaşma prosesi baş verməyib", deyən Məmmədli süşünür ki, Azərbaycan bu problemləri ŞT vasitəsilə həyata keçirə bilərdi, "..təəssüflər olsun ki, bu proqram lazımınca dəyərləndirilə bilmir, istifadə edilmir".

Avropaya maraq göstərən toplum

Vətəndaşlara gəldikdə, cənab Məmmədli onların daha çox Avropa institutları ilə bağlı olan, Avropaya maraq göstərən, Avropanın nailiyyətlərindən istifadə etməyə çalışan bir toplum olduqlarını qeyd edir.

"Bizim gündəlik məişətimiz, yaşayış tərzimiz Avropaya daha çox uyğundur, Avropa qiyafəsindəyik. Çox istəyirik ki, Avropa istehsallı maşınlarda gəzək, avropalı dəbində geyinək."

"Ancaq dünya görüşü baxmından bizim Avropaya tam inteqrasiya etdiyimizi söyləyə bilmərik. Bizim ictimai fikrimiz daha cox qeyri-avropalı dünya görüşüdür. İdarəçilik sistemimiz Avropaya inteqrasiya etməyib, universal dəyərlərə münasibətimizdə Avropa olduğumuzu deyə bilmərik."

Məmmədli düşünür ki, Avropanın çıxdaş edilməsi daha çox rəsmi təbliğatdır, əslində isə bu belə deyil:

"...insanların maddi durumları imkan yaratsa, onlar Avropada daha çox təhsil alarlar, daha çox dincələrlər, necə ki Azərbaycanın zəngin məmurları Avropa ölkələrinə səyahət etməyə, ticarətə, yatırım qoymağa, boş vaxtlarını daha çox Avropada keçirirlər, imkanları olduqca öz övladlarını daha çox Avropaya oxudurlar."

"Şəxsi ambisiyalar"

Siyasi təhlilçi Azər Rəşidoğlu da düşünür ki, Azərbaycanla Avropa arasında rəsmi əlaqələr kifayət qədər inkişaf etməsə də, "biznes maraqları" istisnadır.

"Məmurların övladları Avropada təhsil alır, müalicə üçün Avropaya gedirlər, sərvətlərini Aİ banklarında saxlayırlar - bu baxımdan Avropa ilə əməkdaşlıq onlar üçün sərfəlidir, amma bu, şəxsi ambisiyalarına uyğun deyil."

Fotonun müəllifi SHAUN CURRY/AFP/Getty Images
Image caption Birləşmiş Krallıqda yerləşən Cambridge universiteti kimi yüksək səviyyəli universitetlər imkanlı ailələrin övladlarını təhsillərini Avropada davam etməyə cəlb edir.

Rəşidoğlu izah edir ki, Avropa ilə əməkdaşlıq öhdəlikləri əməl etməkdən keçir- "onlara əməl etmək avtoritar idaəretmə və korrupsiyanın qarşısını almaqdır. Azərbaycan özünü Avropa ailəsinin bir hissəsi hesab edirsə, demokratik prinsiplərə əməl etməlidir, əks halda bu münasibətlər normallaşa bilməyəcək."

Ümumilikdə isə, təhlilçi Azərbaycanın gələcəyini Avro-atlantik məkana inteqrasiya və Qərblə daha sıx əməkdaşlıqdan keçdiyini bildirir.

"Lakin Azərbaycan istəsə də, Avropaya inteqrasiyanı dayandıra bilməz . Rusiya ilə əməkdaşlıq, sadəcə Avropa dəyərlərini yerini yetirməkdən sığortalanmaq üçün atılmış addımdır, Qərb ritorikası, müəyyən strukturların tərkibindən çıxmaq, demokratik tələbləri yumşaltmağa yönəlib. Azərbaycan coğrafi şərait və qonşularını nəzərə alaraq Avropanı şantaj edir."

Əməkdaşlıq və tərəfdaşlıq

Azərbaycan Avropa Parlametinin əməkdaşlıq qrupunun üzvü, deputat Asim Mollazadə isə qeyd edir ki, Azərbaycanla Aİ arasında münasibətlər əməkdaşlıq və tərəfdaşlıq səviyyəsindədir və hazırda Azərbaycanın Aİ ilə tərəfdaşlığı həyata keçirilir.

"Azərbaycan Aİ ilə enerji sahəsində müvafiq əməkdaşlıq sazişini imzalayıb və Aİ-nin enerji təhlükəsizliyi üçün çox böyük rol oynayır."

Cənab Mollazadə hazırda Azərbaycanın Aİ ilə ümumi tərəfdaşlıq - siyasi, humanitar və sosial məsələlər üzrə iki tərəfli sazişin hazırlanması üzərində işlədiyini bildirir.

"Artıq müvafiq qərarlar var, bu istiqamətdə işlər başlayıb. Düşünürəm ki, belə bir saziş Azərbaycanın Ai ilə bir necə sahələrdə (təhsil, iqtisadi münasibətlər və mədəniyyət) tərəfdaşlıq və əməkdaşlığını gücləndirə bilər."

Asim Mollazadə Azərbaycanın dəyərlər baxımından İslam-Türk dünyasında ilk dünyəvi dövləti kimi Avropa mədəniyyəti istiqamətində ilkin çox böyük zirvələri fəth etmiş xalq və dövlət olduğunu hesab edir.

"Mədəniyyət sahəsində, ilk teatr Azərbaycanda yaradılıb, ilk dünyəvi dövlət, çoxpartiyalı parlament - hamısı Azərbaycan xalqının tarixi nailiyyətləridir."

Hərçənd ki, deputat formal olaraq Aİ-ə üzvlüyü məsələsində Azərbaycanın daha ehtiyatlı davranmasını məsləhət görür:

"Azərbaycan ciddi hesablamalıdır ki, bunu etməyə dəyərmi, ya yox. Bu düşünməyə vadar edir ki, qardaş olan ölkəni [Türkiyəni nəzərdə tutur] qəbul etmirler, belə halda təşkilata üzv olmağa dəyər ya yox".

Buna baxmayaraq, o tərəfdaşlıq və əməkdaşlığın Azərbaycan üçün mühüm amil olduğunu və Azərbaycanın xalqın müdafiə etdiyi dəyərlərlə Aİ ilə əməkdaşlığa hazır olduğunu qeyd edir.

Bu barədə daha geniş