Mətbuat icmalı: Hərracda tələb ödənilməsə dollar 2 manatı keçəcək

"Azadlıq": İlkin Rüstəmzadənin səhhəti pisləşib

Nida Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Məsud Əsgər bildirib ki, "Nidaçı vicdan məhbusu İlkin Rüstəmzadə ciddi xəstədir. Vəziyyəti getdikcə daha da pisləşir"

Onun sözlərinə görə, İlkin Rüstəmzadənin mədəsində və bağırsağında şiddətli ağrılar var. Ancaq aidiyyatı qurumlar onun dəfələrlə müraciətinə baxmayaraq səhhətindəki ciddi problemlə maraqlanmır. Belə davam etsə, İlkin ölümlə üz-üzə qala bilər.

2013-cü ildə "Əsgər ölümlərinə son" mitinqlərinin təşkilatçılarından biri olan İlkin Rüstəmzadə Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən "vicdan məhbusu" kimi tanınır.

"Azadlıq": Qadınlar da 65 yaşında pensiyaya çıxacaq

Pensiya islahatları ilə bağlı yeni qanun layihəsi haqda bilgiləndirən və israrla adının çəkilməsini istəməyən hökumətdəki yüksək vəzifəli məmurun verdiyi məlumata görə, qanun layihəsinin təşəbbüskarı da elə təmsilçisi olduğu qurum və Prezident Administrasiyasının (PA) müvafiq şöbəsidir.

Mənbə bildirib ki, əsas məsələ ölkədə pensiya yaş həddinin artırılmasıdır.

"Bildiyiniz kimi, axırıncı, yəni, bir neçə il öncəki dəyişiklikdən sonra ölkədə qadınların pensiya yaş həddi 60 yaşa qaldırıldı. İndisə qadınların pensiya yaş həddinin daha 5 il artırılması, yəni, kişilərlə bərabər 65 yaşa qaldırılması təklif olunur. Ancaq bu proses birdən-birə baş verməyəcək, yəni, yarım illə, mərhələlərlə həyata keçiriləcək və nəhayət də qadınların pensiya yaş həddi 65 yaş olacaq. Qadınlar da artıq kişilər kimi, 65 yaşında pensiyaya çıxacaqlar. Digər iki mühüm müddəa da var ki, onlar barədə hələlik heç nə demək istəmirəm. Fevralın 3-də parlamentin müvafiq komitəsində keçiriləcək müzakirələrə nazir Səlim Müslümovun da qatılması elə bununla bağlıdır. Nazirimizin orada geniş çıxış edəcəyi və təfərrüatlı məlumat verəcəyi gözlənilir… " - deyə bildirib.

"Azadlıq": Azərbaycan Avropaya gedən şikayətlərin sayına görə də irəlidədir

Fotonun müəllifi FREDERICK FLORIN
Image caption Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2016-cı ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2016-cı ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. Azərbaycan hesabatda adı daha çox nəzərə çarpan 10 ölkədən biridir.

Sənəddə deyilir ki, hazırda Azərbaycandan daxil olan 1650 şikayət baxılmasını gözləyir. Bu kateqoriyada Azərbaycan 8-ci pillədə dayanır.

"...AİHM 2016-cı ildə Azərbaycanla bağlı mahiyyəti üzrə 16 qərar qəbul edib. Hesabatda həmin qərarların hamısında hüquq pozuntusunun tanındığı qeyd olunur. ...Azərbaycanda ən çox azadlıq və toxunulmazlıq hüququnun pozulduğu qeyd olunur. 16 qərarın 10-da bu hüququn pozuntusu tanınıb", - yazıda deyilir.

"Ötən il Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə 333 şikayət daxil olub. Əvvəlki ildə isə bu göstərici 268 olub.

Sənəddə Avropa İnsan Hüquqları Məhkəməsinin indiyədək Azərbaycanla bağlı mahiyyəti üzrə 122 qərar çıxardığı qeyd olunur. Həmin qərarlardan 118-də azı bir hüququn pozuntusu qeydə alınıb. Pozuntu olmayan qərar olmayıb.

Ümumi statistikaya görə, Azərbaycanla bağlı işlərdə ən çox ədalətli məhkəmə araşdırması hüququ pozulub. 44 işdə belə pozuntu qeydə alınıb. Sonrakı yerdə azadlıq və toxunulmazlıq hüququ gəlir. 34 işdə bu hüququn pozuntusu tanınıb", - deyə yazıda qeyd edilir.

"Azərbaycan": Xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarımızda ticarət nümayəndələri təyin ediləcək

Prezident İlham Əliyev ötən gün Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalayıb. Sənəddə deyilir:

"...Xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri təyin etsin.

2. Müəyyən edilsin ki:

2.1. ticarət nümayəndəsi təyin olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görür;

2.3. ticarət nümayəndəsi ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinə tabedir, konsulluğa təyin olunan ticarət nümayəndəsi Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə təyin olunmuş ticarət nümayəndəsinin ümumi rəhbərliyi altında fəaliyyət göstərir..."

"Azərbaycan": Azərbaycan Respublikasının "Əmək" ordeni təsis edilir

Azərbaycan Respublikasının "Əmək" ordeninin qəzetdə dərc edilmiş statutunda deyilir:

"1.1. Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:

1.1.1. sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə;

1.1.2. kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə;

1.1.3. istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə;

1.1.4. yüksək keyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər".

"Yeni Müsavat": DTX xüsusi əməliyyat keçirərək dini ekstremisti məhv edib

Ötən gün, yanvarın 26-da Dövlət Təhlükəsizliyi Xidməti silahlı cinayətkarın - dini ekstremist, Azərbaycan vətəndaşı Ocaqov Ceyhun İslam oğlunun tutulması üçün xüsusi əməliyyatı keçirib.

Əməliyyat zamanı cinayətkar silahlı müqavimət göstərib.

Məlumatı DTX-nın ictimai əlaqələri üzrə şəbəsi virtualaz.org-a verib.

Məlumatda deyilir ki, DTX əməkdaşları qanuna uyğun olaraq silah tətbiq ediblər. Nəticədə cinayətkar məhv edilib.

fins.az: Hərracda tələb ödənilməsə dollar 2 manatı keçəcək

"Son valyuta hərraclarında bankların dollara tələbatı ödənilmədiyi üçün manat ucuzlaşmaqda davam edir. Hazırda banklarda və "qara bazar"da dolların alışı 1.92-1.93 manat, satışı isə 1.96-1.97 manat səviyyəsindədir. Bu gün keçiriləcək valyuta hərracının nəticəsindən aslı olaraq dollar gözlənilən 2 manatlıq psixoloji həddi keçə bilər", - yazıda deyilir.

İqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, növbəti 2-3 valyuta hərracında dollara olan tələbat ödənilməzsə və ucuzlaşma hazırki dinamika ilə davam edərsə, dolların məzənnəsi 2 manatlıq psixoloji həddi keçiləcək. Proses belə davam edərsə, manatın kəskin ucuzlaşması baş verəcək. Bu zaman "qara bazar"da da kəskin ucuzlaşma hiss ediləcək. Onun sözlərinə görə, ümumilikdə 2017-ci il ərzində manatın məzənnəsi 2,2-2,5 manat səviyyəsində formalaşacaq.

Ekspert əlavə edib ki, əks proses baş verərsə, yəni valyuta hərracına tələbə uyğun həcmdə dollar çıxarılarsa, bu zaman manatın qısa müddətdə 3-5% möhkəmlənmə ehtimalı var. Bu, dollarlaşma prosesi çərçivəsində hazırda xeyli dollar kütləsinin yığılması ilə bağlıdır və manatın psixoloji həddi keçməməsi dollarla bağlı bazarda təklifi artıracaq.

Əlaqəli mövzular