Binəqədidəki yanğına görə təqsirləndirilənlərə 3.5-8 ilədək hökm oxunub

Binəqədi yanğın

Bakı Ağır Cinayətlər Məhkəməsi paytaxtın Binəqədi rayonundakı yaşayış binasında 15 nəfərin ölümünə səbəb olmuş yanğına görə təqsirləndirilənlər barəsində hökm çıxarıb.

İttiham edilənlərdən, "Qlobal Stone" və "Global Constuction" MMC-nin təsisçisi Miryusif Mahmudov 3 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov 5 il, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov və 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbovun hər biri 4 il və 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İki nəfər - "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyova isə şərti cəza verilib.

Bundan başqa, məhkəmə dövlət ittihamçısı əmlak müsadirəsini tələb etməsə də, təqsirləndirilən şəxslərin üzərlərinə həbs qoyulmuş əmlakların müsadirə olunması haqda qərar çıxarıb, təqsirləndirilənlərdən birinin vəkili BBC Azərbaycancaya təsdiqləyib.

Uğur Bəşirovun vəkili Cavid Rzazadə hökm qərarını "açıq-aşkar haqsızlıq" hesab edib.

Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası 2015-ci il mayın 19-da yanıb yanıb.

Hadisə nəticəsində həmçinin 50 nəfər yaralanıb. Hadisədən bir gün sonra Baş Prokurorluq açıqlayıb ki, yanğın faktı ilə bağlı "qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə" fasadlanma işlərini aparmış "Global Construction" şirkətinin rəhbəri Miryusif Mahmudov şübhəli şəxs qismində saxlanılıb.

Prokurorluğun məlumatına görə, yanğın faktı üzrə Cinayət Məcəlləsinin "vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda" və "ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma" maddələri üzrə cinayət işi açılıb.

Dövlət ittihamçısı Mahmudovun 10, Əsgərovun 7, Bəşirovun 8, Novruzovun 7, Rəcəbovun 7, Orucovun 5, Məmmədovun 5 və Əlibəyovun 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Bakıda yanğın və xilasetmə əməliyyatı - fotoqalereya

Yanan binaya süni örtük çəkilib - şəkillər

Vəkil Cavid Rzazadə məhkəmədən sonra BBC Azərbaycancaya bildirib ki, məhkəmələr boyunca təqsirləndirilənlər ittihamları qəbul etməyib:

"Uğur Bəşirovun nəinki cinayət törətmədiyi, ümumiyyətlə, baş vermiş hadisəyə heç aidiyyatı yoxdur. Biz fotoşəkillər də, ekspertiza rəyi də təqdim etdik ki, binaya üzlük vurulması 2013-cü ilin martın 2-si bitib, amma Bəşirov iyunun 2-də direktor təyin edilib, yəni üzlənmə bitəndən sonra. O, bu zamanadək Gəncədə işləyib. Məhkəmə fotoşəkillərin ekspertizasını keçirməkdən çəkindi, biz özümüz Moskvada ekspertiza keçirib məhkəməyə təqdim etdik."

"Müvafiq qurumlar prezidentə ilk müşavirədə bu şirkətlərin adını məruzə etdilər... Araşdırmanın gedişatında görəndə ki, onların sənədləri yerindədir, cəsarətlənib prezidentə düzgün məlumat verməkdən çəkindilər. Bilsələr də, haqsızdırlar, ittihamı verdilər və cəzanı təyin etdilər", deyən vəkil əlavə edib ki "açıq-aşkar haqsızlıqdır".

"Uğur Bəşirovun atadan miras qalmış bir əmlakı var, orada anası və bacıları yaşayır. Həmin əmlaklara qiymət də qoyulmayıb və araşdırma aparılmadan müsadirə edilib.

Medianın məlumatına görə, məhkəmə öz təşəbbüsü ilə dövlətə dəyən 8,7 milyon manatlıq ziyanın qarşılığında təqsirləndirilənlərin əmlaklarının müsadirə olunması haqda qərar çıxarıb. APA agentliyi yazır ki, həmçinin Mahmudovun torpaq sahələri, mənzilləri və digər təqsirləndirilənlərin əmlaklarının müsadirə olunmasına qərar verilib.

Cənab Rzazadə qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.