Müsəlman Birliyi hərəkatının üzvü Əhsən Nuruzadəyə 10 sutka cəza verilib

Əhsən Nurullazadə

Müsəlman Birliyi hərəkatının üzvü Əhsən Nuruzadə Nərimanov rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 10 sutkalıq həbs edilib, vəkil Yalçın İmanov BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, Əhsən Nuruzadə yanvar ayının 24-də Nərimanov metrosu yaxınlığında mülki geyimlilər tərəfindəın "oğurlanıb" və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

"O bir saat sonra Nərimanov rayon məhkəməsinə gətirilib və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci, yəni polisin qanuni tələblərinə tabe olmamağa görə 10 sutkalıq həbs edilib", vəkil deyir.

Əhsən Nuruzadədən 1 həftədir ki ailəsi və qohumları xəbərsiz olub, qohumları deyir.

Yalçın İmanov bildirir ki, qanunvericiliyə əsasən inzibati qaydada həbs olunanlar dərhal inzibati həbs olunanların saxlanılma məntəqəsinə aparılmalıdır, lakin Əhsən Nuruzadə yalnız yanvar ayının 30-da günorta saatlarında Binəqədi rayonunda yerləşən inzibati həbs olunanların saxlanılma məntəqəsinə aparılıb.

Bu günə qədər o, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb və hər gün dindirilib, vəkil qeyd edir.

"Ondan Taleh Bağırov, Oqtay Şirəliyev, jurnalist Zümrüd Yağmur, Milli Şura əlaqələri barədə izahatlar alıblar. Niyə Talehi müdafiə etdiyini, Müsəlman birliyi hərəkatının İranla əlaqələri, maliyyə mənbələri ilə bağlı soruşublar", deyən vəkil bazar ertəsi Əhsən Nuruzadə ilə görüşdüyünü də əlavə edir.

Daxili İşlər Nazirliyinin sözçüsü isə bu barədə araşdırma apardıqdan sonra məlumat verə biləcəyini bildirib.

Vəkil onu da qeyd edir ki, Əhsən Nuruzadənin əhvalı yaxşıdır və "ona işgəncə verilmədiyini" deyib.

"Ona psixoloji təzyiq edilib. Əməkdaşlıq təklif ediblər. O imtina edib", vəkil bildirir və qeyd edir ki, o Apellyasiya məhkəməsinə müraciət edəcək.

Əhsən Nuruzadə Müsəlman Birliyi hərəkatının üzvüdür və Taleh Bağırov və digər şəxslərin məhkəmələrində iştirak edib.

Ötən ilin noyabr ayında Nardaranda keçirilən əməliyyat zamanı Müsəlman Birliyi hərəkatının üzvü Taleh Bağırov və digərləri həbs edilib. Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurmada ikisi polis əməkdaşı daxil olmaqla, 6 nəfər öldürülüb.

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərə qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən həftənin çərşənbə günü verdiyi hökmə əsasən, Taleh Bağırzadə və Abbas Hüseynova 20, Fuad Qəhrəmanlıya 10, Rasim Cəbrayılova 17 il həbs cəzası verilib.

Bu barədə daha geniş