Əmək haqqından borc tutulanlar

Kredit kartı Fotonun müəllifi Thinkstock

Azərbaycanda son iki ildə milli valyutanın dəyərinin kəskin azalmasından sonra, əhalidə bank kreditlərinin ödənilməsində çətinliklər yaranıb.

Bir çox hallarda banklar məhkəmələrə müraciət edib və əmək haqqı kartlarından bankın xeyrinə vəsaitlər tutulmağa başlanıb.

BBC Azərbaycancaya danışan iki şikayətçi isə, bankların kartlardan daha çox vəsait tutduğunu deyib.

Şikayət edilən Unibank və AG Bank sözçüləri isə bu iddiaları yanlış adlandırıb.

Səriyyəxanım Hüseynova

Səriyyəxanım Hüseynova Unibank-dan Albalı kart, üzvülük kartı olduğunu və bu banka nəğd kredit borcu da olduğunu bildirir.

O, bildirir ki, 2015-ci ildə bütün bu hesabların bir hesab halına salınması üçün banka müraciət edib. Müsahibimiz bankın razılaşdığını deyir və qeyd edir ki, həmin ərəfədə Azərbaycan manatının dəyərsizləşməsi ilə bank AZN ilə olan borcu 6400 USD kimi müəyyən edib.

O, banka 2300 manat ödəniş etdiyini, daha sonra ödəniş edə bilmədiyindən məhkəməyə müraciət edildiyini qeyd edir.

O bildirir ki, məhkəmə ümumi borc məbləğini yenidən 6400 dollar müəyyənləşdirib. Və onun əmək haqqının 50 faizinin bank tərəfindən tutulmasına göstəriş verib.

Səriyyəxanım Hüseynovanın sözlərinə görə, Unibank onun əmək haqqının yarısını yox, daha çoxunu tutur və bəzi aylarda kartdakı vəsaitdən 1-dən daha çox dəfə pul götürülür.

"400 manat əmək haqqı alıram, onun yarısını çıxmalıdırlar. Amma daha çox tutur. Ötən aylarda 272 manat bir tutulub, 247 manat da bir. Hətta ezamiyyət pulumdan da tutulub", o deyir.

Müsahibimiz qeyd edir ki, bu ödənişlərə görə dolanışığı çətinləşib.

"Mən krediti götürəndə bir dollar 78 qəpik idi. İndi amma 190-dan çoxdur. Yoldaşım ikinci qrup əlildir, oğlum işləmir. İşlədiyimi bank tutur. Ondan-bundan borc alıb dolanıram", o bildirir.

Bank nə deyir?

Unibank nümayəndəsi isə BBC Azərbaycancaya deyir ki, "müştərinin verdiyi məlumatlarda ciddi yanlışlıqlar var".

Bank təsdiqləyir ki, müştəri devalvasiyadan öncə Unibanka müraciət edərək Albalı kart, üzvülük kartı və nağd kreditlərinin birləşdirilərək bir məbləğ üzrə borc ödəmək istədiyini bildirib.

Unibank bildirir ki, bu zaman Səriyyəxanım Hüseynovanın bank qarşısında 3500 manatdan artıq öhdəliyi olub.

Unibank nümayəndəsi Səriyyəxanım Hüseynovanı manatla deyil dollarla kredit ayrılacağı barədə məlumatlandırdığını və məhkəməyə qədər onun banka 1190 dollar pul ödədiyini qeyd edir. Bank hesab edir ki, bu məbləğ ilk devalvasiya nəzərə alındıqda təxminən 1250 manat edir.

Bank bildirir ki, əgər müştəri sözu gedən kreditə görə banka daha çox ödəniş etdiyini iddia edirsə, çeklərlə müraciət edərsə, bank bunu araşdırmağa hazırdır.

Unibank məhkəmə qərarına əsasən, müştərinin əmək haqqından heç vaxt 50 faizdən artıq tutulma etmədiyini bildirir.

Hüquqşünas nə deyir?

Səriyyəxanım Hüseynovanın müsahibəsini şərh edən hüquqşünas Əkrəm Həsənov BBC Azərbaycancaya deyir ki, müştərinin yazılı razılığı olmadan kredit müqaviləsinin heç bir şərti, o cümlədən, kreditin valyutası dəyişdirilə bilməz. Bu məbləğ yalnız müştərinin yazılı razılığı, o cümlədən imzaladığı yeni müqavilə əsasında dollara çevrilə bilər.

Hüquqşünas deyir ki, müştərinin məhkəmədən əvvəl etdiyi ödənişlər əsas borcdan silinməli idi. Amma o, həmçinin qeyd edir ki, ödənilmiş bu məbləğ bank tərəfindən vətəndaşın ödədiyi faizlərin və cərimələrin ödənilməsi kimi tutula bilər.

Əkrəm Həsənov vurğulayır ki, qanunvericiliyə görə, əmək haqqından tutulma edilərsə, şəxsin və ya onun himayəsində olan şəxslərin yaşayış minimumu nəzərə alınmalıdır.

Səriyyəxanım Hüseynovanın himayəsində ikinci qrup əlilliyi olan şəxs var. Bu halda borclunun və himayəsində olan şəxslərin yaşayış minimumu mütləq təmin olunmalıdır, o deyir.

"Bundan sonra əmək haqqından nə isə qalırsa, borcun ödənilməsinə yönəldilməlidir və hər bir halda əmək haqqının maksimum yarısı tutula bilər", hüquqşünas qeyd edir.

Şahnaz Miriyeva

AG Bankdan bir neçə il əvvəl 10 min manta məbləğində kredit götürmüş Şahnaz Miriyeva da əmək haqqından müəyyən olunmuş məbləğdən daha çox tutulma edildiyini deyir.

Şahnaz Miriyeva AG Bank-dan 10 min manat pul götürdüyünü və bir neçə ay ərzində 3 min manat ödəniş etdiyini deyir.

O bildirir ki, sonradan qalan 7 min manat borcu ödəyə bilməyib və AG Bank onun borcunu 18 min manat müəyyən edərək məhkəməyə müraciət edib.

Hazırda Şahnaz xanım bildirir ki, bank onun əmək haqqının 50 faizindən daha çox məbləğ tutur.

Onun sözlərinə görə, bəzi aylarda, bank xanıma 100 və ya 80 AZN saxlayır, bəzi aylarda isə bütün əmək haqqı götürülür.

"Ayda 250, 280 manat çxır, bir də görürsən hamısını çıxır. Sözlərimə baxmırlar", o deyir.

Şahnaz Miriyeva ailədə 5 nəfərin qeydinə qaldığını deyir. O deyir ki, əmək haqqı 380 manatdır.

Müsahibimiz banka artıq tutulma ilə bağlı şikayət etsə də, onu dinləmədiklərini qeyd edir.

Bank nə deyir?

AG Bankın nümayəndəsi BBC Azərbaycancaya deyir ki, Binəqədi rayon Məhkəməsinin 2012-ci ilin iyununda verdiyi qətnaməyə əsasən, Miriyeva Şahnaz Əbülfəz qızından "AGBank" ASC-nin xeyrinə 19803.54 manat pul tutulmalıdır.

Bank bildirir ki, əmək haqqından tutulma məhkəmə qərarı ilə deyil, icra məmurunun qərarı ilə icra edilir.

Borcun necə 18000 manatdan çox məbləğə çevrilməsi və əmək haqqından müəyyən edilmiş məbləğdən daha çox vəsaitin tutulması ilə bağlı suallara isə bank cavab verməkdə məsul olmadığını bildirib.

Hüquqşünas nə deyir?

Hüquqşünas Əkrəm Həsənov deyir ki, qalıq 7 min borcun 18 minə çevrilməsi o halda baş verə bilər ki, bank borcun üstünə yüksək faiz və cərimələr hesablayıb.

Hüquqşünas deyir ki, vətəndaş məhkəmədə bunu mübahisələndirməli və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini tələb etməli idi ki, bankın hesablamaları yoxlanılsın.

Bununla yanaşı vətəndaş cərimələrin silinməsini də tələb etməli idi. Əkrəm Həsənov deyir ki, əksər hallarda məhkəmələr belə tələbləri təmin edir.

Bu barədə daha geniş