Mətbuat icmalı: İlham Əliyev: Məmur yekəxanalıq etməməli...

Fotonun müəllifi Getty Images

"Yeni Müsavat": İlham Əliyev: "Məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır"

Prezident İlham Əliyev yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda

Çıxış edən prezident İlham Əliyev məmurlara növbəti dəfə xəbərdarlıq edib: "İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. ...Biz "ASAN xidmət"i yaratdıq, hələ bir şikayət eşitməmişəm. ...Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir. Hər şey məmurlardan asılıdır. Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar", - prezident deyib.

lent.az: Bakıda qadın müəllim banka hücum edib şüşələri sındırıb

Bakıda qadın bank filialının şüşələrini sındırıb. Bakıxanov qəsəbəsindəki bank filialına hücum edən 46 yaşlı Flora Qarayevanın orta məktəb müəllimi olduğu üzə çıxıb.

F.Qarayevanın həmin banka kredit borcu olduğu bildirilir. .

"Polis tərəfindən saxlanılan F.Qarayeva daha sonra sərbəst buraxılıb.

Faktla bağlı 13-cü Polis Bölməsinin təhqiqat şöbəsində araşdırma aparılır", - xəbərdə deyilir.

"Azərbaycan": Prezident Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Sərəncamda "kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, görkəmli alim və hərbi xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü", general-leytenant Kərim Kərimovun 2017-ci ilin noyabr ayında 100 illiyi tamam olacağı qeyd edilir.

Sərəncamda deyilir: "Kərim Kərimov kosmik aparatların və raket texnikasının yaradılması, kosmosa uçuşların intensivləşməsi və kosmonavtikanın inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər göstərmişdir.

...Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi ilə birlikdə Kərim Kərimovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin."

"Azərbaycan": Prezident İlham Əliyev Qətərin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Xalq qəzeti": Prezident İlham Əliyev Avropa Komissiyasının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Yanvarın 30-da Prezident İlham Əliyev Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın, o cümlədən ixracın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, enerji, həmçinin TAP, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə görülən işlərdən danışdı, bütün bu sahələrdə həyata keçirilən mühüm layihələrin Avropa İttifaqı ilə əməkdaşlıq müstəvisində önəmini xüsusi qeyd etdi", - xəbərdə deyilir.

"Azadlıq": Maşallah Əhmədov məhkəmə zalında həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb, hökm elan olunub.

Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Dövlət ittihamçısı M. Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 178 min manat dəyərin xaricdən daş plitə gətirəcəyini vəd etsə də, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Onun barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

Bu barədə daha geniş