Azərbaycan: qarlı-şaxtalı hava şəraiti davam edir

Hüseyn Cavid prospekti Fotonun müəllifi Xanım Cavadova
Image caption Hüseyn Cavid prospekti təmizlənməsə də, Əzizbəyov heykəli dairəsindən Milli Məclisin qarşısı ilə mərkəzə gedən yollarda qarın təmizləndiyi gözə dəyib

Bakıda və rayonlarda qarlı-şaxtalı hava şəraiti davam edir.

Hava şəraiti bu səhər işə gedənlərin əksəriyyətini nisbətən uzun müddət ictimai nəqliyyat gözləməyə vadar edib.

Bakı Nəqliyyat Agentliyi bildirib ki, səhər saatlarında əksər küçə və prospektlərdə, - Heydər Əliyev prospekti (şəhər istiqaməti), Yusif Səfərov (şəhər istiqaməti), Ziya Bünyadov prospekti (hər iki istiqamət, xüsusən də körpü və tunellərdə), Bakıxanov (küçəsi körpünün üstü), Tbilisi prospekti, Zığ yolu-Nobel prospekti, Şərifzadə, Mətbuat prospekti və 20 yanvar dairəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Bundan başqa, agentlik 77, 205, 53, 31, 39, 50, 64, 94, 211 nömrəli marşrut xətlərinin müvəqqəti istismarçılarına intervala əməl olunması, təhlükəsizlik qaydalarına riayət , avtobusların texniki cəhətdən saz vəziyyətdə olması barədə xəbərdarlıq edib, APA yazır.

"Azəravtoyol" ASC isə bildirib ki, balansında olan küçə və prospektlərdə gecədən bəri təmizlik işləri aparılır, cəmiyyətin sözçüsü Anar Nəcəfli bildirib.

"Bakı-Sumqayıt, Bakı Dairəvi yolu, Yeni Yasamal və bu kimi digər problemli ərazilər öncədən nəzarətə götürülüb. 1000-dən artıq maşın-mexanizm respublika yollarında, Bakı şəhərində isə 300-dən artıq texnika xidmət göstərmək üçün hazır vəziyyətdədir və ərazilərə cəlb olunub. Duz, qum ehtiyatı isə kifayət qədərdir."

Cənab Nəcəfli adətən tıxacları ilə tanınan Bakı-Sumqayıt yolunda "problem olmadığını" qeyd edib:

"...bir çox hazırlıqsız sürücülər var ki, belə havada yola çıxıblar, qəza durma işığını yandırıblar və çox aşağı sürətlər hərəkət edirlər. Çünki avtomobil şinlərinin protektoru yeyilmiş haldadır... Bu, həmçinin Rusiya istehsalı olan avtomobillərə də aiddir. Ona görə də müəyyən ərazilərdə sıxlıq yaranır. Bu vəziyyət bizim maşın-mexanizmin hərəkətinə də maneə yaradır. Maşınlarımız iriqabaritli və ağırdır. Yollarda yaranan problemə görə, bizim maşınlar da vaxtında lazım olan əraziyə çata bilmir. Buna baxmayaraq, yolların qardan təmizlənməsi işləri davam etdirilir."

Müxbirlərimiz taksilərin qiymətlərində ikiqat artım müşahidə edib. Taksi sifarişlərində də gözləmə müddətinin azı 25 dəqiqə artdığı bildirilir.

Regionlarda yolların vəziyyəti

Fotonun müəllifi Xanım Cavadova

Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, Bakı-Şamaxı-Yevlax, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Zaqatala-Balakən, Quba-Qusar yollarına və Ağsu aşırımında yağan qar nəticəsində buzlaşma müşahidə edilir.

İdarənin sözçüsü Kamran Əliyev bu ərazilərdə nəqliyyatın hərəkətində məhdudiyyət yaranmadığını deyib.

"Yollar nəqliyyatın hərəkəti üçün açıqdır. Lakin bununla belə, qarlı və buzlu yollardan istifadə edən sürücülərdən ehtiyatlı olmaları xahiş olunur. Texniki cəhətdən nasaz olan və qış mövsümünə uyğun şinləri olmayan avtomobil sahibləri yola çıxmasınlar," cənab Əliyev bildirib.

Rəsmi, çərşənbə axşamından bəri respublika üzrə 13 yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirib. Hadisələr nəticəsində 3 nəfər ölüb və 21 nəfər yaralanıb.

Qatar yollarının vəziyyəti

"Azərbaycan Dəmir Yolları" cəmiyyətinin sözçüsü bildirib ki, Sərnişin Daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışır:

"Bakı-Sumqayıt elektrik qatarının hərəkətində də heç bir gecikmə baş verməyib. Amma bölgələrə gedən qatarlarda 20-30 dəqiqə gecikmə baş verib. Hava şəraiti ilə əlaqədar maşinistlərə sürət həddinin azaldılması ilə bağlı tapşırıqlar verilib və gecikməyə səbəb də budur", cəmiyyətin sözçüsü Sevinc Qədirova bildirib.