DTX: dini ekstremizm zəminində "4 nəfər məhv edilib, bir nəfər saxlanıb"

DTX Fotonun müəllifi DTX

Dövlət Təhlükəsizlik Xidməti Azərbaycandan kənarda terror təşkilatın tabeçiliyini qəbul etmiş bir qrup şəxsi zərərsizləşdirdiyi barədə məlumat yayıb.

Məlumata görə, bir qrup şəxs partlayıcı maddələr və silah-sursat əldə edərək dini ekstremizm zəminində Azərbaycanın müxtəlif yerlərdə terror aktları planlaşdırıb.

"Dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan vətəndaşları - "Abu Hafsa" ləqəbli M.Ulubəyovun, "Abdulqərib" ləqəbli Q.Dəmirovun, "Əbdülxalid" ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və "Abdullah" ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib."

"Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib."

F.Sadıqov isə şübhəli şəxs qismində həbs edilib, Xidmət məlumat verib.

DTX hazırda istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini bildirib.