Aİ-95 Premium və Aİ 98 Super markalı benzinin qiymətləri 10 qəpik artıb

YDM Fotonun müəllifi APA

Azərbaycanda çərşənbə günündən bəri, idxal edilən və qiymətləri sərbəst təyin edilən Aİ-95 Premium və Aİ 98 Super markalı benzinin qiymətləri 10 qəpik bahalaşıb.

Turan agentliyi Aİ-95 Premium benzininin bir litrinin 1,15 manat, Aİ 98 Super markalı benzinin isə 1,20 manata satıldığını yazıb.

İndiyədək bu benzinlər müvafiq olaraq, 1.05 və 1.10 manata satılırdı.

Bu markalı benzinlərin qiyməti 13 yanvarda da artıb. Belə ki, Aİ-95 Premium 90 qəpikdən 1.05, Aİ 98 Super markalı benzininin qiyməti isə 95 qəpikdən 1,10 manata qaldırılıb.

Aİ-92 benzini və L-62 dizel yanacağının qiyməti dəyişməsə də, Turan agentliyi təhlilçilərin ümumi qiymət artımının yaxın gələcəkdə onların da bahalaşacağından ehtiyatlandığını yazıb.

SOCAR-ın sözçüsü Nizaməddin Quliyev yerli istehsal benzininin qiymətinin artması ehtimalları ilə bağlı belə deyib:

"Hazırda biz bununla bağlı belə bir məsələ müzakirə eləmirik və bununla bağlı heç yerə müraciətimiz olmayıb", rəsmi BBC Azərbaycancaya bildirib.