Mətbuat icmalı: "...biz ölkədə rəqabətin olmasını istəmirik?"

"Yeni Müsavat": Vahid Əhmədov: "Nəyə görə biz ölkədə rəqabətin olmasını istəmirik?"

"Strateji yol xəritəsinin həyata keçirilməsi üçün bir sıra addımlar atılmalıdır, qanunlar qəbul olunmalıdır. Amma çox təəssüflər olsun ki, bu qanunlar gündəliyə salınmır. Birincisi maliyyə nəzarəti haqqında qanunun qəbuludur" - deputat Vahid Əhmədov Milli Məclisdəki müzakirələr zamanı deyib.

O qeyd edib ki, əgər biz korrupsiya və rüşvətxorluğun müəyyən qədər aradan qaldırılmasını istəyiriksə, bu qanunun qəbulu çox mühümdür: "Maliyyə Naziriliyi də dəfələrlə deyib ki, bu qanunun üzərində işləyirlər. Ancaq bir neçə ildir ki, bu qanun Milli Məclisə daxil olmayıb. Xahiş edirəm, bu qanun gündəliyə salınsın".

V.Əhmədovun sözlərinə görə, qəbulu zəruri olan ikinci qanun Rəqabət Məcəlləsidir: "Bu layihə iki dəfə Milli Məclisdə müzakirə olundu. Amma sonradan Rəqabət Məcəlləsi hara getdi, necə oldu, xəbərim yoxdur. Əgər bu qanun qəbul olunmayacaqsa, açıq şəkildə millətə demək lazımdır ki, Azərbaycanda heç bir rəqabət olmayacaq. Nəyə görə biz ölkədə rəqabətin olmasını istəmirik, məqsəd nədir? Azərbaycanda monopoliyanı aradan qaldırmaq lazımdır. Bütün dünyada bu qanun qəbul olunsa da, Azərbaycanda qəbul olunmur. Hansı qüvvələrdir ki, bu qanunun qəbul olunmasına mane olur?"

Spiker O.Əsədov deyib ki, qanunun təşəbbüskarı iki müzakirədən sonra layihəni saxlayıb, geri qaytarıb. "Nə vaxt parlamentə daxil olacaqsa, onda da müzakirə edəcəyik".

V.Əhmədov əlavələr etmək istədikdə, spiker "Xahiş edirəm, yerindən danışma, mən qulaq asdım, sənin də hövsələn olsun, qulaq as" deyib.

"Azadlıq": MSŞT üzrə İdarə Heyətinin sədri Bakıya gəlib

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə Beynəlxalq İdarə Heyətinin sədri Fredrik Reynfeldt Bakıya rəsmi səfərində prezident İlham Əliyevlə görüşüb.

Cənab Reynfeldtin səfərindən öncə, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü Oqtay Güləliyev Facebook səhifəsində bildirib ki, "Vətəndaş cəmiyyətinin problemlərinin həllinə töhvə verə biləcək düşüncəsi ilə bizim də cənab Fredrik Reynfeldtin Bakı səfərindən müəyyən gözləntilərimiz var".

Cənab Güləliyev Azərbaycanda vətəndaş cəmiyyətinin çoxsaylı problemlərini, qanunvericilikdə qoyulmuş məhdudiyyətlər, donor təşkilatların fəaliyyətini tənzimləyən qaydaların qeyri- adekvat olması, QHT- lərin qeydiyyatı da daxil olmaqla bir çox problemləri sadalayıb. O, siyasi və ictimai xadimlərin qanunsuz həbsləri və onlara edilən digər təzyiqlərə də toxunub.

Oqtay Gülalıyev daha sonra MSŞT Koalisiyasının MSŞT üzrə İdarə Heyətinin sədri cənab Fredrik Reynfeldtə müraciətini təqdim edib.

fins.az: Deputat Elmira Axundova: "Deputat köməkçilərinə xüsusi status verilsin"

Milli Məclisin üzvü Elmira Axundova deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilməsini təklif edib.

Milli Məclisin plenar iclasında çıxış edən E. Axundova deyib ki, onların çoxunun mənzili yoxdur. O, sosial ipoteka üçün 3 il dövlət qulluqçusu stajı tələb olunduğunu nəzərə çatdıraraq deyib: "Xahiş edirəm ki, 125 deputat köməkçisinə 5 il fəaliyyətləri ərzində dövlət qulluqçusu statusu verilməsi məsələsi həllini tapsın".

Bu barədə daha geniş