Əsir düşən əsgərin ailəsi tərxis olunmağından "xəbərsizdir"

Əsgər
Image caption Azərbaycan və Ermənistan 1990-cı illərin əvvəllərindən bəri Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı səbəbilə münaqişə vəziyyətindədir

Qohumları cümə axşamı təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən saxlanıldığı bildirilən Elnur Hüseynzadənin ordu sıralarından tərxis olunmağından xəbərsizdir.

BBC Azərbaycancaya danışan Elnur Hüseynzadənin atası və dayısı deyir ki, Elnurun təxris olunmağı barədə məlumatı bu gün öyrəniblər.

"(Yanvarın) 31 günü əsgər paltarı ilə gəlib və gedib. İndi belə bir hadisə olub. Deyirlər ki, 28-də təxris olunub", atası Bərdə rayon Qullar kənd sakini Elman Hüseynov bildirir və qeyd edir ki, onun oğlu hərbi xidmət müddətini başa vurub və 2 aydır ki, "maxe (Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçu) işləyir".

Elnurun dayısı Elman Hacıyev sual edir ki, "əgər o təxris olunubsa niyə hər gün formasını geyinirdi?"

"Korpusa gəldik, dedilər təxris olunub. Bizim niyə məlumatımız yoxdur? Əmri hanı, müdafiə nazirinin əmri varsa baxaq? ", o qeyd edir.

Qohumları deyir ki, gecə saatlarında onlara "komandirlərdən və digər insanlardan" zənglər edilib və Elnurun harda olması soruşulub.

Daha öncə Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın informasiya agentliklərinin bir Azərbaycan əsgərinin əsir götürülməsi barədə yaydığı məlumatı təkzib edib və bildirib ki, xəbərdə adı çəkilən Elnur Hüseynzadə "mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil".

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir vətəndaşın təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən saxlanıldığını təsdiqləyib.

Qurumun rəsmi səhifəsində bildirilir ki, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb.

Qurum qeyd edir ki, məsələ ilə bağlı "zəruri tədbirlər görülür və ictimaiyyətə əlavə məlumat veriləcək.

Ermənistan mediası "Dağlıq Qarabağ Müdafiə Ordusu mətbuat xidməti"nin" məlumatına istinadən yazıb ki, fevralın 1-də Azərbaycan Silahlı Qüvvələri təmas xəttinin Talış yaşayış məntəqəsi istiqamətində kəşfiyyat-diversiya cəhdi edib, lakin cavab tədbirləri nəticəsində geri çəkilib.

Bundan başqa media yazıb ki, Azərbaycan hərbi qulluqçusu, 1995-ci ildə Bərdədə anadan olmuş Elnur Hüseynzadə əsir götürülüb.

Azərbaycan Müdafiə Nazirliyi isə bəyanatında qeyd edib ki, "Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır".

Cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib, Nazirlik deyir.

Bundan əvvəl, Azərbaycan Müdafiə Nazirliyi fevralın 1-də Ermənistan tərəfinin atəşkəs rejimini pozduğunu və bu zaman Silahlı Qüvvələrin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Rauf İsayevin yaralandığını bildirib.

Çavuşun vəziyyətinin stabil olduğu deyilir.

Azərbaycan və Ermənistan 1990-cı illərin əvvəllərindən bəri Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı səbəbilə münaqişə vəziyyətindədir.

Müharibəyə səbəb olmuş münaqişə dövründə 1994-cü ildə atəşkəs imzalansa da, tərəflər tez-tez atəşkəsin pozulmasına dair məlumatlar paylaşır və bir-birini ittiham edir.

Bu barədə daha geniş