Mətbuat icmalı: Azərbaycanda ərzaq məhsulları "14,7% bahalaşıb"

"Azadlıq": Azərbaycanda qiymət artımının sürəti Avropa ölkələrini 10,8 dəfə keçib

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda inflyasiya 12,4% təşkil edib. Avropa zonasında bu rəqəm cəmi 1,14%-dir.

Beləliklə, 2016-cı ildə Azərbaycanda orta illik inflyasiya Avropadan 10,8 dəfə çox olub.

"Ərzaq üzrə inflyasiya 13,3 dəfə çox olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ərzaq məhsulları 14,7% bahalaşıb, Avropa statistikası isə Avropada bir faizlik inflyasiya olduğunu deyir.

Turan agentliyinin hesablamalarına görə, 2016-cı ildə istehlak səbətində 30 növ əsas ərzaq məhsulu üzrə qiymət artımı 18% təşkil edib, ən mühüm məhsullar üzrə isə qiymətlər 22%-dən 100%-ə qədər qalxıb.

Image caption Turan agentliyinin hesablamalarına görə, 2016-cı ildə istehlak səbətində 30 növ əsas ərzaq məhsulu üzrə qiymət artımı 18% təşkil edib

Müasir Avropa tarixi SSRİ dağıldıqdan sonra belə bir inflyasiya artımı qeydə almayıb.

Bu statistikalar Avropa və Azərbaycanda real vəziyyət, habelə "prezident İlham Əliyevin Azərbaycan avtoritarizminin çiçəklənməsi və Avropa demokratiyasının çürüməsi haqqında müqayisəli bəyanatları arasında uyğunsuzluğu nümayiş etdirir", deyə qəzet yazır.

"Azərbaycan": Neft Fondu yanvar ayı ərzində valyuta hərraclarında 285 milyon ABŞ dolları satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yanvar ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

Neft Fondu tərəfindən valyuta hərraclarında 2017-ci ilin yanvar ayı ərzində 285 milyon ABŞ dolları məbləğində vəsait satıldlğı bildirilir.

"Xalq qəzeti": Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib

Fevralın 1-də Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, yaz sessiyasının qanunvericilik işləri planı hazırlanıb və iclasda müzakirə ediləcək.

Onun sözlərinə görə, bu sessiyada digər qanun layihələrinin müzakirəsi ilə yanaşı, Konstitusiyada nəzərdə tutulduğu kimi Hökumətin hesabatı da dinləniləcək, 2016-cı ilin dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin müzakirəsinə çıxarılacaq.

Fotonun müəllifi Getty Images

Bundan başqa, yaz sessiyasının iclaslarında Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik məruzələri də Milli Məclisdə dinləniləcək.

"Azadlıq": HRW: EITI rəhbərinin Bakı səfəri dəyişiklik gətirməlidir

"Human Rights Watch" (HRW) beynəlxalq insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün direktor müavini Jane Buchanan hesab edir ki, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (EITI) təşkilatının yüksək səviyyəli səfəri Azərbaycanda dəyişikliklərə səbəb olmalıdır.

"Dünən - fevralın 1-də EITI İdarə Heyətinin sədri Fredrik Reinfeldt və qurumun beynəlxalq katibliyinin sədri Jonas Moberg Azərbaycan prezidenti İlham Əliyev və vətəndaş cəmiyyəti təmsilçiləriylə görüşüblər.

J.Buchanan yazır ki, görüşlər, yəqin ki, qiymətləndirmə xarakteri daşıyır. Çünki neft və qazla bağlı ictimai müzakirələri dəstəkləyən EITI bir aydan sonra Azərbaycanın təşkilatda fəaliyyətinin dayandırılıb-dayandırılmaması barədə qərar verməlidir. Qərar Bakının bu qurumun tələblərinə nə dərəcədə əməl etməsindən asılı olacaq", - yazıda deyilir.

HRW təmsilçisi yazır ki, "EITI-nin İdarə Heyəti vətəndaş cəmiyyətinin fəaliyyət göstərə biləcəyi mühitin yaradılması üçün zəruri olan fundamental və uzunmüddətli islahatlara köklənməlidir". O, yalnız bu halda kosmetik deyil, köklü və lazımi dəyişikliklər olacağını bildirir.

Bu barədə daha geniş