Onlayn ödənişlərə vergilər "sahibkarlara ziyan vurur"

Onlayn ödənişlər Fotonun müəllifi Getty Images
Image caption Yeni vergi dəyişikləri kiçik sahibkarlara problemlər yaradıb.

Bakıda tərcümə və dil hazırlığı ilə məşğul olan şirkətin direktoru İsmayıl Cəbrayılov fəaliyyət göstərdikləri 3 il yarım ərzində sosial media- Facebook şəbəkəsi vasitəsilə reklam üçün hər ay 500-600 manat büdcə ayırır.

Ancaq o deyir ki, ölkədə tətbiqinə başlanılan, elektron ticarətini əhatə edən yeni qanun dəyişkləri onun biznesinə zərər vurmağa başlayıb.

"Dil kursları üçün müştərilərin 80-90 faizi Facebook sayəsində gəlir. Devalvasiyadan sonra reklam dollarla olduğu üçün reklam büdcəmiz azaldı. Sonuncu dəfə də, reklama görə ayrı-ayrılıqda 70 manata yaxın vergi çıxıblar. Həm də konvertasiya olunub. Bu baxımdan bizim imkanlarımız çox məhdudlaşır."

Onun fikrincə, qanuna dəyişklər xırda sahibkarlıq üçün zərbədir. "Onsuz da dollar ifadəsində büdcəmiz azalıb, bir də ondan vergi tutulması fəaliyyətimizi bir az çətinləşdirir."

"Nəğd ödənişdən qaçmaq"

İqtisadi təhlilçi Rəşad Əliyev dəyişiklərin maksimum dərəcədə nağd ödəmələrdən qaçılması üçün edildiyini qeyd edir.

"Məqsəd odur ki, sahibkarlıq subyekti ödəmələri, bank vasitəsilə etsin. Dövlət bu addımı ataraq hesab edir ki, 1 faiz vergi yükü yaratmaqla sahibkarlar həmin vəsaitləri köçürmə yolu, bank hesablaşma qaydalarını icra edərək xərcləsinlər. Maraqlıdır odur ki, Vergilər Nazirliyi bunu vergi yükünün artırılması kimi izah etmir- nəğd çıxaranda vergi ödəyirsən, nəğd çıxarmasan bu vergidən qaça bilərsən, ödəməyə bilərsən."

Cənab Əliyev qeyd edir ki, bu mövqe ilə həm razılaşmaq, həm də razılaşmamaq olar. Çünki, sahibkarlıq subyektlərində xeyli sayda qeyri-rəsmi xərcləmələr mövcuddur, o qeyd edir.

"Bundan başqa, 200 mindən artıq dövriyyəsi olan ticarət subyektləri ay ərzində 30 min manatdan çox nəğd ödəniş edə bilməzlər. Ödəməni ancaq bank köçürməsi vasitəsilə edə bilərlər. Belə əsaslandırırlar ki, sahibkarlar daha çox bank köçürməsi edəcəklər".

Təhlilçi qeyd edir ki, kassa çeki ilə alınmış malların xərc sənədi kimi qəbul edilməməsi, həmçinin ƏDV ödəyicilərinin işçilərə maaşı ancaq kart vasitəsilə ödəmələri də nəğdsiz ödənişləri stimullaşdırmaq məqsədilə edilib.

"Vergi büdcəsi"

İsmayıl Cəbrayılov Facebook-da ödənişli reklam üçün xərclədiyi 500-600 manatdan əlavə vergi büdcəsi də ayırmalı olur.

"Həmçinin manat dəyərdən düşdüyündən reklam auditoriyaları da iki dəfə azalıb - "Əvvəl eyni büdcə ilə 20 min adama çata bilirdiksə, hazırda iki illə müqayisədə eyni büdcə ilə 8 min adama çata bilirik."

O bildirir ki, reklam vermək üçün yerli bir alternativ olsa idi, vəziyyətləri fərqli olardı.

Tərcümələr üçün bütün ödənişləri bank vasitəsilə qəbul etdiklərini bildirən şirkət nümayəndəsi infrastruktur çatışmazlığına görə, həmin pulu nəğdləşdirməyə məcbur olduğunu qeyd edir.

"Ödənişlərdən 4 faiz sadələşdirilmiş vergi ödəyirəm və bir də pulu nəğd çıxaranda 1 faiz ödəyirəm. Tutaq ki, vergiləri nəğdsiz ödədim, qalan pulu çıxarmalıyam."

O izah edir ki, post terminallar hər yerdə işlək vəziyyətdə olmadığından, kartla nadir obyektlərdə -ayda bir dəfə geyim mağazalarında alış-veriş edərkən ödəniş etmək mümkün olur.

"Gündəlik adi alış-verişdə istifadə edə bilməzsən. İnfrastruktur hazır olmayandan sonda onu məcbur yetirməyin mənası yoxdur axı?!"

Tələbələrin təhsil pulu

Başqa bir şirkətin, xaricdə təhsil şirkətinin rəhbəri Fuad Hacıyevin biznesinə isə elektron ticarət haqqında qaydalara dəyişiklər təsir edib.

"Şirkətə tələbənin təhsil pulunun köçürməsi olur. 1 ay ərzində 15 min manatdan artıq köçürmə olarsa, 10 faiz vergi olur. Niyə, nə üçün? Üstəlik öz vergilərimizi də verməliyik.

Cənab Hacıyev tələbələrə xarici ölkələrə səyahət üçün təyyarə bileti aldıqda 18 faiz ödədiklərini də deyir. Təyyarə şirkətinin öz saytından başqa yerdə alanda 18 faiz vergi verməlisən. Biz bilirik ki, səyahət şirkətləri hava yolları şirkətinin saytından daha ucuz satır, o qeyd edir.

"Bir gecənin içində vergi qanunvericiliyində yüzdən artıq maddəni dəyişmək olar, amma bir gecənin içində bunun effektivliyini insanlara izah etmək mümkün də deyil. Bu, faktiki olaraq kiçik sahibkarların belinin qırılmasıdır", cənab Hacıyev düşünür.

"Mənim mövqeyim belədir ki, bu, bütün dünyada olan bir praktikadadır, amma razılaşmadığım tərəf odur ki, bir az çox tələsdilər. Bu, tədricən, uzun müddət ərzində baş verən prosesdir, yəni bunu yavaş-yavaş etmədilər", iqtisadi təhlilçi Rəşad Əliyev deyir.

O müqayisə üçün deyir ki, nağd ödənişlərə məhdudiyyətlər qoyulan digər ölkələrin sistemi buna uyğunlaşdırılıb, onlarda nəinki biznes, heç fiziki şəxsin də nəğd pula ehtiyacı olmur.

"Burada həm psixologiya, həm bank sistemindəki bəzi problemlər aradan qaldırılmalıdır", təhlilçi bildirib.

Ötən ilin sonlarında Milli Məclis Vergilər Məcəlləsinə iki yüzədək dəyişikləri qəbul edib. Onlardan ikisi - "Nağdsız hesablaşmalar" və "Elektron ticarət haqqında" qanunlara dəyişikliklərin bəziləri yanvarın 1-dən tətbiq edilməyə başlanıb.

Bu barədə daha geniş