Mətbuat icmalı: Lənkəranda ana, İsmayıllıda həkim, Hacıqabulda gənc qız...

"Azadlıq": Lənkəranda iki uşaq anası, İsmayıllıda həkim, Hacıqabulda gənc qız...

Azərbaycanda intihar dalğası davam edir.

"Azadlıq" Lənkəran rayonunda 32 yaşlı iki uşaq anası Həbibova Xalidə Babarza qızının özünü asaraq intihar etdiyini yazır.

İsmayıllı rayonunun Qalacıq kəndində isə 1965-ci il təvəllüdlü həkim Bədirov Çingiz Sidqi oğlu isə yaşadığı evdə çoxsaylı dərman preparatları qəbul edərək özünü öldürüb.

Hacıqabul şəhərində 25 yaşlı Aişən Tərlan qızı Allahverdiyeva özünü yandıraraq intihara cəhd edib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.

lent.az: Azərbaycanda telefon nömrələrinin satışı dayandırıldı

"Azercell" nömrə satışının dayandırılması ilə bağlı açıqlama yayıb.

Şirkət bildirib ki, fevral ayının 1-dən etibarən respublikada fəaliyyət göstərən bütün mobil operatorlarda nömrələrin satışı və aktivləşdirilməsi yeni onlayn sistem üzrə aparılır:

"Bu, Nazirlər Kabinetinin və Prezidentin müvafiq qərarları ilə öhdəlik kimi qoyulub. "Azercell"in nömrə satışı dayandırılmamışdı və adi qaydada aparılırdı. Çünki bütün "Azercell" diler şəbəkəsində kifayət qədər aktiv nömrə ehtiyatı mövcud idi və satışları ehtiyatlarımız hesabına həyata keçirirdik.

Yalnız yanvarın 30-da yeni sistemə keçidlə əlaqədar təzə nömrələrin aktivləşdirilməsi müvəqqəti olaraq dayandırılmışdı. Yanvarın 31-dən isə yeni sistemlə satış davam edir", - şirkətin açıqlamasında deyilir.

"Azadlıq": Gənclər və idman naziri: "Ledi Qaqaya 1 milyon dollar vermişdik"

Fotonun müəllifi Getty Images

"Bu il "Formula 1″ azarkeşlərini əyləndirmək üçün təşkil ounacaq konsert proqramında dünya səviyyəli ulduzlar çıxış edəcəklər", - gənclər və idman naziri Azad Rəhimov deyib.

"Bu il ola bilsin, əyləncə hissə keçənilki səviyyədə olmasın. Bəzi dünya səviyyəli ulduzla danışıqlar aparılır, ancaq hələ müqavilə imzalanmayıb.

Bu sahədə olan mütəxəssis olanlar bilir ki, dünya ulduzları hansı məbləğ müqabilində çıxışlar edirlər. Bəziləri 3000 manat, bəziləri 30-50 min manat, bəziləri isə 300 min dollar və daha baha məbləğ qarşılığında çıxış edirlər. Məsələn, I Avropa Oyunlarının açılışında çıxış edən Ledi Qaqaya 1 milyon dollar qonorar ödənmişdi. Büdcə həmişə mediaya açıqlanıb. Biz ənənəyə uyğun olaraq, yarışın sonunda təşkilati işlərə xərclənən pulları açıqlayacağıq. Bu il yeni avadanlıqlar alınmayacaq, ötənilki texniki avadanlıqlardan istifadə olunacaq. Buna da ümumilikdə daha az maliyyə xərclənəcək", deyə nazir bildirib.

"Azərbaycan": Yeni publik hüquqi şəxs yaradılır

Prezident İlham Əliyev ötən gün "Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb.

Yeni qurum mülki aviasiyada uçuşların təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək məqsədilə yaradılıb, qərarda deyilir.

fins.az: Rusiya peyk televiziya operatoru Azərbaycan bazarına girmək istəyir

Rusiyanın peyk televiziya operatoru olan "Orion Ekspress" şirkəti 2017-ci ildən Cənubi Qafqaz regionunda fəaliyyətini genişləndirmək niyyətindədir. Şirkət Azərbaycan və Ermənistan bazarına çıxmağı planlaşdırır, eyni zamanda Qazaxıstan və Ukrayna bazarı ilə maraqlanır.

Ancaq Ukraynada məlum siyasi vəziyyət, Qazaxıstanda isə bu bazarın tənzimləmə qaydaları şirkətin bu planlarına çətinlik törədir.

fins.az: Asiya İnkişaf Bankı Azərbaycana kredit təklif edir

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda dəmiryolu sisteminin yenidən qurulması üçün 200 mln. ABŞ dolları həcmində kredit ayırmağa hazırdır.

Kredit "Dəmiryolu sektorunu İnkişaf Proqramı"nın ocrası üçün ayrıla bilər. "Layihə ilə bağlı faktaraşdırıcı missiyanın bu il avqustun 1-11-i tarixlərində Azərbaycana gələcəyi gözlənilir.

Sentyabrın 13-də isə Bankın menecmentinin qiymətləndirmə yığıncağı keçirilməsi planlaşdırılır", - xəbərdə deyilir.