Azərbaycan Aİ ilə yeni müqavilə danışıqlarına başlayır

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İlham Əliyev Aİ rəsmisi ilə görüşüb

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk birgə mətbuat konfransında Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli müqavilə üzrə danışıqların sabah başlayacağını elan ediblər.

Prezident İlham Əliyevin cənab Tuskla görüşündən sonra keçirilən mətbuat konfransında, Aİ prezidenti Azərbaycanın "Aİ üçün mühüm partnyor" olduğunu bildirib.

Cənab Tusk həmçinin Aİ-nin "Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik" deyərək Azərbaycanla "enerji sahəsində etibarlı strateji partnyorluğa" davam etmək istədiyini əlavə edib.

Cənab Tusk vurğulayıb ki, yeni müqavilənin hədəfi Aİ və Azərbaycan arasında əlaqələri "təkmilləşdirməyə" yönəlib.

Öz növbəsində prezident İlham Əliyev Aİ-nin Azərbaycanın müstəqilliyindən bəri ölkəyə 200 milyard dollardan çox yatırım etdiyini bildirib.

O, həmçinin Azərbaycanın "mədəniyyətlər arasında bir təbii coğrafi və mədəni körpu" olduğunu deyib.

Hər iki lider Qarabağ münaqişəsinin həllini müzakirə etdiklərini bildiriblər, və cənab Tusk bu mövzuda ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini deyib.

Fotonun müəllifi JOHN THYS/AFP/Getty Images
Image caption İlham Əliyev və Donald Tusk

Ləğv edilən görüş və qalmaqallı tədbir

Bu gün Prezident İlham Əliyevin Avropa Parlamentinin (AP) prezidenti Antonio Tajani ilə görüşü ləğv edilib. Bu barədə BBC Azərbaycancaya AP rəhbərinin kommunikasiya şöbəsi məlumat verib.

AP prezidentinin kommunikasiya şöbəsinin rəhbəri xanım Delia Vlase görüşün nə səbəbdən ləğv edildiyini bilmədiyini deyib.

Commonspace.eu xəbər saytı isə adları çəkilməyən mənbələrə istinadən president İlham Əliyev və Avropa Parlamentinin prezidenti Antonio Tajani-nin görüşünün ləğv edilməsinə səbəbin Avropa Parlamentində Azərbaycanda insan hüquqları vəziyyətini müzakirə edən tədbirin prezident "İlham Əliyevin xətrinə dəyməsi" olduğunu iddia edib.

Jurnalist Xədicə İsmayılovanın və Meydan TV-nin təsisçisi Emin Millinin iştirakı ilə keçirilən "Aİ/Azərbaycan Partnyorluğu: İnsan Hüquqları Qırmızı Xalça Altında?" adlı tədbir bir neçə AP deputatı və insan hüquqları təşkilatları tərəfindən təşkil edilib.

Prezident İlham Əliyevin mətbuat konfrasında çıxış etdiyi an, parlament binasının başqa bir otağında keçirilən tədbirə Xədicə İsmayılova Skype vasitəsilə, özünün dediyinə görə, "çətinliklə" qoşulub.

Çıxışından bir az sonra paylaşdığı Facebook statusunda, jurnalist evində internetən, işığın və daha sonra isə telefonla internetinin kəsildiyini bildirib.

Evinin yanında "radarlı bir maşın" dayandığını deyən Xədicə İsmayılova taksi ilə ərazidən uzaqlaşmağa cəhd etdiyini, lakin xətdə qalmaq üçün taksini saxlatdığını və bu an polis tərəfindən taksinin saxlandığını iddia edib.

Bunlara baxmayaraq jurnalist İsmayılova tədbirə Skype vasitəsilə qoşularaq danışıb.


Bundan əvvəl prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federica Mogherini ilə görüşüb.

Cənab Əliyev bazar günündən etibarən Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfərdədir.

Bazar günü axşamı o, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene Van der Linden ilə görüşündə bu səfərin Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi baxımından önəmli olduğunu qeyd edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş