Hökumət Avropa məhkəməsinin təyin etdiyi kompensasiyanı "ödəmir"

Rəsul Cəfərov Fotonun müəllifi AFP
Image caption Hüquq müdafiəçisi Rəsul Cəfərova 32 min 500 avro həcmində kompensasiya ödənilməlidir

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 2016-cı ildə Azərbaycanla bağlı verdiyi qərarlardan "təxminən 40-a yaxın iş üzrə təyin edilmiş kompensasiya ödənilməyib", vəkil Əsabəli Mustafayev deyir.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bu addımının səbəbini rəsmi olaraq açıqlamır.

Vəkillər Xalid Bağırov və Əsabəli Mustafayev BBC Azərbaycancaya deyib ki, kompensasiyanın ödənilməməsilə bağlı artıq Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət səlahiyyətinə sahib Avropa Şurası Nazirlər Komitəsinə müraciət edilib.

Təyin edilmiş kompensasiyanı ala bilməyənlər sırasında hüquq müdafiəçisi Rəsul Cəfərov, Arif və Leyla Yunuslar, həmçinin, bir sıra ictimai birlik və ya partiya fəalları və digərləri də var.

Məsələ ilə bağlı Prezident Administrasiyası ilə əlaqə saxlamaq mümkün olmayıb.

Cavabsız müraciətlər

Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, AİHM onun 2014-cü ildə qanunsuz həbsilə bağlı 2016-cı ilin martın 17-də qərar çıxarıb. Qərara görə ona 32 min 700 avro məbləğində kompensasiya ödənilməlidir.

Azərbaycan Hökuməti qərarla bağlı şikayət verib, lakin AİHM 2016-cı ilin iyulun 4-də bu şikayəti təmin etməyib.

Qaydalara görə, bu tarixdən cənab Cəfərov barəsində məhkəmənin qərarı qəti hüquqi qüvvəyə minib və növbəti 3 ay ərzində icra edilməli idi.

Rəsul Cəfərov bildirir ki, 4 aydan artıq vaxt keçməsinə baxmayaraq nə kompensasiya ödənilib, nə də ki qərarda göstərilən digər məsələlər həllini tapmayıb.

O, bununla bağlı ötən ilin oktyabrında Prezident aparatına müraciət etdiyini deyir və qeyd edir ki, heç bir nəticə olmayıb.

Hüquq müdafiəçisi 2 gün öncə Prezident Administrasiyasına sorğu göndərdiyini və 7 iş günü ərzində cavab almadığı təqdirdə məhkəməyə müraciət edəcəyini də bildirir.

Bundan əlavə o, Avropa Şurası Nazirlər Komitəsinə də bir ay öncə məktub ünvanlayıb.

"Yekun cavab almamışam, amma şifahi məlumat əldə etmişəm ki, hökuməti kompensasiyanın ödənilməsilə bağlı məlumatlandırıblar", o deyir.

"Əgər ödənilməsə, mart ayında komitənin növbəti iclasında bu məsələyə baxılacaq", Rəsul Cəfərov əlavə edir.

Milli Şuranın üzvü Cəmil Hacıyev də kompensasiyanı ala bilmədiyini deyir. O, 2011-ci ildə 2 aprel mitinqindən sonra həbs olunanlara dəstək olaraq həmin ilin mayında mitinq keçirdiyini və buna görə həbs edildiyini deyir. O, inzibati qaydada 7 sutkalıq azadlıqdan məhrum edilib.

AİHM-in ötən ilin fevralında çıxardığı qərara görə, ona 12 min avro ödənilməlidir.

Cənab Haciyev deyir ki, 1 ildir ki, ona ödəniş edilmir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Təzəxan Mirələmli isə bildirir ki, onunla bağlı AİHM iki dəfə qərar çıxarıb. İlk qərar 2011-ci ildə çıxarılıb və ona 10 min avro həcmində kompensasiya ödənilib. Lakin o, 2012-ci ilin yanvarında qatıldığı mitinqdə həbs olunub və barəsində inzibati qaydada 8 sutka azadlıqdan məhrumedilmə qərarı çıxarılıb.

Bu həbslə bağlı şikayət üzrə AİHM 2016-cı il iyun 30-da qərar verib. Lakin tələblər yerinə yetirilməmiş olaraq qalıb.

"Vəkillərə ötən ilin sonunda deyilmişdi ki, vəsait yoxdur, yeni ilin büdcəsilə veriləcək", deyən cənab Mirələmli ona 12 min avro dəyərində kompensasiya ödənilmə olduğunu qeyd edir.

AXCP üzvü onu da vurğulayır ki, kompensasiyanı ala bilməyən bir neçə nəfər toplaşaraq ödənişin niyə edilməməsinin səbəblərinə izah verilməsi üçün Prezident Administrasiyasına birgə müraciət ünvanlamaq niyyətindıdir.

"Səbəb izah edilmir"

11 ildir ki, AİHM-də vəkil kimi çıxış edən Əsabəli Mustafayev deyir ki, AİHM tərəfindən ötən il qəbul edilmiş qərarlardan bir-iki iş istisna olmaqla 40-a yaxın iş üzrə kompensasiya ödənilmir.

"Hökumət əvvəl ümumi tədbirləri görmürdü, amma kompensasiyanı ödəyirdi. İndi isə onu da etmir, səbəbi də bilinmir", deyən vəkil bu barədə Avropa Şurası Nazirlər Komitəsinə müraciət edildiyini qeyd edir.

"Qeyri-rəsmi bildirilir ki, pul yoxdur. Amma görünür ki, tədbirlərə, şoulara çoxlu pul xərclənir", deyən vəkil ona rəsmi səbəbin izah edilmədiyini vurğulayır.

Əsabəli Mustafayev deyir ki, onun apardığı 27 iş üzrə AİHM-in qərar qəbul edilib və onların heç birinə kompensasiya ödənilməyib.

Vəkil onu da bildirir ki, əvvəlki illərdə ödənişlə bağlı problem yaşanmayıb.

Fotonun müəllifi AZADLİQ RADİOSU
Image caption Vəkil qeyd edir ki, Prezident Administrasiyası "ötən ilin dekabrından sonra telefon zənglərinə də cavab vermir"

Vəkil Xalid Bağırov isə bənzər hadisələrlə ötən ilin sentyabrından başlayaraq rastlaşdığını deyir. Onun sözlərinə görə, vəkili olduğu 3 iş üzrə kompensasiyanın ödənilmə müddəti artıq keçib.

"Hilal Məmmədov, Rəsul Cəfərov, Arif və Leyla Yunusa ödəniş həyata keçirilməyib", o deyir.

Vəkil AŞ Nazrilər Komitəsinə məlumat verildiyini və yenidən böyük müraciətin hazırlandığını qeyd edir.

"Yenidən böyük müraciət hazırlayaq, artıq bunun (kompensasiyanın ödənilməməsinin) tendensiya halını aldığını, Azərbaycan hökumətinin birdəfəlik imtinası formasına gəlib çatmasını görürük. Deyilirdi dekabra qədər ödəniləcək, fevraldı amma ödənilmir", cənab Bağırov deyir.

"Bu o deməkdir ki, Azərbaycan hökuməti nə AŞ, nə AİHM, nə də onun hüquqi bazasını təşkil edən konvensiyanı saymır. Belə olduqdan sonra belə bir ölkənin AŞ-da qalmasının adı nədir", vəkil sual edir.

Vəkil onu da qeyd edir ki, Prezident Administrasiyası "ötən ilin dekabrından sonra telefon zənglərinə də cavab vermir".

Problem nədir?

Hüquq müdafiəçisi İntiqam Əliyev vurğulayır ki, Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı ciddi problemlər qalsa da, hökumət demək olar ki, kompensasiyaları vaxtlı-vaxtında ödəyib.

"İlk vaxtlar kompensasiyaların ödənilməsinə məsul olan qurumdan Azərbaycanın Avropa Məhkəməsindəki Nümayəndəliyindən bildirilirdi ki, gecikmə sırf texniki problemlərdən qaynaqlanır, gecikməyə görə faizlər də hesablanmaqla kompensasiyalar ödəniləcək. Sonra ümumiyyətlə nə telefonlara, nə də bununla bağlı sorğulara, müraciətlərə cavab verilir", cənab Əliyev deyir.

Onun sözlərinə görə, problem vəsait qıtlığından qaynaqlandığını hesab etmir.

"Hökumət Formula 1-lərə, İslam Oyunlarına pul ayırırsa, deməli, vəziyyəti o dərəcədə kritik deyil ki, həmin vəsaitlərdən yüz dəfələrlə aşağı məbləği haqqına qəsd etdiyi vətəndaşına ödəyə bilməsin", hüquq müdafiəçisi bildirir.

İntiqam Əliyev düşünür ki, son illər Azərbaycan hökuməti beynəlxalq təşkilatların qərarlarına "iqnor" siyasəti yeridir. O bildirir ki, Avropa Məhkəməsi ilə bağlı da ittihamlar artıb.

"Millət vəkili olan və YAP-ın yüksək səlahiyyətlilərindən birinin "Avropa Məhkəməsi müxalifəti maliyyələşdirir" kimi bəyanatı da, düşünürəm ki, təsadüfi deyil. AM-in qərarlarının təftişi ilə bağlı qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması hökumətin narahatlığının göstəricisidir", o qeyd edib.

Hüquq müdafiəçisi deyir ki, təxminən 50-dən az işə görə ödəniş edilmir.

Onların sırasında ictimai fəallar, müxalifət partiya nümayəndələri, hüquq müdafiəçiləri QHT rəhbərləri və digər siyasi fəallar var.

İntiqam Əliyev deyir ki, Avropa Məhkəməsinin qərarlarında ictimai-siyasi fəalların adlarına tez-tez rast gəlməyin isə bir səbəbi var, o da "həmin şəxslərin hakimiyyətin hədəfində olmasıdır".

"Hökumət düşünür ki, onu tənqid edən adamlar acından ölməlidirlər. Ona görə, bütün kanalları bağlamağa çalışır. Görünür, Avropa Məhkəməsiunin kompensasiyaları bu anlamda ona təhlükəli gəlir. İkinci element bu ola bilər ki, bu yolla hökumət insanlara son ümid yeri kimi görünən Avropa Məhkəməsini gözdən salmağa çalışır", o bildirir.

Bununla yanaşı cənab Əliyev qeyd edir ki, bu kompensasiyaların ümumiyyətlə ödənilməyəcəyi ona inandırıcı gəlmir.

"Bu, hökumət üçün ciddi problemlər yarada bilər", o qeyd edir.