Mətbuat icmalı: Jirinovski: "Azərbayan olmayacaq, olacaq Bakı quberniyası..."

Fotonun müəllifi IVAN SEKRETAREV/AFP/Getty Images
Image caption Vladimir Jirinovski

"Yeni Müsavat": Jirinovski: "Azərbayan olmayacaq, olacaq Bakı quberniyası..."

Qalmaqallı siyasətçi Vladimir Jirinovski keçmiş SSRİ respublikalarının Rusiyaya birləşdirilməsinin bu respublikalara "sərfəli olacağından" danışıb. O deyib ki, keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda Qarabağ problemi də "özü-özünə həll olunacaq". "Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası, çarın vaxtındakı kimi"-Jirinovski deyib.

Populist siyasətçi deyib ki, Rusiyaya birləşməklə keçmiş sovet respublikalarının hamısı "xoşbəxt olacaqlar". "Mən özüm Alma-Atada doğulmuşam, ora rus şəhəri, Rusiyanın forpostu olub, Asiyada ən sadiq forpostu. Qazaxlar isə ancaq alaçıqlarda yaşayıb qoyun otarırdılar, qoyun yunundan corab, sviter toxuyurdular, ət tədarük edirdilər və s. Hamısını korlayan bolşeviklər oldu, onlara zorla təhsil, mədəniyyət verdi, nəticədə axışıb gəldilər Rusiyaya"-Jirinovski deyib.

Jirinovski bu arqumenti ABŞ-ın regiondan "əlini çəkməsi" kontekstində irəli sürüb. Onun fikrincə, ABŞ-ın bu regionun işlərinə müdaxiləni dayandırmasından sonra Rusiyanın keçmiş SSRİ-nin sərhədlərini "dinc yolla" bərpa etməsinin qarşısında heç bir maneə olmayacaq. Çünki həmin keçmiş sovet respublikalarının əhalisinin özü bunu istəyir.

"Azadlıq": Leyla Yunus: "Mən deyərdim ki, İlham Əliyev qaçdı…"

Hüquq müdafiəçisi Leyla Yunus Avropa Parlamentində insan haqları mövzusunda müzakirələrlə bağlı AzadlıqRadiosuna bunları deyib: "Bunu mən ona bənzədirəm ki, sanki savaş gedir və hücum olacağını bilirsən. Sən də tankları, artilleriyanı yığırsan bir yerə ki hücum olanda onları qarşılayasan, hücum edən tərəf də bunu görüb qaçsın. Mən deyərdim ki, artıq İlham Əliyev qaçdı".

Azadlıq Radiosunun "Bakıda hökumətyönlü KİV yazır ki, Avropa Parlamentində belə müzakirələrin təşkil edilməsi İlham Əliyevə qarşı təxribatdır…" sualına cavab olaraq Leyla Yunus belə deyib:

"Bu, təxribat deyil. Tarixçi kimi deyirəm ki, bu, döyüşdür....Taleh Bağırovu 20 il müddətinə həbs etdilər, İlqar Məmmədovu buraxmırlar, REAL-ı "İran casusu" çıxarırlar, "Azadlıq" qəzeti bağlandı, AzadlıqRadiosu-nun ofisini qapadıblar… Daha neyləməlidirlər? Bircə baş kəsməkləri qalıb. Bu hücuma hüquq müdafiəçiləri, bloqqerlər, jurnalistlər, adi vətəndaşlar müqavimət göstərəndə və bir döyüşü udanda, bu, təxribat olur? Biz axıradək gedəcəyik".

"Azadlıq": Ötən gün iki intihara cəhd hadisəsi qeydə alınıb

APA xəbər verir ki, ötən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev 94 ünvanında 1974-cü il təvəllüdlü Məhbubə Mövlud qızı Bayramova azyaşlı övladı ilə birgə beş mərtəbəli binanın damına çıxaraq özlərini atmaq istəyib. Ancaq hadisə yerinə gələn polis və xilasedicilər onu fikrindən daşındırıblar.

M. Bayramova polisə verdiyi ilkin ifadəsində bu addımı məhkəmə qərarına etiraz olaraq atdığını deyib.

Qubada isə 50 yaşlı qadın özünü yandırıb.

APA-nın məlumatına görə, 50 yaşlı Rəsmiyyə Ramiz qızı Məhərrəmova üzərinə benzin tökərək özünə od vurub. O, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

"Azərbaycan": "Otman bozdağ" vulkanında alovun hündürlüyü 300 metrə çatıb

Fevralın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda - Qaradağ rayonunun Səngəçal qəsəbəsinin yaxınlığında yerləşən "Otman bozdağ" vulkanı püskürüb.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi Orxan Abbasov bildirib ki, vulkan iki fazada püskürüb. "Birinci faza təxminən saat 12:20, ikinci faza isə 14:18 radələrində qeydə alınıb. Aparılan ilkin tədqiqatlar nəticəsində məlum olub ki, ikinci faza zamanı daha qüvvətli partlayış baş verib.

Birinci püskürmə 3 dəqiqə 23 saniyə, ikinci isə 6 dəqiqə davam edib. Tədqiqatçı deyib ki, ikinci partlayış zamanı alovun hündürlüyü təxminən 270-300 metrə çatıb. "Otman bozdağ" vulkanının püskürməsi nəticəsində ətraf ərazilərin landşaft örtüyü yanıb. Onun krater sahəsindən qərbə və cənuba doğru eni 3-5 metr, uzunluğu kilometrlərlə ölçülən dərin çatlar əmələ gəlib. Vulkanın brekçiyası 10 hektar ərazini əhatə edib.

"Otman bozdağ" vulkanının püskürməsi sonuncu dəfə 13 il bundan əvvəl - 2004-cü ildə qeydə alınıb. Bu isə vulkanın sayca doqquzuncu püskürməsidir", - xəbərdə deyilir.

"Azərbaycan": Azərbaycanın ilk Ticarət Evləri yaradılır

Bu yaxınlarda dövlət başçısı "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" fərman imzalayıb İqtisadiyyat naziri Şahin Mustafayev AZƏRTAC-a fərmanın icrası və Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi tədbirlərındən danışıb.

O deyib ki, fərmanın icrası ilə bağlı son 3 ayda artıq 4 ixrac missiyası təşkil olunub, sahibkarların missiyalarla bağlı bütün xərcləri dövlət büdcəsi hesabına ödənilib.

"İlk ixrac missiyası çərçivəsində 12 şərab istehsalçısı Honkonqda, 2-ci missiya çərçivəsində 9 şərab istehsalçısı Çinin Quancou şəhərində öz məhsullarını potensial alıcılara təqdim etmək imkanı əldə edib...3-cü ixrac missiyası isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil edilib, meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, bal, süd və süd məhsulları istehsal edən 20 şirkət öz məhsullarını alıcılara təqdim edib", deyə nazir bildirib.

Nazir daha sonra 2017-ci ilin Almaniyada təşkil olunmuş ilk ixrac missiyası, Əfqanıstan, Pakistan və Qətərdə təşkil ediləcək növbəti ixrac missiyaları haqda məlumat verib.

Bu barədə daha geniş