ABŞ: Məhkəmə səyahət qadağasının müsəlmanlara qarşı olub-olmadığını sorğulayıb

Donald Trump səyahət qadağası ilə bağlı sərəncamı yanvarın 25-də imzalayıb Fotonun müəllifi EUROPEAN PHOTOPRESS AGENCY
Image caption Donald Trump səyahət qadağası ilə bağlı sərəncamı yanvarın 25-də imzalayıb

ABŞ-da Apellyasiya Məhkəməsi prezident Donald Trump-ın viza qadağalarına dair mübahisəli sərəncamını sorğu-sual edir.

Prezidentin sərəncamı əhalisinin çoxu müsəlman olan 7 ölkədən qaçqın və qonaqların ABŞ-a girişini müvəqqəti olaraq dayandırıb.

3 hakimdən ibarət məhkəmə heyəti səyahət qadağasının müsəlmanlara qarşı ayrı-seçkilik olub-olmamasını sorğulayıb.

Hakimlər prezidentin öz səlahiyyətlərini aşıb-aşmaması ilə bağlı sualları nəzərdən keçiriblər. Onlar həmçinin qadağa tətbiq edilən 7 ölkənin terorçuluqla əlaqələrinə dair cənab Trump-ın nə kimi dəlillərə malik olduğunu sual edirlər.

Ötən həftə Seattle şəhərinin məhkəməsi prezident Donald Trump-ın sərəncamının icrasını müvəqqəti dayandıran hökm çıxarıb.

Fotonun müəllifi Reuters
Image caption Məhkəmənin qarşısında qadağaya qarşı etiraz aksiyası

Apellyasiya

Trump administrasiyası bu qərara qarşı apellyasiya verib. Çərşənbə axşamı günü məhkəmə bir saat ərzində tərəflərin şifahi çıxışlarını dinləyib.

Hakim Richard Clifton sual edib ki, sərəncamın dünya müsəlmanlarının yalnız 15 faizinə təsir etməsi ayrı-seçkilik sayıla bilərmi.

O, San Fransiskoda apellyasiya məhkəməsində məsələ ilə bağlı qərar çıxaracaq üç hakimdən biridir.

Məhkəmənin yekun hökmündən asılı olmayaraq, çox güman ki, məsələ Ali Məhkəmədə nəticələnəcək.

Ədliyyə Departamenti müraciət edərək, hakimləri qadağa qərarının bərpa edilməsinə çağırıb.

Vəkil August Flentje deyib ki, konqres prezidentə ölkəyə girişlə bağlı məsələlərin tənzimləməsinə dair səlahiyyətlər verib.

Məhkəmədə səyahət qadağası şamil edilən yeddi ölkə, yəni İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmənin ABŞ-a olan təhlükə riski barədə sübut tələb edilib.

Dəlillər

Buna cavab olaraq vəkil bildirib ki, Amerikadakı bir sıra Somali vətəndaşları əl-Şəbab qrupuna qoşulub.

Sonra Washington ştatını təmsil edən vəkil məhkəməyə deyib ki, sərəncamın icrasının dayandırılması ABŞ hökumətinə ziyan verməyib.

ABŞ Ədliyyə Departamentinin bazar ertəsi yayımladığı 15 səhifəlik xülasədə qeyd edilib ki, sərəncam "dinə münasibətdə neytraldır".

Seçki kampaniyası zamanı ABŞ-a gələnlərə məhdudiyyətlər qoyacağı barədə vəd vermiş Donald Trump səyahət qadağası ilə bağlı sərəncamı yanvarın 25-də imzalayıb.

Geniş şəkildə tənqid edilən sərəncam qüvvəyə minəndən sonra ABŞ və xarici hava limanlarında qarışıqlıq yaranıb. Qərarın həyata keçirilməsi Seattle-da fevralın 4-də federal hakim tərəfindən təxirə salınıb.

Nəticədə, qadağanın aid edildiyi İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəməndən olan etibarlı viza sahibləri yenidən Amerikaya səyahət edə biliblər.

Cənab Trump isə səyahət qadağasını məhdudlaşdıran hakimi tənqid edib və bildirib ki, "əgər nəsə baş verərsə" amerikalılar məhkəmələri günahkar saymalıdırlar.

Bu barədə daha geniş