Mətbuat icmalı: Universitetlərə qəbulla bağlı qaydalar dəyişə bilər

fins.az: Universitetlərə qəbulla bağlı qaydalar dəyişə bilər

Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, rəbərlik etdiyi qurum ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə dair yəni təklifləri hökumətə təqdim edib.

Nazir qeyd edib ki, ali təhsil müəssisələrində tələbələrin sayı getdikcə artacaq.

Sözügedən təkliflərdə ali təhsil sistemində hazırlıq ilinin tədbiqi şərti ilə ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsi nəzərdə tutulur. Nazirin sözlərinə görə, bu, yeni qəbul olunan tələbələrin sayının artırılmasına xidmət edəcək. "Bu dəyişiklik qəbul olunduğu təqdirdə Azərbaycanda da ali təhsil səviyyəsinə qəbul olan tələbələrin sayı nisbətən artacaq və yüksək akademik nailiyyətlər göstərən tələbələr öz tədrisinə dərhal başlaya biləcəklər. Zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meyilli olan və ali təhsil almaq istəyən tələbələr bir sıra ixtisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə yiyələnə biləcəklər", deyə nazir bildirib.

"Azadlıq": "Azərbaycanda sakitlik hər an pozula bilər"

Dini qurumlarla iş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev hesab edir ki, Azərbaycandakı sakitlik zahiridir və hər an pozula bilər:

"Səbəb birinci növbədə ölkədəki iqtisadi-sosial narazılıqlarla bağlıdır. Qiymətlərin artması, iş yerlərinin ixtisarı, maaşların azalması sosial narazılıqları artırır. Bundan başqa ölkədə dini radikal qruplaşmaları da fəallaşırlar. Buna da səbəb onların xarici təşkilatlardan maliyyə almalarıdır. Başqa bir səbəb Suriyada vuruşan azərbaycanlıların ölkəyə qayıtmasına məhdudlaşdıran qanunun qəbulu ilə bağlıdır. Belə ki, yeni qərarla Suriyada vuruşan azərbaycanlılar ölkəyə buraxılmayacaq, bu da onların ailə üzvlərini narazı salıb. Bundan başqa Azərbaycana qonşu, eləcə də qonşu olmayan ölkələrdən də təhlükə var. Bütün bunları - sosial, iqtisadi, dini, digər ölkələrin təsirini ümumiləşdirəndə deyə bilərik ki, Azərbaycandakı sakitlik zahiridir və bu pozula bilər".

"Azadlıq": Ölkədən pul çıxarılmasına qarşı yeni qadağa

Azərbaycan Mərkəzi Bankı (AMB) rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyuta ilə əməliyyatların aparılması qaydalarına dəyişiklik edib. "Dəyişikliklərə əsasən, fiziki şəxs xaricə aylıq 30 min ABŞ dolları, o cümlədən bank hesabı vasitəsilə 10 min ABŞ dolları, hesab açmadan 10 min ABŞ dolları, yaxın qohumlara 10 min ABŞ dollarınadək vəsait göndərə bilər", - deyə bank sektorundakı mənbə bildirib.

O həmçinin deyib ki, qohumların sayından asılı olmayaraq bu məqsədlər üçün xaricə pul köçürmələrinin limiti 10 min ABŞ dolları təşkil edir.

"Azadlıq": "Neft Daşları"nda 500-ə yaxın işçinin həyatı təhlükədədir

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Modern.az-a bilidirib ki, "Neft Daşları"nda çalışan neftçilərin həyatı təhlükədədir. İş növbəsi bitməsinə baxmayaraq, güclü külək və fırtına xəbərdarlığı səbəbindən neftçilər sahilə çıxarılmır.

"SOCAR öz işçilərini normal nəqliyyatla təmin edə bilmir. Vertolyotla gediş-gəliş yalnız vəzifəlilərə aiddir, fəhlələr ora heç vaxt buraxılmaz. Həm də o sayda fəhlənin vertolyotla daşınması da əlverişli deyil. İşçiləri "PSK" ilə daşıyırlar. "PSK" altı düz, çay gəmiləridir. Hava dalğalı olanda işləyə bilmirlər. ARDNŞ-in istifadə etdiyi "Sabit Orucov" sərnişin gəmisi isə 1983-cü ildə Finlandiyada inşa olunub. Bu gəminin istismar müddəti çoxdan bitib. 5-6 saata ancaq gəlib sahilə çıxa bilir. Dövlət Neft Şirkəti hər şeyə pul tapır. Futbol komandasına, hansısa tədbirlərə sponsorluq edir. Amma bu şirkətdə insan amilinin dəyəri sıfırdır. Düşünürlər ki, fəhlədir də, necə olsa gedə bilər. Düşünürəm ki, ora-bura külli miqdarda vəsait xərcləyən şirkət niyə işçilərinin dərdini çəkmir?" - deyə hüquq müdafiəçisi sual edib.

"Xahiş edərdim ki, mətbuat "Neft Daşları" məsələsinə diqqəti artırsın. Əvvəlki qəzaların açıqlaması verilmədi. Heç kim cəzalanmadı, hər şeyi ört-basdır etdilər.", - Mirvari Qəhrəmanlı deyib.

Bu barədə daha geniş