Mətbuat icmalı: Dollar ucuzlaşırsa, qiymətlər niyə düşmür...

fins.az: Dollar ucuzlaşırsa, qiymətlər niyə düşmür...

"Artıq bir neçə gündür ki, Mərkəzi Bankın Neft Fondu ilə birgə keçirdiyi hərraclarda mili valyuta möhkəmlənməyə başlayıb. Məsələnin qəribə tərəfi odur ki, məntiqlə dollar ucuzlaşırsa, buna uyğun şəkildə xaricdən idxal edilən "Aİ-95" premium benzini, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində enmə baş verməlidir. Amma bu, müşahidə edilmir", -yazıda deyilir.

"Manatın möhkəmlənməsi müşahidə edilsə də, qiymətlərdə elə bir dəyişiklik yoxdur. Çünki manatın möhkəmlənməsi müvəqqəti xarakter daşıyır. Bu möhkəmlənmə üçün baza olmalıdır. Bunun arxasında həmişə neft, idxal-ixrac əməliyyatları, tələb və təklif dayanıb. Digər tərəfdən, bu gün faktiki olaraq manat Mərkəzi Bank, dollar isə Neft Fondu tərəfindən maliyyə bazarına buraxılır. Yəni bu iki qurum istənilən vaxt razılığa gəlib manatı stabilləşdirmək üçün bu cür addımlar atırlar. Hətta hazırda banklarda manat qıtlığı yaranıb. Mən hər zaman demişəm ki, proses manatın həqiqi bazar qiymətini alacağı vaxta qədər davam edəcək. Necə ki, Qazaxıstan və Rusiyada bunu gördük", deyə Milli Məclisin üzvü Vahid Əhmədov bildirib.

"Azərbaycan": Azərbaycan üçün enerjinin istehsalı və paylanmasında yol verilən itkilərin azaldılması prioritetdir

Energetika naziri Natiq Əliyev deyib ki, hazırda Azərbaycan üçün enerjinin istehsalı və paylanmasında yol verilən itkilərin azaldılması prioritetdir.

"Azərbaycanın həyata keçirdiyi enerji layihələri Xəzər regionunu dünyanın diqqət mərkəzinə çevirir. Bizim üçün vacib məsələ Azərbaycan təbii qazını Avropaya çatdırmaqdır. Strateji əhəmiyyəti təkcə Azərbaycan, Türkiyə və ümumilikdə regionla məhdudlaşmayan "Cənub Qaz Dəhlizi" layihəsi ölkəmizin enerji daşıyıcılarının şaxələndirilməsi siyasətinə xidmət etməklə yanaşı, həm də mürəkkəb geosiyasi şəraitdə Avropanın qaz asılılığından xilasına hesablanmış alternativ enerji mənbəyi kimi diqqət mərkəzindədir.", - deyə Natiq Əliyev bildirib.

"Xalq qəzeti": Prezident İlham Əliyev Fransanın Dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Fevralın 8-də Prezident İlham Əliyev Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Jean-Vincent Plase Azərbaycan hökumətinin üzvləri, ölkəmizin müxtəlif iqtisadi qurumlarının rəhbərləri ilə keçirəcəyi görüşlərdən danışıb. "Bakıda Fransız liseyi, Fransa-Azərbaycan Universiteti və "Ağ şəhər"lə tanış olacağını deyən qonaq ətraf mühitin mühafizəsi ilə bağlı Fransa-Azərbaycan əməkdaşlığından məmnunluğunu ifadə etdi. O, Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlərlə də yaxından tanış olmaq arzusunu bildirdi.

Görüşdə "Asan xidmət"in uğurlu fəaliyyətindən və bu sahədə əməkdaşlıq imkanlarından danışıldı, Fransanın bir neçə departamentində artıq bu xidmətin səyyar avtobuslarının tətbiq olunduğu vurğulandı, Azərbaycan ilə birlikdə Fransanın bu xidmətin Afrika ölkələrində tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı", - məlumatda deyilir.

"Yeni Müsavat": İlham Əliyev: TANAP layihəsi ilə bağlı işlər vaxtında tamamlanacaq

Prezident İlham Əliyev fevralın 9-da Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Mülleri qəbul edib.

Prezident Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın yaxşı tarixi olduğunu məmnunluqla qeyd edərək, ölkəmizdə Dünya Bankının dəstəyi ilə çoxsaylı əhəmiyyətli layihələrin həyata keçirildiyini dedi və bu layihələrin infrastrukturun müasirləşdirilməsi baxımından önəmini vurğulayıb. O, Azərbaycanda infrastrukturun inkişaf etdirilməsinin dövlət siyasətimizin mühüm hissəsi olduğunu bildirib. Prezident eyni zamanda, Dünya Bankının uğurla icra olunan qlobal əhəmiyyətli "Cənub Qaz Dəhlizi" layihəsinə verdiyi maliyyə dəstəyini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev həmçinin bildirib ki, TANAP layihəsi ilə bağlı işlər qrafikə uyğun həyata keçirilir və vaxtında tamamlanacaq.

Xəbərdə deyilir ki, söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorda ixrac potensialının artırılması, təhsil sistemində islahatlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Azadlıq": Əhali bankların "dollar tələsinə" düşür

Azərbaycanda son bir neçə gündə dolların xeyli ucuzlaşması əhalini təşvişə salıb. İki gündür ki, əlində olan dollarını satan vətəndaşlar kəskin artıb. Fevral ayının 7-də günün ikinci yarısından sonra dollar alanların azalması, satanlarınsa çoxalması qeydə alınıb. "Dollar 1.87 manata yüksələndə bu qədər dollar satan yox idi. Dünəndən etibarən hamı 1.75 manatdan əlində olan valyutalarını satmağa başlayıb. Fərdi qaydada dollar alqı-satqısı ilə məşğul olan şəxslərə adi gündə bir neçə nəfər dollar satırdısa, ötən gün 20-dən çox müraciət olub", deyə fərdi qaydada dollar satan şəxslər fins.az-a bildiriblər.

"Qara bazar"dan həmçinin bildiriblər ki, əhalinin satmaq istədiyi valyutanın həcmi 1000 dolları keçmir. Əsasən 100-500 dolları manata çevirirlər. "Məzənnə uyğun olduğu halda "qara bazar"dan dolların alqı-satqısı banklardan daha asan başa gəldiyi üçün insanlar adətən bu bazara üz tuturlar", - yazıda deyilir.

Bildirilir ki, "Qara bazar"dakı hazırki vəziyyət də əhalinin bankların "dollar tələsinə" düşməyə başladığını göstərir. "İqtisadçı-ekspertlər də manatın dollar qarşısında hazırki performansının heç bir iqtisadi əsasının olmadığını bildirirlər. Əsas məqsəd dolların müvəqqəti ucuzlaşdırılması ilə daha da ucuzlaşacağı görüntüsü yaradıb əhalini əllərində olan valyutanı satmağa sövq etməkdir", - yazıda deyilir.

Bu barədə daha geniş