AXCP və Müsavat partiyalarının Şəkidəki qərargahı niyə qapadılıb?

Qıfıl

AXCP və Müsavat partiyalarının Şəki şəhərindəki ofisindən çıxarılmasını partiyalar siyasi təzyiq hesab etsələr də, rəsmilər bununla razılaşmır.

"Bu mülkiyyətçi ilə partiyaların üzvləri arasındakı məsələdir. Biz müdaxilə edə bilmərik", - Şəki Şəhər İcra Hakimiyyətindən BBC Azərbaycancaya deyiblər.

Cümə axşamı AXCP və Müsavat partiyalarının üzvləri Şəki şəhərində ortaq istifadə etdikləri ofisdən çıxarılıb.

Müsavat partiyasının Şəki şəhər təşkilatının üzvü Həbibullah Manaflı deyir ki, onların ofisdən məcburi çıxarılması "qanuna uyğun deyil".

"Xəbərdarlıq edilməyib"

"Heç olmasa bizə bir neçə gün vaxt versəydi ədəb-ərkanla yığışa bilərdik", deyən partiya üzvü onlara ofisdən çıxarılacaqları barədə xəbərdarlıq edilmədiyini qeyd edib.

"Qəfildən gəlib əşyalarımızı çölə töküblər. Biz bu cür qanunsuzluğun əleyhinəyik", o əlavə edib.

Cənab Manaflı deyir ki, onların illərdir yerləşdiyi ofis özəlləşdirilib və ərazinin sahibi "mülkiyyətinə sahib çıxmaq istədiyini" deyib.

Partiya üzvü deyir ki, onlar hazırda əşyalarını tanışlarının evinin zirzəmisinə yığıblar.

Onun sözlərinə görə, onlara yerləşmək üçün daha əvvəl bir neçə ofis göstərilib.

"Oralar iclas üçün qeyri-münasib idi, biz razılaşmadıq həmin yerlərə getməyə", o deyib.

Həbibullah Manaflı onu da qeyd edib ki, gələn həftənin əvvəlində yeni ofis üçün Əmlak Komitəsinə müraciət edəcəklər, lakin o əlavə edir ki, məsələnin "müsbət həll olunmasına inamı azdır."

AXCP sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə, ərazinin özəlləşdirilməsi barədə partiya üzvlərinə heç vaxt məlumat verilməyib və mülkün sahibinin kimliyini də bilməyiblər.

"Bizim üzvləri çağırıblar ki, şikayət var. Mülkiyyətçi sizə deyib siz çıxmırsınız. Amma belə bir hal yoxdur. Mülkiyyətçi barədə sənəd tərtib etməyib", deyən partiya nümayəndəsi vəziyyəti "qərargahdan çıxarmaq üçün düşünülmüş plan" adlandırıb.

"Bu, təzyiq kampaniyasının bir hissəsidir". Gözəl Bayramlı deyib.

"Mülkiyyətçinin tələbi"

Şəki Şəhər İcra Hakimiyyəti isə bu deyilənlərlə razı deyil.

Qurum iddia edir ki, qərargah bir vətəndaşın mülkiyyətindədir. Həmin vətəndaş polis şöbəsinə ərizə ilə müraciət edib ki, kömək edilsin.

"Bu nə icra hakimiyyətinə, nə də başqa quruma aid məsələ deyil. Sırf partiya ilə vətəndaş arasında olan razılaşma əsasında baş verib", onlar qeyd edib.

İcra Hakimiyyətinin sözçüsü polisin əraziyə xəbərdarlıq etmədən gəlməsi barədə deyib ki, "bu problem təzə deyil, illərdir var, dəfələrlə polis də deyib, vətəndaş da".

"İndi vətəndaş ciddi surətdə tələb edib ki, çıxın", qurum bildirir.

İcra Hakimiyyəti baş vermiş hadisəni siyasi partiyalara təzyiq kimi dəyərləndirmir.

Partiyalara yeni ofisin verilməsilə bağlı isə, onlar məlumatsız olduğunu deyiblər.

Məsələ ilə bağlı Şəki rayon Polis şöbəsi BBC Azərbaycancaya deyib ki, onlarda "məcburi çıxarılma ilə bağlı məlumat yoxdur".

Həbslər

AXCP sədrinin müavini Gözəl Bayramlı onu da deyib ki, Şəkidə partiyaya qarşı "təzyiqlər" ötən həftənin sonundan başlayıb.

Onun sözlərinə görə, bazar günü partiyanın rayon şöbəsinin məclisi olub və bu hadisədən sonra partiya fəallarına qarşı "müəyyən təzyiqlər olub və onlar izlənilib".

"AXCP Şəki şöbəsinin sədri İslam Həsənovu fevralın 7-də yol polisi ilə münaqişə etməsi iddiası ilə bir gün polis idarəsində saxlayıblar. Sonra inzibati qaydada 25 sutka həbs verilib", o deyir.

Partiya sədrinin müavini qeyd edir ki, İslam Həsənovun qardaşı AXCP Şəki şöbəsinin gənclər komitəsinin sədri Samir Həsənov da fevralın 8-də polisə dəvət edilib və həbs edilib.

"Deyiblər, qardaşına yemək, siqaret gətir. Sonra döyüb, təhqir ediblər. Sənədə qol çəkdiriblər və inzibati qaydada 20 sutka iş veriblər".

DİN məsələ ilə bağlı BBC Azərbaycancanın suallarına cavab olaraq deyib ki, ancaq araşdırma apardıqdan sonra məlumat verə bilər.