Kubinka ustaları: "İki ay da belə davam etsə, başqa yerdə iş axtaracam"

90-cı illərin əvvəllərində Kubinkada salınan, illərdir fəaliyyət göstərən misgər və qalayçı dükanları və digər emalatxanalar bu gün durğunluq dövrünü yaşayır.

Dükan sahibləri və ustalar sifarişçilərin, müştərilərin yoxluğundan gileylənirlər.

Gülər Abbasovanın BBC Azərbaycanca üçün hazırladığı fotoreportaj.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

"Heç yadıma da gəlmir axırıncı sifariş nə vaxt olub. Vergi idarəsinə hesabat verməliyəm. Baxacaqlar gəlir yoxdur, inanmayacaqlar ki iş olmayıb" - bu sözləri Kubinka ərazisində işləyən tar ustası Rəşid Məmmədov deyir.

Ustanın sözlərinə görə il yarımdan çoxdur ki, emalatxanasına müştəri gəlmir. Qazancı olmadığından soyuqda elektrik enerjisinə də qənaət etməyə məcburdur.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

"Otuz il Layihə İnstitunda memarlarla işləmişəm. O vaxtlar da əlavə iş kimi tar düzəldib, satırdım. İdarə bağlanandan sonra tam bu işə keçdim.

Bir tanışım elə 90-cı illərdə emalatxana götürmüşdü, bir yerdə işləməyə başladıq. Tar düzəltməyi, təmir etməyi elə ondan öyrənmişdim. Sonra həmən tanışım çıxıb getdi. Mən də bura gəldim, emalatxanamı qurdum".

Usta Rəşidin sözlərinə görə əvvəllər ildə dörd-beş tar, kaman sifarişi alar, ya da təmir edərdi. Qazancı da rahat dolanışığa yetirdi. "İndi isə heç təmirə də gələn yoxdur".

Fotonun müəllifi GÜLƏR ABBASOVA

"Yetmiş yaşım var, bu vaxta kimi heç nəyin fikrini çəkməmişəm. İndi isə çətindir, işləmirəm. Təkcə pensiya alıram, o da 190 manatdır. Əlli il iş stajım var. Neft ölkəsinin vətəndaşı da bu qədər pensiya alar?" -usta əlavə edir.

Rəşid Məmmədov şəkərli diabetdən və ürək xəstəliyindən əziyyət çəkir. Deyir pensiyası ilə dərmanlarını ala bilmir.

"Şəkərə görə dövlətdən pulsuz dərmanlar alıram. Amma ürəyimdən əməliyyat olmuşam, üstəlik ayağıma da qan yaxşı işləmir. Həkim dərmanlar yazıb, almaq lazımdır. Aptekdə dedilər bir dərmanın qiyməti 65 manatdır. Ala bilmədim"- Məmmədov bildirir.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

"Bir -iki il əvvəl elə ay olurdu ki, 1000-2000 manat gəlirimiz olardı, indi aya 300-400 manatı güclə qazanırıq. Camaatda pul yoxdur deyə işimiz də zəifləyib." -46 yaşlı Mehman Eyvazov bildirir.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Mehman Eyvazov iyirmi ildir qalayçılıqla məşğul olur. Bu sənət nəsillikcə ata-babasından keçib.

Bir müddət Lahıcda işlədikdən sonra o, atası və qardaşları ilə birgə Dağıstana köçüb, orada fəaliyyətinə davam edib. Bakıya gələndən sonra isə qardaşı ilə birgə Kubinkada özünə emalatxana qurub. 1993-cü ildən bu emalatxanada çalışır.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Mehman ustanın sözlərinə görə iyirmi illik iş təcrübəsində ilk dəfədir ki belə maddi çətinlik yaşayır.

"Misin kilosunu əvvəllər 8 manata alırdıq, indi isə 19-20 manatadır. Müştərilərin də indi imkanı çatmadığına görə sifarişə gəlmirlər." -57 yaşlı misgər Zahid Eyvazov deyir.

Misgər bildirir ki, 2016-cı ilin sentyabrından bəri müştəri qıtlığı onun da işinə, qazancına təsir edib. Usta deyir ki, emalatxanada çalışdığı iyirmi dörd il ərzində belə ağır dönəm olmamışdı.

"Əvvəllər günə 20-30 manat qazana bilirdim. İndi dörd günə qazanıram o pulu." -Eyvazov çətin günlərdə qazandığı gəlirdən qənaətlə istifadə etdiyini qeyd edir.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

"Evində qazı olmayanlar gündəlik samovardan istifadə edirlər. Ona görə də təmir üçün ən çox samovar gətirirlər."- misgər əlavə edir.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

"İki ay da belə davam etsə, yəqin ki başqa yerdə iş axtarmalı olacam. Fikrim var, bəlkə yenidən Dağıstana getdim." -Zahid usta əlavə edir.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Ustanın dediyinə görə məhəllənin bəzi ustaları indi qazanc əldə edə bilmədiyindən peşəsini dəyişib fəhləliklə məşğul olurlar.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Bu barədə daha geniş