Mətbuat icmalı: Bakı-Gəncə istiqamətində sürətli qatarlar işləyəcək

Fotonun müəllifi Getty Images

"Azadlıq": "Vətəndaşları əllərindəki dolları kütləvi şəkildə satmağa vadar edirlər"

Son gönlər manatın dollara nisbətdə dəyər qazanmasını müstəqil ekspertlərin çoxu onun "üzməyə başlaması"na deyil, inzibati amilə bağlayır və prosesin uzun sürməyəcəyinə də diqqət çəkirlər.

İqtisadçı ekspert Qulu İbrahimli məsələyə fərqli yanaşır. O da başqaları kimi manatın güclənməsini süni sayır, amma bunun arxasında "Azərbaycan Beynəlxalq Bankı" amilinin dayandığını düşünür, kəskin qalxma və enmə ilə müşayiət olunan məzənnəni isə "ABB sindromlu məzənnə rejimi" adlandırır.

"Manatın indi bahalaşdırılması da ABB ilə bağlı siyasətdən qaynaqlanır. Məqsəd - ajiotaj yaratmaqla, vətəndaş və sahibkarları əl və hesablarındakı dollar vəsaitini kütləvi şəkildə satmağa vadar etmək və həmin valyutanı ABB-yə yönəltməkdir", - iqtisadçı belə düşünür.

Ekspert manatın məhz indi bahalaşdırılmasını Dövlət Neft Fondunun (DNF-nin) ötən il ABB-yə verdiyi 1 milyard ABŞ dolları məbləğində depozitinin geri ödəmə vaxtının yaxınlaşması ilə izah edib.

Belə ki, hərəsi 500 milyon dollar olmaqla, depozit bu ilin mart, aprel və may aylarında DNF-yə geri qaytarılmalıdır.

Ekspert deyir ki, hökumət "bir daşla iki quş vurmaq" niyyətindədir. O hesab edir ki, hökumət əhalinin əlindəki valyuta hesabına ABB problemini çözmək istəyir:

"İndi manatı inzibati yolla bahalaşdırmaqla süni ajiotaj yaradılır, vətəndaş və sahibkarların xarici valyuta vəsaitləri ucuz qiymətə əllərindən çıxarılır. Valyuta bazarından yığılan həmin vəsait ABB-nin DNF-yə olan 500 milyon dollar valyuta borcunun mart ayındakı qaytarılmasına yönəldilir.

Bəs DNF bu pulu nə edəcək? Bu fond da dolları Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında transfert öhdəliyinə yönəldəcək. Pul AMB-də də qalmayacaq. Mərkəzi Bank onu yenidən ABB-yə verəcək", qəzet ekpertə istinadən yazır.

"Azadlıq": Bir ayda Azərbaycanda onlarla adam qidadan zəhərlənib, bir uşaq ölüb

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri Nazim Feyzullayev bildirib ki, yanvar ayında Azərbaycanda 31 qida zəhərlənməsi faktı qeydə alınıb.

N. Feyzullayevin sözlərinə görə, ötən ay qeydə alınan 5 botulizm hadisəsi nəticəsində 10 nəfər zəhərlənib. Botulizmdən bir nəfər - 6 yaşlı uşaq ölüb.

Mütəxəssis həmin uşağın və ailə üzvlərinin ev şəraitində hazırlanmış pomidor turşusundan zəhrələndiyini deyib.

"Azərbaycan": Bakı-Gəncə istiqamətində sürətli qatarlar işləyəcək

Fotonun müəllifi Azərtac

Gəncə Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Gəncə istiqamətində dəmir yolu xəttinə saatda 100 kilometr məsafə qət edən qatarların buraxılması nəzərdə tutulub.

Yeni layihənin reallaşması ilə Gəncədən paytaxta 3-3,5 saata çatmaq mümkün olacaq.

Artıq bu məqsədlə "Azərbaycan Dəmir Yolları" QSC ilə "Stadler Rail Group" şirkəti arasında danışıqlar aparılır.

"Ötən il Gəncə Dəmir Yolu Vağzalı 44 mindən çox sərnişinə xidmət göstərib. Lakin, bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 19 min 546 sərnişin və ya 30,7 faiz azdır. Yeniliyin həyata keçirilməsi ilə sərnişin daşınmasına tələbat da artacaq.

Həmçinin 2016-cı ildə Qərb istiqaməti üzrə dəmir yolu nəqliyyatı ilə 1 milyon 815 min 726 ton yük daşınıb. Bu isə əvvəlki illə müqayisədə 17 min 669 ton çoxdur.

Eləcə də ötən il 37 min 770 vaqon yük daşınıb ki, bu da 2015-ci illə müqayisədə 3 min 15 vaqon artıqdır", - qəzet yazır.

"Xalq qəzeti": Prezident Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidentini qəbul edib

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Mülleri qəbul edib.

Prezident Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın yaxşı tarixi olduğunu məmnunluqla qeyd edərək, ölkəmizdə Dünya Bankının dəstəyi ilə çoxsaylı əhəmiyyətli layihələrin həyata keçirildiyini deyərək bu layihələrin infrastrukturun müasirləşdirilməsi baxımından önəmini vurğulayıb.

O, Azərbaycanda infrastrukturun inkişaf etdirilməsinin dövlət siyasətimizin mühüm hissəsi olduğunu bildirib. Prezident həmçinin Dünya Bankının uğurla icra olunan qlobal əhəmiyyətli "Cənub Qaz Dəhlizi" layihəsinə verdiyi maliyyə dəstəyini yüksək qiymətləndirib.

Qeyd edilir ki, söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorda ixrac potensialının artırılması, təhsil sistemində islahatlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Lent.az: Mehman Hüseynov 3 il azadlıqdan məhrum edilə bilər

Mehman Hüseynovun vəkili Elçin Sadıqov bildirib ki, Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunaraq cəzalandırılmasını xahiş edir.

Məhkəmə şikayəti təmin edəcəyi təqdirdə Mehman Hüseynovu iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyə bilər.

Daxili İşlər Nazirliyinin Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi bildirilir.

Əlaqəli mövzular