Dağlıq Qarabağda həlak olan Azərbaycan əsgəri Fuad Qafarov Xaçmazda dəfn edilib

Fuad Qafarov Fotonun müəllifi APA

Fevralın 11-də axşam saatlarında Dağlıq Qarabağda həlak olan Azərbaycan əsgəri, kiçik çavuş Fuad Qafarov bazar günü dəfn olunub.

APA-nın məlumatına görə, Xaçmaz rayonunun Niyazoba kənd sakini, 1988-ci il təvəllüdlü Fuad Qafarov köhnə Xaçmaz qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin xidmət etdiyi hərbi hissənin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər, məlumatda deyilir.

Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumatında deyilir ki, Dağlıq Qarabağda "ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu ... şəhid olub".

MN rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə "dərin hüznlə başsağlığı verir və səbr diləyir", məlumatda deyilir.

Fotonun müəllifi APA