Mətbuat icmalı: "Banklar spekulyasiya ilə hər gün azı 500 min dollar qazanc əldə edir"

Fotonun müəllifi Getty Images

"Yeni Müsavat": Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək" adlı yeni Tvinning layihəsinin rəsmi açılış mərasimində bildirib ki, hazırda dövlət qulluğuna qəbulda şəffaflığın təmin edilməsi, dövlət qulluğunun nüfuzunun artması bu sahəyə marağın da artmasına səbəb olub:

"Dövlət qulluğuna qəbul sahəsində başlanan islahatlar dövlət qulluğunun təkmilləşdirilməsi və peşəkarlığının artırılmasına xidmət edəcək.

Dövlət qulluğuna qəbul sahəsində mövcud vəziyyət ondan ibarətdir ki, insanların dövlət qulluğuna qəbulu üçün bütün şəffaf imkanlar, mühüm hüquqi mühit yaradılıb. Bütün mərhələlərdə vətəndaş-məmur əlaqələri minimuma endirilib. Amma bu proses davam etməlidir.

Eyni zamanda, bütün insanlar üçün dövlət qulluğuna qəbul əlçatan olmalıdır", deyə o qeyd edib.

"Azadlıq": "Banklar spekulyasiya ilə hər gün azı 500 min dollar qazanc əldə edir"

İqtisadçı Samir Əliyev deyib ki, "indiki spred (alış ilə satış arasındakı fərq) əsasında bankların dövriyyəsini hesablasaq görərik ki, banklar gündəlik aşağı qiymətə aldığı 7-8 milyon dolları baha qiymətə satdıqda təxminən 500-700 min dollar arası qazanc əldə edirlər"

İqtisadçı qeyd edir ki, banklar da aldıqlarından əlavə 1-2 milyon dollar satırlar və qazanclarını daha da artırırlar: "Tam üzən məzənnəyə keçidin mənfi fəsadlarından biri özünü göstərməkdədir. ...Artıq spekulyasiyanın nəticəsi olaraq dollar süni sürətdə ucuzlaşdırılır. Banklar vəziyyətdən sui-istifadə edərək alış qiymətini kəskin aşağı salıblar..."

Samir Əliyevin sözlərinə görə, banklar ölkə iqtisadiyyatını kreditləşdirməli olduqları halda aktiv valyuta alqı-satqısına girişiblər və bu fəaliyyət ilə gündə ən azı 600-900 min dollar qazanırlar: "Göründüyü kimi banklar aktiv spekulyasiyaya girişiblər. Cəmiyyətdə süni surətdə yaradılmış panika makroiqtisadi sabitlik üçün heç də yaxşı gələcək vəd etmir."

İqtisadçı Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası isə prosesə müdaxilə etmək əvəzinə müşahidə mövqeyi tutduğunu da diqqətə çatdırıb: "Bunun zərbəsi isə əhaliyə və sahibkarlara dəyir. Sonda isə iqtisadiyyat itirir".

"Azadlıq": Qadir İbrahimli: "Hökumət islahatlardan imtina edib"

Azadlıq.info iqtisadçı-ekspert Qadir İbrahimlidən aldığı müsahibəni dərc edib.

İqtisadçı bildirib ki, manatın sabitləşməsi üçün zəruri şərtlər hələ də təmin edilməyib: "Beynəlxalq Bank və SOCAR-la bağlı problemlər həllini tapmayıb. Hökumət 2 ildir Beynəlxalq Bankı sağlamlaşdıra bilmir. 2 ildə BB-də 2 dəfə rəhbərlik dəyişdirilsə də, bank hələ ki böhrandan çıxa bilmir. Baxmayaraq ki, son 2 ildə bankın sağlamlaşdırılmasına 8 milyard ayrılıb. Bu, balaca məbləğ deyil - büdcə xərclərinin 58 faizinə bərabərdir. ...Əslində BB-nin indiki vəziyyətə düşməsində SOCAR-ın da müstəsna "xidməti"var. Ölkənin ən iri bank və şirkətinin problemli vəziyyəti təbii ki, maliyyə sabitliyinin təmin edilməsinə əsas vermir", deyə o qeyd edib.

"Hökumət nəyə ümid edir?" sualına ekspert belə cavab verib: "Hökumət yaxın prespektivdə qaz gəlirlərinə və neftin yenidən bahalanmasına ümid edir. "Şahdəniz" qazının dünya bazarına çıxarılması gözlənilir. Ancaq bu optimist yanaşmadır. Sabah qazın bazarda neçəyə olacağını planlamaq mümkün deyil. Neftin yenidən fantastik həddə qədər bahalanması isə ümuiyyətlə real görünmür. Artıq dünyada alernativ enerji növlərinə maraq artıb və bu sahənin araşdırılmasına milyardlar ayrılıb. İlkin nəticlər müsbətdir. Alternativ enerji növlərinin tətbiqi isə neft və qazın qiymətlərinə öldürücü təsirlər göstərə bilər.

...2015-ci ilin sonunda neftin qiyməti 27 dollara enəndə hökumət şoka düşmüşdü və anti-böhran tədbirlərinə hazırlaşırdı. Ancaq neftin qiyməti tədricən 50 dollara çatandan sonra hökumət bu tədbirlərdən vaz keçdi. Neftin qiyməti 50 dolları ötəndən sonra isə hökumətdə "bəlkə də qaytardılar" ovqatı gücləndi. Hökumət rəsmən bəyan etsə də "nefti heç vaxt unutmayıb", deyə Qadir İbrahimli bildirib.

fins.az: Neft Fondunun aktivləri azalıb

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) bildirilirb ki, Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 mln. ABŞ dolları) nisbətən 1,27% azalaraq 2017-ci il yanvarın 1-nə 33 147 mln. dollara bərabər olub.

Həmçinin qeyd olunub ki, gəlirlərin xərcləri üstələməsinə baxmayaraq, Fondun aktivlərinin azalmasının səbəbi avro, funt sterlinq, türk lirəsi və Çin yuanı kimi valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi amili olub.

Əlaqəli mövzular