Dağıstanda “yeməksiz və susuz” saxlanılan Azərbaycanlılar buraxılıb

Saxlanılan azərbaycanlıların videoları sosial şəbələrə yerləşdirilib Fotonun müəllifi Youtube
Image caption Saxlanılan azərbaycanlıların videoları sosial şəbəkələrə yerləşdirilib

Dağıstanda tikinti obyektlərində işləyən yüzlərlə azərbaycanlı Dağıstanın miqrasiya xidməti tərəfindən qeyri-rəsmi şəkildə işlədikləri üçün 3 gün idman zalında yeməksiz və susuz saxlanılıb, saxlanılan işçilərdən biri BBC Azərbaycancaya bildirib.

Adının çəkilməsini istəməyən işçi, o və həmvətənlərinin 9 fevral səhər saatlarında saxlanılmasına rəsmi səbəbin tikdikləri binanın sahibinin hakimiyyət orqanlarına özünü təqdim etməməsi olduğunu bildirib.

Əvvəla 400-ə yaxın azərbaycanlı saxlandığını deyən mənbə, onlarla insanın nəzarət altında olduqları dövrdə qaçdığını bildirib. Məlumata görə sonda təxminən 200 nəfər saxlanılıb.

Şənbə günü buraxıldıqlarını deyən işçi, hər kəsin pasportunun götürüldüyünü və bazar günü yalnız patentləri olan işçilərin pasportlarının qaytarıldığını deyib. Patentli olan işçilərin sayı ən azı 60 olub.

Lakin o həmçinin bildirib ki, patentsiz işçilər çərşənbə axşamı günü məhkəməyə getməlidirlər.

O bildirir ki, məhkəmədən sonra ya onların pasportları qaytarılacaq, yada ki onlara 3 və 5 min rubl arasında cərimə veriləcək. Onlar həmçinin deportasiya təhlükəsi ilə üz üzədirlər.

İşçilərin çoxunun kreditləri olduğunu və ailələrini dolandırmaq üçün Dağıstanda işlədiklərini deyən müsahibimiz heç kəsin deportasiya edilmək istəmədiyini bildirib.

Keçən həftə cümə axşamı saxlanılan işçilər üç gün yeməksiz və susuz saxlandıqdan sonra, şənbə günü günorta saat 3-4 radələrində buraxılıblar.

Fotonun müəllifi Getty Images
Image caption Dərbənd şəhəri, Dağıstan, Rusiya.

İdman zalında saxlandıqlarını deyən şəxs onlara yemək və ya suyun verilmədiyini və hətta ayaq yoluna getdikdə silahlı gözətçilər tərəfindən müşayiət edildiklərini deyib.

BBC Azərbaycancaya danışarkən Dağıstan Respublikasının daxili işlər nazirliyindən Azərbaycan vətəndaşlarının saxlanılması təsdqilənib, lakin onların sayının 400 olması iddiasə rədd edilib.

Başqa məlumat verməkdən imtina edən rəsmi, yazılı şəkildə müraciətə cavab yazacağını bildirib, lakin bu məqalə dərc olunduğu zaman BBC Azərbaycancanın sorğusuna hələ ki, cavab gəlməyib.

Müsahibimiz, saxlanıldığı müddətdə onlara Azərbaycan səfirliyi və ya digər hökumət qurumlarından yardım və ya müraciət gəlmədiyini iddia edib.

Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycanın Rusiyadakı səfirliyindən şərh almaq mümkün olmayıb.

Bu barədə daha geniş