Fikrət Fərəməzoğlunun səhhəti "yaxşı deyil"

Faiqə Nüsrəti
Image caption Fikrət Fərəməzoğlunun həyat yoldaşı onun saxlanılma şəraitindən də narazıdır

Həbsdə olan jurnalist Fikrət Fərəməzoğlu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 34 gün saxlanıldığı zaman "ona verilən işgəncələrin fəsadlarının müalicə edilməsinə imkan verilmir", jurnalistin həyat yoldaşı BBC Azırbaycancaya deyib.

Ötən ilin iyun ayında Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə həbs edilən jurnalistin məhkəmə prosesi davam edir.

Onun həyat yoldaşı Faiqə Nüsrəti bu gün baş tutan mətbuat konfransında bildirib ki, jurnalistin müalicə müəssisəsinə köçürülməsi üçün dəfələrlə müraciət olunsa da, bu baş tutmayıb.

"Özümün apardığım dərmanları belə ona vermirlər", deyən Faiqə Nüsrəti jurnalistin səhhətindəıki ağrılara görə, "ağrıkəsici preparatlar" qəbul etdiyini əlavə edir.

Faiqə xanım Fikrət Fərəməzoğlunun saxlanılma şəraitindən də narazıdır.

"8 nəfərlik otaqda o qədər adam var ki, yatmağa yer yoxdur", o deyir.

Jurnalistin vəkili Elçin Sadıqov da mətbut konfransında çıxış edərək bildirib ki, Fikrət Fərəməzoğlu həbs edilən zaman onun müdafiə hüququ pozulub və jurnalist "işgəncələrə məruz qalıb".

Vəkil qeyd edib ki, bütün bu hallarla bağlı şikayətlərin bir hissəsi Avropa İnsan Haqları məhkəməsinə göndərilib.

Elçin Sadıqov çıxışında Fikrət Fərəməzoğlunun məhkəmə proseslərinin "uzadıldığını" deyib.

Onun sözlərinə görə, jurnalistin məhkəmə prosesi ötən ilin noyabrında başlasa da bu günə qədər olan proseslərdə cəmi 3 zərərşəkmiş dindirilib. O, məhkəmə proseslərinin təyin edildiyi vaxtların da doğru olmadığını bildirib.

Məhkəmə proseslərinin iş saatının bitməsinə az qalan vaxta təyin edilməsini vurğulayan vəkil bu prosesi "süründürməçilik" adlandırıb.

Elçin Sadıqov onu da qeyd edib ki, jurnalistin iş materiallarında onun cinayət törətməsi barədə "heç bir sübut yoxdur". Vəkil jurnalistin həbsini "söz azadlığının pozulması" kimi dəyərləndirib və onun yazılarına görə ittiham edildiyini əlavə edib.

Image caption Çərşənbə axşamı baş tutan mətbuat konfransıdan vəkillər, hüquq müdafiəçiləri və jurnalistlər iştirak edib

Mətbuat konfransında çıxış edən Əvəz Zeynallı Fikrət Fərəməzoğlunun rəhbəri olduğu "JAM.az" saytının girişin dayandırıldığını da qeyd edərək bu halı "söz azadlığının pozulması və internet məkanına müdaxilə" adlandırıb.

Çıxış edən "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev jurnalistin "34 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz olaraq saxlanıldığını və 12 gün ərzində əllərinin qandallandığını" bildirib.

Faiqə Nüsrəti "jurnalistin iki dişinin sındırıldığını" da qeyd edib. O, həmçinin, əlavə edib ki, "JAM.az" saytı başqa domenlə yenidən bərpa edilib.

Məsələ ilə bağlı DİN, Baş Prokurorluq və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən hələ ki şərh almaq mümkün olmayıb.

Bu barədə daha geniş