Elxan Süleymanov: Korrupsiya iddiaları "şər və böhtan"dır

Luka Volonte Fotonun müəllifi Getty Images
Image caption Milan prokurorları Luca Volonteyə qarşı korrupsiya ittihamını Ali Kassasiya Məhkəməsində təqib etməyə hazır olduqlarını bildiriblər

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Elxan Süleymanov APA xəbər agentliyinə ona və həmkarına qarşı korrupsiya ittihamlarının arxasında "ermənilər, ermənilərə xidmət edən daxili və xarici ermənipərəst, anti-Azərbaycan qüvvələri"nin dayandığını deyib.

Millət vəkili adlarını çəkmədən "fəal erməni lobbiçiləri kimi tanınmış bir neçə Qərb deputatı"nı AŞPA-nın qış sessiyasında ona qarşı "mənfur" hücumlarda ittiham edib.

Cənab Süleymanov Azərbaycanın iki AŞPA nümayəndə heyətindən milyonlarda dollar dəyərində rüşvət almaqla ittiham olunan italiyan deputat Luca Volonte-nin yanvarın 27-də keçirilən məhkəmə prosesindən danışıb:

"Milan prokurorluğunun ilkin istintaqlar üzrə Hakimlər Şurası İtaliya Xalqı adından bəyan etdi: "Luka Volonte Giuseppe barədə qaldırılan iddianın əsassız olması səbəbindən, onun öz səlahiyyətlərinin icrası zamanı rüşvət alması ittihamı üzrə cinayət təqibinə xitam verilməsinə qərar verilir". Bu qərar ölkəmə və mənə qarşı şəbəkələşmiş iftiraçıları ifşa etdi!"

İtaliya mediası isə Milan məhkəməsinin korrupsiya üzrə cinayət təqibinə xitam verilməsi qərarını, cənab Suleymanovun dediyi kimi "iddianın əsassız olması səbəbi" ilə deyil, hakimin fikrincə Luca Volontenin AŞPA üzvü kimi qazandığı "immunitetlik" ilə əlaqələndirib.

İtaliyanın Corriere della Serra qəzeti bildirib ki, prokurorlar qərara baxmayaraq korrupsiya ittihamını Ali Kassasiya Məhkəməsində təqib etməyə hazırdırlar.

Keçən ilin noyabr ayında İtaliyanın ictimai televiziyasının (RAI) Report verilişində, cənab Volonte Elxan Suleymanovla məsləhəti üçün 10 milyon dollar dəyərində müqavilə bağladığını etiraf edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş