Abituriyentlər hər iki qəbul imtahanında iştirakı seçə biləcək

imtahan Fotonun müəllifi APA

Azərbaycanda universitetlərə qəbul imtahanları mayda və iyulda keçiriləcək, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Rəsminin sözlərinə görə, çoxsaylı müraciətlərin olması səbəbilə belə qərar bir neçə ildir müzakirə edilib:

"Əvvəllər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət büdcəsindən maliyyələşdirildi və hər bir abituriyentə müəyyən bir məbləğ, xərc ayrılırdı. Biz həmin dövrdə imtahanları təkrar keçirə bilməzdik. Çünki bu büdcənin artmasına gətirib çıxara bilərdi", xanım Abbaszadə APA-ya bildirib.

Onun sözlərinə görə, indiyədək əvvəlki illərin məzunları üçün qəbul imtahanları mayda, cari ilin məzunları üçün isə iyulda keçirilirdi.

"Artıq bu xidmət bir növ pullu olduğu üçün abituriyentlərə əlavə imkan yaradılıb. Elmi nöqteyi nəzərdən də neçə ildir bu imtahanların tamamilə uyğunluğu müşahidə olunur."

Bundan sonra abituriyentlər onlara verilən ərizə formasında ya mayda, ya iyulda və yaxud hər iki imtahanda iştirak etmək istədiklərini qeyd edə biləcəklər.

Test imtahanlarında iştirakın qiymətinə gəlincə isə Məleykə Abbaszadə çərşənbə axşamı günündən Tarif Şurası ilə həmin istiqamətdə lazımi danışıqlara başlanıldığını qeyd edib.

Dövlət İmtahan Mərkəzinin təkliflərində peşə məktəbləri, ailə təhsilin bakalavr və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələri, Milli Elmlər Akademiyasında magistratura səviyyəsi, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək haqqının müəyyənləşdirilməsi istənilir.

Tarif Şurası prezident İlham Əliyevin 10 fevral sərəncamına əsasən bu təklifləri 15 gün ərzində dəyərləndirməlidir.

Xanım Abbaszadə imtahanların pullu olması ilə bağlı qeyd edib ki, təxminən yarım ildir son 3 il ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın büdcəsində olan vəsaitlərin necə xərclənməsinə dair araşdırmalar aparılıb.

Təhsil eksperti Şahlar Əsgərov eyni ildə iki dəfə qəbul imtahanında iştirak etməyi gənclər üçün "əlavə şans" hesab edir.

"Daha çox gənc ali təhsil alacaq, ali məktəblərə qəbul olanların sayı artacaq".

Bu barədə daha geniş