ABŞ və Rusiya hərbi rəsmiləri Bakıda görüşlər keçirib

Azərbaycanın müdafiə naziri Zakir Həsənov ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Joseph F. Dunford və onun rusiyalı həmkarı general Valeriy Gerasimov ilə görüşüb. Fotonun müəllifi MOD

Azərbaycanın müdafiə naziri Zakir Həsənov ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Joseph F. Dunford və onun rusiyalı həmkarı general Valeriy Gerasimov ilə görüşüb.

Nazirin general Dunfordla görüşündə Xəzər dənizində təhlükəsizlik məsələləri, kütləvi qırğın silahlarının yayılmaması, ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi, treninqlərin keçirilməsi və hərbi təhsil məsələləri müzakirə olunub.

General Gerasimovla görüşdə isə hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri və regional məsələlər barədə danışılıb.

Rusiyalı və amerikalı yüksək rütbəli hərbçilər fevralın 16-da Bakıda görüşməlidir, Pentaqon bildirib.

Pentaqonun bəyanatında deyilir ki, ABŞ rəsmisi Bakıda rusiyalı həmkarı general Valeriy V. Gerasimov ilə müxtəlif məsələləri, o cümlədən ABŞ və Rusiya arasında hərbi əlaqələrin mövcud durum və yanlış və potensial böhranların qarşısının alınması üçün hərbi idarələri arasında ardıcıl və dəqiq kommunikasiya əhəmiyyətini müzakirə edəcəklər.

New York Times qəzeti isə əlavə olaraq yazıb ki, generallar Rusiyanın şərqi Ukraynada gərginlik fonunda Amerika hərbi gəmilərinə hücumu və Moskvanın tarixi silahlara nəzarət müqaviləsi pozmasına dair hərbi dialoqu yeniləmək məqsədilə müzakirələr aparacaqlar.

Bu, 2014-ci ildən bəri Vaşinqton və Moskvadan hərbi rəislərin ilk təkbətək görüşüdür. General Dunford bundan əvvəl general Gerasimov ilə telefonda danışıb.

Qəzet yazır ki, onların görüşünün təşkili də asan olmayıb. Belə ki, ruslar general Dunford-dan Moskvaya və ya Belorusa gəlməyi xahiş edib, Pentaqon isə görüşün qərbi Avropada keçməsini istəyib.

Lakin cənab Gerasimovun Rusiyanın Ukraynadakı hərəkətlərinə görə səyahət sanksiyası tətbiq edilmiş şəxslər siyahısında olması səbəbilə Bakı neytral məkan kimi seçilib.

Fotonun müəllifi President.az

Bu səhər prezident İlham Əliyev general Joseph F. Dunford-un başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin (hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik) "uğurlu inkişaf etdiyi" qeyd edilib, prezidentin mətbuat xidməti bildirib.

Həmçinin onun səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.

Cənab Dunford Azərbaycana beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı və Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirib.

Əlaqəli mövzular