Mətbuat icmalı: Şəmkirdə ev heyvanlarına xəstəlik düşüb

  • 16 Fevral 2017
Fotonun müəllifi Getty Images

"Azərbaycan": Sabah İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

Fevralın 17-də İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli biznes forumun artıq 5-ci dəfə keçiriləcəyi bildirilib.

"Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq", - xəbərdə deyilir.

"Xalq qəzeti": Avropa İttifaqı neftə olan tələbatının 5 faizini Azərbaycanın hesabına ödəyir

"APA-Economics"in verdiyi xəbərə görə, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç (Maroš Šefčovič) "Caspian Energy News" jurnalına müsahibəsində bildirib ki, Xəzər dənizindən hasil olunan qazın Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub" qaz dəhlizi layihəsi strateji təşəbbüsdür.

"Azərbaycan Avropa İttifaqının əsas enerji tərəfdaşlarından biridir. Hazırda Avropa İttifaqı neftə olan tələbatının 5 faizini Azərbaycanın hesabına ödəyir. Lakin "Cənub" qaz dəhlizi layihəsinin icrası ilə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolu artacaq. Layihənin nəzərdə tutulan vaxtda icra olunması olduqca əhəmiyyətlidir", deyə o bildirib.

"Yeni Müsavat": Şəmkirdə ev heyvanlarına xəstəlik düşüb

Şəmkirdə fərdi təsərrüfatların birində xırda davarların kütləvi şəkildə tələf olması fermerləri narahat edir. Son bir neçə gün ərzində 30-a yaxın heyvanın hansı səbəbdən ölməsi məlum deyil.

"Mən hələ belə xəstəlik görməmişəm. Heyvanlar yeyə- yeyə ölürlər. Hamısı da sağlam qoyundur. Analiz də aparmışıq. Bakıya da göndərmişik. Hər bir yerə müraciət edirik. Bizə lazımdır ki, bu xəstəliyi bilək", təsərrüfat sahibi Həbib Hüseyn deyib.

"Şəmkir rayon Baytarlıq İdarəsinin həkimləri ölən heyvanlardan nümunələr götürərək Tovuz və Respublika Baytarlıq Laboratoriyalarına təqdim ediblər. Tovuz Baytarlıq Laboratoriyasının rəyinə əsasən heyvanlarda heç bir yoluxucu xəstəlik aşkarlanmayıb. Paytaxta göndərilən nümunələrin cavabı isə hələ gəlməyib. İlkin ehtimal kimi, heyvanların ölmə səbəbinin saxlanma şəraiti ilə əlaqəli olduğu deyilir", - xəbərdə deyilir.

"Pataloji yarma zamanı hamısında eyni şəkildə ürəyin böyüməsi, ağciyərin və qaraciyərin məhvi, ödün sıradan çıxması, nazik bağırsaqlarda isə qan sızması müşahidə olunub..." - Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi Məmməd Qasımov deyib.

"Azadlıq": Bir ayda banklardan 604 milyon dollar çəkilib

Fotonun müəllifi Reuters

İqtisadçı ekspert Nemət Əliyev Facebook səhifəsində paylaşdığı məlumatda bildirib ki, Azərbaycanda bankların əmanət və depozitləri bir ayda 604 milyon dollar azalıb.

İqtisadçı yazır ki, hökumət banklardan kənara maliyyə axınının qarşısını ala bilmir. Onun sözlərinə görə, tən ilin dekabrında əhalinin banklarda dollarla saxladığı əmanətlərin həcmi 216 milyon dollar azalıb. Maliyyə və qeyri-maliyyə təşkilatlarının xarici valyutada saxladığı depozitlərin həcmi isə 277 milyon dollar düşüb. Bu dövrdə manatla saxlanan əmanət və depozitlərin ümumi həcmində də 72 milyon manat azalma qeydə alınıb.

"İqtisadçı ümumiləşdirmə apararaq, azalmanı dollarla ifadə edib - 604 milyon.

Beləliklə, aydın olur ki, maliyyə-resurs imkanlarının daralması səbəbiylə bankların vəziyyəti dekabrda daha da pisləşib. Böhranın durdurulmasına dair verilən rəsmi anonslara inanmalı olsaydıq, gərək əksi olaydı, depozit və əmanətlərin həcmi artaydı. Lakin faktlar rəsmi anonsların əksini, yəni pisləşməni təsdiq edir. Təsdiq edir ki, bank əmanətləri son bir ildə 1,9 milyard dollar, son iki ildə 5 milyard dollar azalaraq 4,2 milyarda düşüb", - yazıda deyilir.

fins.az: Monopolistlər bahalaşmadan nə qədər qazanır?

"Fevral ayının birinci yarısında Azərbaycan manatı dollarla müqayisədə 10 faiz dəyər qazansa da, istehlak bazarında qiymətlər orta hesabla 20 faiz bahalaşıb.

Aparılan araşdırmadan görünür ki, bahalaşma əsasən xalqın gündəlik istehlak etdiyi idxal ərzaq məhsulları ilə bağlı baş verib. Məsələn, son 15 gündə kərə yağının kiloqramı 11 manatdan 13 manata, bananın kiloqramı 2 manatdan 2,5 manata qalxıb", - yazıda deyilir.

Fins.az yazır ki, idxal məhsullarının bahalaşması yerli ərzaqın qiymətinə də təsir göstərib. Məsələn, fevralın birinci yarısında mal ətinin kiloqramını 10 faiz bahalaşaraq 10 manatdan 11 manata qaldırılıb. Göyərtinin dəstəsi 15 qəpikdən 20 qəpiyə, yerli almanın kiloqramı 1 manatdan 1,5 manata, yerli mandarinin kiloqramı 1,3 manatdan 1,6 manata və s. qalxıb.

Təbii ki, ailələrin ərzaq üçün xərcləməli olduğu məbləğ də artıb. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Azərbaycanda minimum istehlak səbətinin tərkibi" əsasında araşdırdıqda bahalaşmadan öncə Bakıda bir nəfər ailə üzvünün aylıq ərzaq xərci 78 manata bərabər idisə, bahalaşmadan sonra bu rəqəm 20 faiz, yəni təxminən 15 manat artıb. Beləliklə, 4 nəfərlik orta Bakı ailəsi ərzağa ayda 60 manat artıq pul xərcləməlidir.

İqtisadçı ekspert Qubad İbadoğlu bu problemin oliqarx-məmurlara məxsus şirkətlər tərəfindən yaradıldığını bildirir:

"İdxal olunan ərzaq məhsulları və məişətdə istifadə olunan malları Azərbaycana gətirən və onun topdansatışı ilə məşğul olan şirkətlərin həmin məhsullar üzərində monopoliyası və ya oliqopoliyası mövcud olduğundan onların qiymətlərə nəzarətini və təsirlərini saxlanılmaqdadır. Əsasən oliqarx-məmurlara məxsus olan bu şirkətlər hazırkı şəraitdə məzənnə fərqindən də qazanmaqla daha çox gəlir əldə edirlər", - Qubad İbadoğlu deyib.

O, çıxış yolunun yetkin və sərbəst bazar iqtisadi modelinə keçidi təmin edən liberallaşdırma islahatlarında olduğunu bildirib.

Əlaqəli mövzular