Mətbuat icmalı: Faiq Əmirliyə münasibətdə Əliyevin sərəncamı işləmədi

Fotonun müəllifi Getty Images

"Azadlıq": Avropa Məhkəməsi hökuməti yenə cəzalandırdı - bu dəfə 138 min 870 avro

Avropa İnsan Haqları Məhkəməsi ötən gün Azərbaycandan göndərilmiş 16 şikayət üzrə qərarını açıqlayıb. Bu qərarlar 11 nəfər şikayətçinin ərizələri əsasında çıxarılıb.

"Qərarlarda ərizəçilərin qanunsuz həbs olunmaqla azadlıq hüququnun, aksiyalarda iştiraka görə saxlanılmaqla və ya cərimələnməklə sərbəst toplaşma azadlıqlarının, həmçinin yerli məhkəmələrdə şikayətlərinə obyektiv baxılmamaqla ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğu təsdiqlənib", - deyə xəbərdə göstərilir. Vətəndaşların Avropa Konvensiyasında təsbit olunan hüquqlarının pozulmasına görə ümumilikdə 138 min 870 avro kompensasiya müəyyənləşdirilib. Məlumatı "Azadlıq"a 11 ərizəçidən 10-nun Avropa Məhkəməsində hüquqlarını müdafiə etmiş vəkil Əsabəli Mustafayev verib.

"Gözəl Bayramlının işində Avropa Məhkəməsi belə nəticəyə gəlib ki, dövlət ona 12 min avro kompensasiya ilə yanaşı, həm də aksiyada iştiraka görə cərimələnib ödədiyi pulu (1900) ödəməlidir.

Avropa Məhkəməsinin Azərbaycanla bağlı qüvvəyə minmiş bir sıra qərarlarının icra olunmaması, ərizəçilərə kompensasiyaların ödənilməməsindən danışan Əsabəli Mustafayev deyir ki, hökumət bu məsələdə çox uzağa gedə bilməyəcək. Vəkilin sözlərinə görə, Avropa Məhkəməsinin qərarlarının icrası ölkə üçün məcburidir. Bu məsələ ilə əlaqədar şikayətlərin sayı artsa, qərarların icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinin sərt qərarları ortaya çıxa bilər", - deyə yazıda qeyd edilir.

"Azadlıq": Faiq Əmirliyə münasibətdə Əliyevin sərəncamı işləmədi

"Prezidentin alternativ cəzaların tətbiqi ilə bağlı sərəncamından üç gün keçib, amma göründüyü kimi, əməl olunmur", - "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin vəkili Aqil Layıcov deyib.

Fotonun müəllifi courtesy

"Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində Faiq Əmirlinin səhhətindəki problemlərlə əlaqədar həbsdən ev dustaqlığına buraxılması haqda şikayətə baxılıb.

Qapalı keçirilən məhkəmə iclasında Faiq Əmirli özü də iştirak edib. Məhkəmədən sonra vəkil Aqil Layıcov "Azadliq"a bildirib ki, Faiq Əmirlinin yetərincə arqumentlər ortaya qoysalar da, məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Vəkilin sözlərinə görə, məhkəmədə Faiq Əmirli özü də çıxış edib. Deyib ki, verilmiş ittihamın ona qətiyyən aidiyyəti yoxdur. Aqil Layıcov hesab edir ki, işə baxan hakimlərin özləri də bunu yaxşı bilir", - qəzet yazır.

"Düşünürəm ki, bu işlə bağlı hakimlərin daxili inamı ilə verdikləri qərar bir-birindən tamam fərqlidi", deyə vəkil bildirib.

""Azadlıq" qəzeti hesab edir ki, Faiq Əmirlinin həbsi həm də qəzetin susdurulmasına hesablanmış addım idi. Təsadüfi deyil ki, Faiq Əmirlinin həbsindən bir müddət sonra "Azadlıq" qəzetinin çapı da dayanıb", - yazıda deyilir.

"Xalq qəzeti": Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib

Fotonun müəllifi President.az

Fevralın 16-da Prezident ¬İlham Əliyev 53-cü Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib.

"Azərbaycan": Münxendə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsi müzakirə edilib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Riçard Hoaqland (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

"Görüşdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb", - xəbərdə deyilir.

fins.az: Prezident "MAN SE" şirkətinin rəhbəri ilə görüşüb

Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Prezident İlham Əliyev fevralın 17-də Münxendə "MAN SE" şirkətinin baş icraçı direktoru Yoaxim Drislə görüşüb.

Görüşdə Yoaxim Dris Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizdə irimiqyaslı layihələrin həyata keçirildiyini, nəqliyyat dəhlizləri ilə bağlı gedən proseslərdən məmnun qaldıqlarını, respublikamızda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib.

Prezident İlham Əliyev əməkdaşlıq imkanlarının araşdırılması üçün "MAN SE" şirkətinin nümayəndələrini Azərbaycana səfərə dəvət edib.

"Yeni Müsavat": Ziya Məmmədov alqışlarla yola salındı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ləğv edilən nazirliyin inzibati binasına gələrək, orada nəqliyyat işçiləri ilə görüşüb. Görüşdə sabiq nazir Ziya Məmmədov da iştirak edib. Ramin Quluzadə yeni nazir kimi nəqliyyat işçilərinin qarşısına çıxaraq onlara gələcəkdə görüləcək işlər barədə məlumat verib.

Ziya Məmmədov alqışlarla yola salınıb.

Fevralın 20-də keçmiş Nəqliyyat Nazirliyinin strukturlarının fəaliyyəti ilə bağlı ictimayyətə geniş məlumat veriləcəyi bildirilir.

Əlaqəli mövzular