Mətbuat icmalı: "Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb"

Fotonun müəllifi AFP/ Getty

"Azadlıq": Polis mühacirətdəki azərbaycanlı fəalı bacıları ilə imtahana çəkir

Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın bacıları fevralın 18-də Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparılıblar.

Bloqqer Meydan TV-yə bildirib ki, zəng gəlib və bacılarının polisin əlində olduğu bildirilib. Teymurxan polis əməkdaşları ilə telefon danışığının səs yazısını da Meydan TV-yə təqdim edib.

Səs yazısında adı açıqlanmayan polis əməkdaşı Teymurxana "Sən kişi olsaydın bacılarını bura gətirməzdik" deyir və onu hədələyir.

Orduxan Teymurxan baş verənlərlə bağlı beynəlxalq təşkilatlara məlumat verəcəyini bildirir.

"Bloqqerin sözlərinə görə, ailəsi onun xaricdəki fəaliyyətinə və Azərbaycan hakimiyyətinə qarşı söylədiyi tənqidi fikirlərinə görə incidilir. Ailəsindən Teymurxanın fəaliyyətinə son qoyması tələb edilir.

Bir müddət əvvəl bloqqerin bacısı, bacısı oğlu və yeznəsi mətbuat vasitəsilə ondan imtina etdiklərini bəyan etmişdi.

Meydan TV 32-ci polis bölməsi ilə əlaqə saxlayıb. Özünü bölmənin rəisi kimi təqdim edən şəxs "...bölməyə heç bir qadın gətirilməyib" cavabını verib.

Teymurxan bu məlumatı ictimailəşdirəndən bir neçə saat sonra bacılarının hələ də polisdə saxlandığı və incidildiyi barədə ikinci videoçəkiliş yayıb.

Çəkilişdə Temirxan telefonla bacıları ilə danışır. Ona zəng gəlir və bacıları ağlayaraq, hələ də polisdə saxlandıqlarını və işgəncəyə məruz qaldıqlarını bildirirlər, Teymurxandan "sakit durmasını" xahiş edirlər", - yazıda deyilir.

"Azadlıq": İsmayıllıda jurnalisti həbs ediblər

İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllı fevralın 17-də saat 16.00 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Ayın 17-dən 18-nə keçən gecə saat 2 radələrində 8 nəfərlik qrup onun kirayədə qaldığı evə gələrək axtarış aparıblar. Səbail məhkəməsinin qərarı ilə həyata keçirilmiş axtarış zamanı evdən ona məxsus kompüterlər, bəzi sənədlər və əşyalar götürülüb.

Məlum olub ki, İsmayıllını DTX və Respublika Prokurorluğunun əməkdaşları həbs edib. O, həmin gecə İsmayıllı rayon polis idarəsində saxlanılıb.

"18 fevralda səhər saatlarında DTX və Respublika Prokurorluğunun əməkdaşları Elçin İsmayıllını özləri ilə Bakıya gətiriblər.

Elçin İsmayıllıya Cinayət Məcəlləsinin 182.2.2 və 308.2-ci maddələri ilə ittiham irəli sürülüb və 18 fevralda onun barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 24 sutka həbs qətimkan tədbiri seçilib. Elçin İsmayıllı hazırda Kürdəxanıda istintaq təcridxanasında saxlanılır.

İsmayıllı həm də siyasi fəaliyyətlə məşğuldur, AXCP Ali Məclisinin İsmayıllıdan seçilmiş üzvüdür. AXCP-dən bildirilib ki, İsmayıllının ailəsinin verdiyi məlumata görə, onun həbsinin sifarişçisi İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovdur.

Ailəsinin bildirdiyinə görə İsmayıllını icra hakimiyyəti başçısının qanunsuz əməllərini ifşa edən yazılar yazdığına görə sifarişlə həbs ediblər", deyə qəzet yazır.

"Azadlıq": Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu - SIPRI-nın silahlanma haqda "Silahla təchizatda beynəlxalq meyllər-2016" adlanan illik hesabatında Azərbaycanın da həmişəkindən çox silah aldığı qeyd olunur.

Dünyanın 40 ən böyük silah istehsalçısının müştəriləri siyahısında Azərbaycanın 21-ci yeri tutduğu bildirilir.

"Hesabatda Ermənistanla müqayisədə Azərbaycanın dəfələrlə çox silahlandığı vurğulanır. 2012-2016-cı illərdə Azərbaycanın silah idxalını 2007-2011-ci illərə nisbətən 75% artırdığı, Ermənistandan 20 dəfə artıq silah aldığı qeyd olunur.

Həm də Azərbaycanın müxtəlif tipli döyüş ləvazimatlarıyla təchiz olunduğu, tank, zirehli maşın, ballistik raket əleyhinə müdafiə sistemləri, döyüş təyyarələri əldə etdiyi deyilir.

Ermənistanda isə diqqəti çəkən 280 km-lik raket kompleksinin alınması olub. Hesabatda bu raketin Azərbaycanın, az qala, istənilən nöqtəsini vurmaq iqtidarında olduğu vurğulanır", - Azadlıq Radiosuna istinadən dərc edilən yazıda deyilir.

Hesabatda həm Ermənistan, həm də Azərbaycanın əsas silah təchizatçısının Rusiya olduğu göstərilir.

"SIPRI-nın hesablamalarına görə, 2012-2016-cı illərdə Rusiya istehsalı olan silahların 4-5%-ni Azərbaycanla Venesuela alıb. İsrailin ixrac etdiyi silahların 13%-nin, Belarus silahlarının 11%-nin müştərisi Azərbaycan olub.

Hesabatda Azərbaycanın 2012-2016-cı illərdə idxal etdiyi silahların 3.6%-ni Belarusdan, 22%-i İsraildən, 69%-ni Rusiyadan aldığı göstərilir", deyə məqalədə qeyd edilir.

"Azərbaycan": Azərbaycan "İDEX-2017" beynəlxalq müdafiə sənayesi sərgisində təmsil olunur

Əbu-Dabinin Milli Sərgi Mərkəzində 13-cü Beynəlxalq konfrans və "İDEX-2017" müdafiə sənayesi sərgisi açılıb.

Sərgi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət şeyx Xəlifə bin Zayed Al Nəhyanın himayəsi altında keçirilir.

Azərtac xəbər verir ki, sərgidə Azərbaycanı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin, müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədovun və Daxili İşlər Nazirliyinin baş maddi-texniki təchizat idarəsinin rəisi Elçin Həsənovun başçılıq etdikləri dörd nümayəndə heyəti təmsil edir.

"Yeni Müsavat": Prezidentin Münhen görüşləri Azərbaycana nə verir?

İlham Əliyev 17-19 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İsrailin müdafiə naziri Aviqdor Liberman, Türkiyə baş naziri Binəli Yıldırım, Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç, həmçinin, Kiyev şəhərinin meri Vitali Kliçko, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Prezident bundan başqa "Kaspersky Lab" şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski ilə bir araya gəlib, enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masaya, digər toplantılara qatılıb.

Tədbir çərçivəsində Azərbaycan prezidenti "Əl-Cəzirə" televiziyasına geniş müsahibə də verib.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Münhen Təhlükəsizlik Konfransında təkcə təhlükəsizlik məsələlərin müzakirə edilmədiyini, həm də ikili münasibətlərlə bağlı fikir mübadiləsi aparıldığını, gələcək sazişlərin imzalanması üçün bir növ bünövrə qoyulduğunu bildirib.

Əlaqəli mövzular